199-un sürücülərindən növbəti özbaşınalıq: "Elə ki axşam düşdü... " - BNA hara baxır ?





Bakı -Xırdalan istiqaməti üzrə hərəkət edən 199 saylı marşrut avtobusundakı özbaşınalıqlarla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. "Sherg.az"ın xəbərinə görə, sərnişinlər bu marşrut xəttində xüsusilə axşam saatlarında ciddi qayda pozuntularına yol verildiyini iddia edirlər. 

Məlumatda qeyd olunur ki, axşam saatlarında sürücülər işə çıxmır, avtobusların idarəsini ya heç bir sürücülük təcrübəsi olmayan övladlarına , ya da hər dövriyyəsinə 10 manat ödəməklə ayr-ayrı gənclərə həvalə edirlər. Şübhəsiz ki, həmin gənclər hər hansı bir məsuliyyət daşımadıqlarına görə, nə sərnişinlərlə davranış qaydalarına, nə də yol-hərkəti qaydalarına məhəl qoyurlar. Nəticədə isə çox təhlükəli qəza vəziyyətləri yaranır və bu da "sürücü"lərlə sərnişlər arasında böyük qarşıdurmalara səbəb olur.

Sərnişinlər bu şikayətlərinin Bakı Nəqliyyat Agentliyinə (BNA) bir mesaj olduğunu vurğulayıblar:" Biz həyatımızı sığortalamaq üçün bunları edirik. Mətbuat vasitəsilə BNA-nın diqqətinə çatdırırıq ki, bir gün 199 nörməli marşrut avtobusları da digər ağır qəza törədən sərnişindaşıma avtobuları kimi çox böyük sayda insan tələfatına səbəb olan qəza törədəcək.

Onda həmin qəzada dünyanısını dəyişənlərin həyatını geri qaytarmaq mümkün olmayacaq. BNA-dan xahiş və tələb edirik ki, bu marşrut xəttində çalışan sürcüləri "Gözdən uzaq qəlbdən qırağıq" deyib, rolu istədikləri adama həvalə etmələrinə son qoysun. 199 saylı marşrut avtobusuna çox ciddi nəzarət lazımdır. Çünki burada çalışan sürüclərin əskəriyyəti hüquqi, demokratik bir ölkədə yaşadıqlarını unudublar" .

Sözügedən marşrut xəttində yaranmış vəziyyətlə bağlı "Sherg.az”a danışan Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev isə sakinlərdən hələlik şikayət daxil olmadığını söyləyib:

"Lakin sizin müraciətiniz əsasında məsələ araşdırılacaq. İddia edildiyi hallar varsa, təbii ki,müvafiq tədbir də görüləcək. Sərnişinlərin rahatlığı, təhlükəsizliyi bizim üçün olduqca vacibdir. Bununla bağlı qaydalara əməl etməyənlər barədə hər zaman sərt tədbirlər görülür. Müvafiq addımlar atılacaq”.

Aysel Aslan