Siyavuş Novruzov: “Mən ordakı insanları insaflı olmağa çağırıram”
Ötən gün Milli Məclisdə "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bir il əvvəl "Məhkəmələr və Hakimlər haqqında” qanuna dəyişiklik olunarkən mahiyyət ondan ibarət olub ki, tədris prosesinə hakimliyə sənədlərini təqdim edən, habelə tədris zamanı hakimlərin öz razılığı ilə onların ezam olunması üçün hüquqi əsas yaradır: "Həmçinin işin təşkili vəziyyətinin yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə hakimlərin öz razılığı ilə onların iki il ərzində ezam olunmasını qəbul etdik. Artıq "Məhkəmələr və Hakimlər haqqında” qanuna salınan bu məsələlərin "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna köçürülməsinə ehtiyac var. Çünki bunu həyata keçirmək Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aiddir. Bu mənada biz texniki dəyişikliyi təklif edirik”.
Sözügedən qanuna dəyişikliyin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev etiraz edib. O deyib ki, hakimi iki il müddətinə fəaliyyətdən kənarlaşdırmaq doğru deyil: "Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırırıq? Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq şəkildə göstərilib. Konstitusiyada bildirilir ki, hakim cinayətə yol verən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər, buna ciddi hazırlaşırlar. Hakim məhkəmədə iş aparmalıdır, gedib hansısa sahədə yoxlama aparmamalıdır. Məhkəmə-Hüquq Şurası hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib. Əgər məhkəmə hakimiyyəti müstəqildirsə, onda bu qurumun sədrinin hökumətin nümayəndəsinin olması ciddi sual doğurur. Buna yenidən baxılmasına ehtiyac görürəm”.
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov isə vurğulayıb ki, burada söhbət hakimlərin pedaqoji fəaliyyətə cəlb edilməsindən gedir və bu müsbət haldır: "Son zamanlar Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, gördüyü işlər təqdirəlayiqdir. Hesab edirəm ki, şuranın tərkibi genişlənməli və ictimaiyyət də bu prosesə cəlb olunmalıdır. Hakimlərin seçilməsi prosesi şəffaf gedir. Ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçirlər. Amma elə ki hakimlər gedib çatırlar məhkəməyə, oradakı qoca qurdların əlinə düşürlər. Onlara elə dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır. Biz burada onları seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki vəzifəyə keçdilər, camaatın canına düşürlər”. Deputat ikinci problem kimi məhkəmə qərarlarının icrasını göstərib: "Bu da lap BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələrə oxşayır. Burda da məhkəmə qərarının icrası sərf eləmir, deyir ki, icra edə bilmirəm. Elə ki, yanından keçirsən, dərhal icra edirlər. Fikrimcə, Məhkəmə-Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən ordakı insanları insaflı olmağa çağırıram. İnsafı birinci yerə qoyun”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.