2018-ci ildə: "İsa Qəmbərin xatirə paylaşmağının yəqin ki, bir səbəbi var"





Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər "Facebook” səhifəsində 1989-1900-cı illər hadisələri və Azərbaycan Xalq Cəbhəsinin (AXC) Konfransları ilə bağlı xatirələrini yazıb. İsa Qəmbərin sözügedən dövrlə bağlı xatirələri bir sıra saytlarda da dərc olunub. Silsilə yazıların reaksiya doğurduğunu görən İsa Qəmbər memuar yazmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, sadəcə "Facebook”un verdiyi imkanlardan yararlanaraq, yaddaşında qalan önəmli olayları qələmə almaqla məşğuldur:

"Mənim üçün önəmli olan günləri, hadisələri status şəklində qeyd etmək qərarına gəldim və janrın tələbinə uyğun olaraq yadımda olan hadisələri mümkün qədər qısa yazmağa çalışıram. Yoxsa yaddaşımda həkk olunan bir çox hadisə ayrıca kitaba yetəcək qədər mürəkkəbdir. Yazmaqla bitməz. Əgər yazdıqlarım kimin üçünsə yenilikdirsə, çox əla! Kiminsə yaddaşını təzələyirəmsə, bu da gözəl! Hər zaman dediyim kimi, tarixini bilməyən xalq, amneziya xəstəliyinə düçar olmuş insan kimi onun-bunun əlində oyuncağa çevrilə bilər. Odur ki, tariximizi yazaq, öyrənək, müzakirə edək”.

Əksəriyyət hesab edir ki, uzun yol qət etmiş tanınmış siyasətçilərin mühüm hadisələr haqqında memuar qələmə alması yaxşı haldır. Xüsusən, tarixin şanlı-şərəfli olaylarına şahidlik etmiş liderlərin həmin dövrlə bağlı xatirələrini kağıza köçürməsi olduqca müsbət dəyərləndirilir.

İ.Qəmbərin təşəbbüsünü dəstəkləyən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu "Shgerg.az"a söyləyib ki, hər kəsin istənilən məsələyə özəl baxışı var. Partiya sədrinin fikrincə, memuarların paylaşılması lazımdır, amma baxır kim necə qəbul edir:

"Məsələn, 2018-ci ildə belə xatirəni paylaşmağın yəqin ki, bir səbəbi var. Hər kəsin özəl xatirəsi, keçdiyi tarixi yol var. Hətta ən yaddaşı zəif olan məqamlarda belə xatirə gələn anlar mövcuddur. Hesab edirəm ki, bu məsələdə kifayət qədər görülmüş işlər və görüləcəklər var.

Ən mühüm hadisələrdən biri - Xəlil Rza Ulutürk hərəkatın ilk illərində gündəlik yazırdı. Tədqiqatçı-alim Ədalət Tahirzadənin "Meydan 4 il, 4 ay” adlı kitabında hər gün öz əksini tapıb.

Ona görə, kim, nə vaxt məqsədə uyğun hesab edir, onda da yayır, dərc edir və ya xatirəsini qələmə alır. Bu, hər kəsin özəl haqqıdır. Kim yazırsa, uğurlar olsun, düz edirlər”.

Ayyət Əhməd