25 ildir “20 Yanvar” düyünü açılmır

Moskva istintaq materiallarını Azərbaycana verməkdən imtina edir



1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gecə xalqın azadlıq və istiqlal mübarizəsini boğmaq məqsədilə Bakı şəhərinə böyük hərbi qüvvə yeridən sovet imperiyası günahsız insanları qanına qəltan edərək misli görünməmiş vəhşiliklər törədib. Qətliam nəticəsində 132 nəfər insan həyatını itirib, 612 nəfər yaralanıb, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Əlbəttə, bu qanlı faciə təkcə xalqımıza qarşı yox, bütün bəşəriyyətə, humanizmə və insanlığa qarşı yönəldilmiş soyqırım siyasətidir.

Çünki müasir silahlarla silahlanmış nizami ordunun əliyalın insanların üzərinə hücuma keçməsi və dinc əhaliyə ağır divan tutması sadəcə bir toplumun faciəsi kimi dəyərləndirilə bilməz. Ancaq qanlı yanvar gecəsindən 25 il ötməsinə baxmayaraq, dəhşətli qətliamın günahkarları hələ də cəzalandırılmayıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da aparılan istintaq işinin hələ davam etdiyini bildirib. Cinayət işinin gedişi ilə bağlı danışan E.Sultanov deyib ki, 20 Yanvar faciəsi ilə əlaqədar ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması səbəbi ilə, 1990-cı il dekabrın 20-də işin icraatına xitam verilib. Lakin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1992-ci ildə xitam qərarı ləğv edilərək cinayət işi yenidən başlanılıb: "Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib”.

Qeyd edək ki, tək 20 yanvar faciəsinin yox, həmçinin, 1991-ci ilin noyabr ayının 20-də baş verən helikopter terrorunun və Xocalı faciəsinin də günahkarları bugünədək aşkarlanaraq cəzalandırılmayıb. Ekspertlər hesab edirlər ki, faciədə günahı olan şəxslərin indiyədək cinayətə cəlb olunmamasının başlıca səbəbləri hadisəni törədənlərin başqa ölkənin vətəndaşları olması, mövcud dəlil-sübutların bilərəkdən məhv edilməsi və ya gizlədilməsidir. Məsələn, 20 Yanvar faciəsinin əsas günahkarları ozamankı SSRİ-nin silahlı qüvvələrinin və siyasi rəhbərliyinin nümayəndələri idilər. Sovetlərin dağılmasından sonra isə bu insanlar Rusiya vətəndaşı olaraq mühafizə altına alındılar. Ona görə də cinayət işi başladıqda Moskvaya aparılan 68 cildlik materialların Azərbaycana qaytarılması və təqsirləndirilən şəxslərin istintaqa cəlb olunması üçün Rusiyanın hüquq-mühafizə orqanlarına edilən müraciətlər bugünə kimi cavabsız qalıb. Həmçinin, helikopter və Xocalı faciəsini törədən erməni və rus silahlılarının Rusiya və Ermənistan tərəfindən himayə edilməsi də bu cinayətləri törədənlərin cəzasız qalmasına səbəb olub.

20 Yanvar hadisəsinin istintaq işi ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, hər hansı cinayət işinin araşdırılması üçün yetərli istintaq materiallarının olması vacibdir. Ancaq 20 yanvar qətliamı ilə bağlı mövcud olan dəlil və sübutlar bu gün Azərbaycanın əlində deyil: "O vaxt hadisə ilə bağlı istintaq materiallarının xeyli hissəsi Moskvaya aparılıb. İndi Moskva müəyyən səbəblərdən həmin materialları Azərbaycan Prokurorluğuna verməkdən imtina edir. Digər tərəfdən isə qanlı yanvar qətliamını törədənlərin başında SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçov dayanır. Qorbaçov da Nobel "Sülh” mükafatının laureatıdır. Bu səbəbdən də onun toxunulmazlığı var. Bax, bütün bu amillər istintaqın gedişinə maneçilik törədir. Hesab etmirəm ki, prosesin gedişində Azərbaycanla bağlı hansısa problemlər var. Azərbaycanın istintaq orqanları son dərəcə maraqlıdırlar ki, 20 Yanvar faciəsinin istintaqı başa çatsın və günahkarlar ən ağır formada cəzalandırılsın”. Deputat bildirib ki, 1994-cü ilin mart ayının 29-da parlamentin qəbul etdiyi qərara əsasən 20 yanvar hadisəsinə siyasi qiymət verilib və qətliam təcavüz aktı kimi təsdiqlənib:

"Günahkarların adları bir-bir açıqlanıb. Cinayətkarların içində Azərbaycanın ozamankı rəhbərliyində təmsil olunan şəxslər də var. Biz ayrıseçkilik etmirik. Hansı millətdən olmasına baxmayaraq, bütün cinayətkarlar istintaqa cəlb olunmalı və cəzalanmalıdır”.

F.Ağamalı vurğulayıb ki, 20 Yanvar hadisəsi ilə bağlı aparılan istintaq işi ilk növbədə Azərbaycanda öz hüquqi qiymətini tapmalıdır. Ondan sonra beynəlxalq məhkəmələrə müraciət etmək olar: "Məsələn, Haaqa məhkəməsi və ya Nürnberq prosesi səviyyəsində qanlı yanvar hadisəsi ciddi və geniş şəkildə araşdırıla bilər. Amma bu, gələcəyin işidir. İlk növbədə Azərbaycanda qaldırılmış cinayət işi başa çatmalıdır”.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İradə Cavadova da 20 Yanvar qətliamında çox qaranlıq məqamların olduğunu deyib: "20 Yanvar faciəsi bizim yaralı və müəmmalı yerimizdir. Hadisəni yaşayan insanların hamısı birmənalı olaraq deyirdilər ki, yanvar qətliamını "saqqallılar” törədiblər. Bu da onu göstərir ki, həmin gecə əliyalın xalqın üzərinə hücum edən rus hərbiçilərinin içində fərqli formada insanlar olub. Amma ertəsi gün paytaxtın meydanlarında sadəcə rus əsgərləri gözə dəyib. Camaat həmin "saqqallıların” ermənilər olduğunu deyirdi. Təəssüflər olsun ki, şahidlərin ifadələri söz olaraq qaldı və ciddi araşdırılmadı. İndi deyə bilmərəm, bu cinayətin üstü açılacaq, ya bağlı qalacaq. Ancaq hesab edirəm ki, qətliamda həm rus, həm də erməni kartından istifadə olunub. Bakıya girən və kütləvi qırğın törədənlər rus və ermənilərdən ibarət ekstremist qüvvələr idi”.

Hüquqşünasın sözlərinə görə, cinayətlə bağlı istintaq işi yekunlaşsa belə, günahkarların, konkret olaraq Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunacağı inandırıcı görünmür: "İndiki məqamda bu, mümkün deyil. Qorbaçov çoxdandır ki, ABŞ-da yaşayır və orada qorunur. Bizim Prokurorluq da 20 ildən artıqdır istintaq aparır. Amma iş yekunlaşmır və yekunlaşacağına ümid yoxdur. Çünki burada bir sıra siyasi motivlər var”.

İ.Cavadova 20 noyabrda baş verən helikopter olayının da eyni şəkildə müəmmalı olaraq qaldığını diqqətə çatdırıb: "Azərbaycanın ən tanınmış simaları, vətənpərvər ziyalıları həmin helikopterdə qətlə yetirilib. Ancaq niyə görəsə, bu hadisə aydınlığa qovuşmayıb. Düzdür, bir çox məqamlar aydındır. Amma istənilən halda bu cür hadisələrin qapalı qalması xalqı narahat və məyus edir. İnsanlar həmin cinayətlərin üstünün açılacağını və günahkarların cəzalandırılacağını səbirsizliklə gözləyirlər”.

İsmayıl