Qabil Hüseynli: “Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir”
AXCP-nin “Milli Şura”sı 90-cı illərdə qalıb
Araz Əlizadə: “Taktikaları Azərbaycanı faciəyə aparır”
Qabil Hüseynli: “Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir”
Qabil Hüseynli: “Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir”
"Milli Şura”nın xarici antiazərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdləri ziyalılar, siyasət adamları, ümumilikdə cəmiyyətdə kəskin etirazlar doğurub. Təsadüfi deyil ki, eks-prezident Ayaz Mütəllibov da daim onlar
haqqında tənqidi fikirlər səsləndirib və bu adamların iç üzünü açıb ortaya qoyub. A.Mütəllibov "Milli Şura”da aparıcı qüvvə olan cəbhəçilər və onların sələfləri haqqında da danışıb:
"AXCP 1990-cı illərdəki səviyyələrində qalıb. Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın. Həbslər başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub. Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar”. Eks-prezidentin fikirlərində, əslində, böyük həqiqət var. 1990-cı illərin düşüncəsi, taktikaları bu adamların beyinlərindən silinməyib. Buna sübut kimi AXCP fəallarının daim radikal çağırışlar etməsini, hədələrlə ya müsavatçılara, ya da hakimiyyət nümayəndələrinə qarşı çıxmalarını göstərmək olar. Bu cür bəyanat və çağırışlara sosial şəbəkələrdə rastlaşmaq mümkündür. Müxalifət nəinki iqtidara, eləcə də dövlətə, xalqa qarşı qisas hissi ilə yaşayır. İllər öncə müxalifət liderlərinin xalqa qarşı səsləndirdikləri aqressiv fikirləri indi də onlar sözbəsöz təkrarlayırlar. Eyni ideologiya, eyni mübarizə taktikası əslində müxalifətin xalqa və dövlətə qarşı münasibətinin dəyişmədiyini açıq şəkildə ortaya qoyur. Qisas hissi ilə alışıb-yanan AXCP fəalları statuslarında "hakimiyyətə gələcəkləri” təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildiriblər. Bu qədər absurd və təhdid dolu fikirlər səsləndirən siyasətçilərdən necə idarəçi olar axı? Bu adamların beynində hələ də 90-cı illərdə olduğu kimi, dağıtmaq, atmaq, kəsmək, xaos yaratmaq, hədələmək yaşayırsa, onlar siyasi arena üçün doğrudan da böyük təhlükə sayılırlar. Media nümayəndələri siyasi partiyaları haqlı olaraq tənqid edirsə, onları hədələmək ən azından anormallıqdır. Cəbhəçilərin solçulara nifrət bəsləməsinə münasibət bildirən millət vəkili Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadə AXCP-nin nə vaxtsa hakimiyyətə gəlməsini nağıl, cəbhəçilərin mövqeyini isə bədbəxtlik adlandırıb: "Onlar xəstə təxəyyüllü insanlardır. Taktikaları Azərbaycanı faciəyə aparır. ASDP sədri bildirib ki, mitinqə gələnlərin hamısı "Milli Şura” rəhbərlərinin qohum-əqrəbası olub: "Xalq onları dəstəkləmir, çünki xalqın onlara inamı 25 il bundan əvvəl itib. Ona görə də Qərb ölkələrinin səfirlərinə mitinqə on minlərlə adam çıxaracağını vəd edən Əli Kərimli stadionun yarısını doldura bilmədi. Mitinqin mənasız olduğunu görən azsaylı iştirakçılar aksiya başlayandan 10-15 dəqiqə sonra meydanı tərk ediblər. Aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların "Milli Şura”nın iddialarına qeyri-ciddi yanaşdığını açıq göstərdi”. A.Əlizadə əlavə edib ki, "Milli Şura”nın daha bir mitinq təyin etməsinin məqsədi alınan pulların hesabatını verməkdir: "Bir insan işləmir, lakin uşaqlarını xaricdə oxutdurur, cangüdənlərlə gəzir, axı haradandır bu pullar?! Pulların hamısı mitinq keçirməyə görə verilir”.
Politoloq Qabil Hüseynli də bildirib ki, Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir: "Siyasətçilər insanları aldadıblar, söz veriblər, amma nəzərdə tutulan hədəflərə çata bilməyiblər. Ümumiyyətlə, müxalifət partiyalarının gücü qalmayıb, parçalanıb. 31 müxalifət partiyasının ancaq ikisi-üçü mitinqə qatılır. Müxalifətin siyasi inteqrasiyası bərbad vəziyyətdədir, hamısı bir-biri ilə mənasız rəqabət aparır”.
Bir məsələni vurğulayaq ki, "Milli Şura” və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub. Üstəlik, hüquq-mühafizə orqanları mitinq iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Bundan başqa, AXCP fəalları uzun müddət sosial şəbəkələrdə insanları aksiyaya dəvət ediblər. Daha dəqiq desək, iyrənc metodlarla aksiyaya adam yığmağa çalışıblar. Dini radikalizmin nümayəndəsi Taleh Bağırovun ictimaiyyətə müraciəti bunun sübutudur. Lakin bütün cəhdlərə baxmayaraq, özünü radikal müxalifət adlandıran kəsimin aksiyasına çox az adam gəlib. Müşahidələr deməyə əsas verir ki, müxalifətin aksiyası 20 il bundan əvvəlki mitinqlərdən heç nə ilə fərqlənməyib. Daha dəqiqi, müxalifət köhnə şineldə olduğu kimi qalıb, şüarlar, tələblər müxalifətin hələ də yerində saydığını təsdiq edir. Ona görə də ictimaiyyət nümayəndələri hesab edirlər ki, müxalifətin referendumqabağı aksiya keçirməkdə yeganə məqsədi ölkədə siyasi sabitliyi pozmaq olub.
İsmayıl