2015-ci il az fərqli olacaq

Parlamentdə Müsavat, AXCP nümayəndələrindən heç kim təmsil olunmayacaq



2015-ci ilə dağınıq adlayan müxalifət düşərgəsi yenidən toparlanmaq və blok halında parlament seçkilərinə hazırlaşmaq qərarına gəlib. Belə ki, AXCP-ni real müxalifət qüvvəsi hesab etdiklərini bəyan edən Müsavat Partiyasının rəhbərliyi cəbhəçilərə müttəfiqlik təklif edib. Mərkəzi Aparatın rəhbəri Gülağa Aslanlı Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalara da müttəfiqliklə bağlı təklif göndəriləcəyini deyib.

Görünən odur ki, müxalifət partiyaları 2015-ci il parlament seçkilərində bir araya gəlmək üçün birlik formatı axtarışındadır. Müxalifətin digər qanadı da seçkilərə blok halında qatılmaq niyyətindədir. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri, KXCP sədri Mirmahmud Mirəlioğlu da açıqlamasında bildirib ki, mərkəzin parlament seçkilərində birlik olaraq iştirak etməsi istiqamətində müzakirələr, məsləhətləşmələr başlayıb: "Müxalifət partiyalarının parlament seçkilərində blok kimi iştirakı mümkündür və lazımdır. Amma reallaşıb-reallaşmayacağı zamanın işidir”. Amma əksər siyasi ekspertlər hesab edirlər ki, müxalifət partiyaları bu və ya digər formada bir araya gəlməyə nail olsalar da, seçkidə uğur qazanmayacaqlar.

Siyasi şərhçi Azər Rəşidoğlu "Şərq”ə verdiyi açıqlamada deyib ki, indiki müxalifət birlik şəklində parlament seçkilərinə getsə belə, heç bir uğur qazana bilməyəcək: "Biz uzun illər Müsavat və AXCP arasındakı mübarizənin, çəkişmənin şahidi olmuşuq. Ona görə də müxalif partiyalar arasında birliyin yaranacağı bizə inandırıcı görünmür. Amma buna baxmayaraq, hər seçki öncəsi müxalifət partiyaları müəyyən siyasi bloklar halında birləşmək təşəbbüsü göstərirlər. Ola bilsin ki, parlament seçkiləri ərəfəsində də hansısa blok yaransın. Amma burda məsələ Müsavat və AXCP-nin nə istədiyi yox, Qərbin hansı təklifdən çıxış edəcəyidir. Məsələn, Qərb dairələrindən təklif gələrsə, o zaman müxalifət partiyaları bir araya gələrək yeni siyasi blok yarada bilərlər. Ancaq sual budur ki, yaradılacaq həmin birliklərin effekti olacaqmı? Mən ümumiyyətlə düşünürəm ki, Azərbaycan siyasətində nümunələr, paradiqmalar kökündən dəyişməlidir. Köhnə, ənənəvi üsullarla müsbət nəyəsə nail olmaq mümkün deyil. Siyasətdəki cansıxıcı mühit hamını boğaza yığıb. Üç-beş müxalifət partiyasının bir araya gəlməsi və ya əksinə, bir-biri ilə mübarizə aparması qlobal prosesə təsir göstərə bilmir”.

A.Rəşidoğlunun sözlərinə görə, siyasətə gənclərin gəlişi daha təqdirəlayiq olar: "Müsavat və AXCP-dən kənar olaraq siyasətə gələn gənclər müstəqil şəkildə parlament seçkilərində iştirak etsələr, daha çox uğur əldə edə bilərlər. Zamanı çoxdan keçmiş şəxslərin və ya birliklərin uğur qazanacağına inam yoxdur. Fikrimcə, 2015-ci ilin parlamenti 2010-cu ilin məclisindən çox az fərqlənəcək və parlamentdə Müsavat-AXCP nümayəndələrindən heç kim təmsil olunmayacaq”.

İsmayıl