Azərbaycana meyvə bazası kimi baxmaq olmaz

Milli Məclisdə çağırış səsləndi: “Nə Avropadan, nə də ki, Rusiyadan qorxuruq”

Ötən gün parlamentin növbəti iclası baş tutub. Gündəlikdəki məsələlərə keçməmişdən öncə millət vəkilləri bir sıra məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov deyib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tətbiqinə yenidən baxılması lazımdır. Onun sözlərinə görə, son zamanlar sözügedən qanunun tələbləri ciddi şəkildə pozulur: "Bir vaxtlar müxalifətçilər mitinq keçirmək üçün yerin olmamasından şikayət edirdilər. İndi mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və istədikləri vaxt aksiya keçirə bilirlər.

Amma biz müşahidə edirik ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki hər toplaşdıqlarında sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozurlar, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan çağırışlarından ibarətdir. Bu da onların bu hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də biz mütləq bunun qarşısını almaq üçün "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə yenidən baxmalıyıq. Parlamenti bu qanuna yenidən baxmağa səsləyirəm”.

"Beynəlxalq qurumlar niyə ABŞ dövlət başçılarının telefon danışıqlarının izlənməsinə

münasibət bildirmirlər?”

Bundan sonra məclis üzvləri Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin hazırkı durumunu müzakirə ediblər.

Deputat Zahid Oruc bildirib ki, ölkəmizə qarşı seçkilərlə bağlı qərəzli yanaşmalar var: "Azərbaycan xalqının iradəsini nə hansısa beynəlxalq təşkilatın qərarı, nə də kiminsə verdiyi siyasi bəyanat dəyişə bilər. Prezident seçkilərindən sonra Azərbaycan hakimiyyəti ilə xalq arasında vahidlik var və bu pozulmazdır. Amma bəzi beynəlxalq təşkilatların Azərbaycana təzyiq edərək öz istədiklərini almaq niyyəti görünür. Biz bunun əvvəl də nəticələrini görmüşük və Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək. Ölkəmiz nə Avropadan qorxur, nə də Rusiyadan. Azərbaycan Rusiyanın çətiri altında yaradılan hansısa birliyə daxil olmayacaq. Biz bunu keçmişdə də görmüşük. İndi Azərbaycanın sıravi insanına bəllidir ki, bu beynəlxalq təzyiqlərin səbəbi nədir. Beynəlxalq qurumlar niyə ABŞ dövlət başçılarının telefon danışıqlarının izlənməsinə münasibət bildirmirlər?

Hesab edirəm ki, bəzi Qərb dairələri, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qüvvələr bu hərəkətlərinə son qoymalıdırlar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, hansısa Avropa qurumunun daxilində olan bir neçə şəxsin fikri ümumən beynəlxalq qurumlar adından qəbul edilə bilməz: "Azərbaycan terrorizmə qarşı mübarizədə öz töhfələrini verir, enerji sahəsində Qərblə geniş əməkdaşlığa malikdir. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərblə inteqrasiyanı davam etdirəcək”.

Deputat S.Novruzov isə deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Parlamenti daim öz qərəzli mövqeyini nümayiş etdirib və bu, Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanıb: "Xüsusilə ATƏT DTİHB-i nə ABŞ-da, nə Rusiyada keçirilən seçkilərə buraxıblar. Avropa dövlətlərinin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərini izlədilər və öz pozitiv mövqeyini bildirdilər”.

"Onlar Azərbaycanı Biryulevodakı meyvə bazarına çevirmək istəyirlər”

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə isə bildirib ki, bu təzyiqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır: "Amma bildirmək istəyirəm ki, həmin qüvvələr bu istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da, DTİHB-də təmsil olunmur. Ermənistanın isə bu qurumda 4 təmsilçisi işləyir ki, bu da müvafiq suallar doğurur. Aydın olur ki, həmin qurumun bu tip qərəzli yanaşmalarının arxasında nə dayanır. Azərbaycana düşmən olan dövlətin nümayəndələrinin təmsil olunduğu qurumdan başqa nə gözləmək olar?” Onun sözlərinə görə, bu maraqlı qüvvələrin öz məqsədləri var: "Onlar Azərbaycanı Brilyovdakı meyvə bazarına çevirmək istəyirlər. Azərbaycanın inkişaf yolunun qarşısını almaq niyyətindədirlər. Ölkəmizin milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın strateji inkişafında Avroatlantik inteqrasiya prosesi öz əksini tapıb. Azərbaycan parlamentinin əlaqə saxladığı beynəlxalq parlament qurumları seçkilərlə bağlı müsbət rəy verdi. Bu onu göstərir ki, Azərbaycan parlamenti bu təşkilatlarla neçə illər tərəfdaşlıq edə bilər”.

"Azərbaycan nə qədər güclənirsə, ölkəmizə qarşı təzyiq artmaqdadır. Bu təzyiqin mənbəyi erməni lobbisidir. Bu lobbi özlərinin mövqelərini Avropa təşkilatlarının mövqeyi kimi təqdim etməyə çalışır”. Bunu isə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasəti bu gün həm Avropada, həm dünyada özünə yer qazanıb və nəticələri göz qabağındadır: "Əminəm ki, Azərbaycana qarşı yönəldilən bu təzyiqlər bir müddətdən sonra inkar ediləcək. Azərbaycan Avropaya Avropa dəyərləri üçün gedib. Ona görə bu istiqamətdə aparılan iş Azərbaycan xalqı tərəfindən dəstəklənir. Xalqa qarşı isə heç bir təşkilat çıxa bilməz”.

Deputat həmkarına etiraz etdi: "... bu, prezidentin siyasətinə müdaxilədir”

YAP-çı deputat Mübariz Qurbanlı vurğulayıb ki, 9 oktyabr seçkiləri artıq tarixdə qalıb: "Xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir”. Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətini prezident müəyyən edir: "Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur”. M.Qurbanlı həmkarı Elxan Süleymanovun Avronest PA-dan çıxmaqla bağlı təklifinə də münasibət bildirib. O bu mövqeyi dəstəkləmədiyini açıqlayıb: "Biz Avronest PA-nın üzvüyük və Şərq Tərəfdaşlığında yaxından iştirak edirik. Hesab edirəm ki, bütün tribunalardan istifadə etməliyik. Avropa Parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə, biz Avronest PA-da fəaliyyətimizi dayandırmamalıyıq. Həmkarlarımız inciməsin. Bəzən elə çıxış edirlər ki, bu, prezidentin siyasətinə müdaxilədir. Təbii ki, fikir bildirməliyik. Amma xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. Düşünürəm ki, Avronest PA ilə bağlı çağırışlar yerində deyil”.

"Bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik”

Millət vəkili Fərəc Quliyev də M.Qurbanlının fikirlərinə dəstək kimi deyib ki, dövlətimiz Avronest PA-dan çıxmamalıdır. Deputat vurğulayıb ki, Azərbaycan Qərb dövlətləri ilə, Qərb təsisatları ilə inteqrasiyada maraqlıdır: "Azərbaycan bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsində, terrorizmə qarşı mübarizədə, nüvə komponentlərinin gizli daşınmasının qarşısının alınmasında, enerji təhlükəsizliyi sahəsində öz töhfəsini verib. Düşünürəm ki, gələcək inteqrasiya və əməkdaşlıq prosesində də Azərbaycan Avropa strukturlarını kənarda qoymayacaq. Hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar və orada təmsil olunan dövlətlərin adından qəbul edilə bilməz. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə münasibətini dəyişməyəcək. Ölkəmizin dövlət siyasəti bütün Qərb dövlətləri ilə əlaqələrinin inkişafını özündə ehtiva edir. Biz keçən il Avronest PA-da ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Hesab edirəm ki, bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik. Azərbaycan doğru yoldadır”.

"Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır”

Parlamentin sədri Oqtay Əsədov isə müzakirələrin yekunu olaraq bildirib ki, ATƏTDTİHB bir təzyiq mexanizmidir: "Ümumiyyətlə, əksər dövlətlər bu qurumu müşahidəçi kimi ölkəsinə çağırmır.

Azərbaycan da gələcəkdə bu təşkilatın seçkilərə dəvət edilməməsinə baxacaq. Hesab edirəm ki, bu quruma bizim ehtiyacımız yoxdur”. Spiker diqqətə çatdırıb ki, artıq prezident seçkiləri arxada qalıb və xalq öz sözünü deyib, mövqeyini bildirib: "Bu seçkilər Azərbaycan xalqının təntənəsi oldu. Onu da deyim ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi. Amma sonradan nümayəndə heyəti göndərmək qərarına gəldilər və həmin deputatlar da öz qəti mövqeyini bildirdilər. Amma Avropa Parlamenti öz deputatlarının rəyini saymayaraq kənar qüvvələrin rəyini bəyan etdi. Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır və bu yolda öz rıçaqlarından istifadə etmək istəyirlər. Amma bu alınmayacaq”. O.Əsədov son prezident seçkilərində ilk dəfə beynəlxalq müşahidəçilərin fərqli rəy verdiklərini söyləyib. Avronest PA ilə bağlı barədə danışan spiker qeyd edib ki, Azərbaycan bu təşkilata qoşularkən həmin təşkilatı Şərq ölkələri ilə Avropa ölkələrini əlaqələndirici bir qurum kimi görüb: "Bu təşkilatın ilk xarici ölkədə keçirilən iclası da məhz Azərbaycanda baş tutdu. Amma təəssüflər ki, Avronest PA qarşısına qoyulan məqsədləri yerinə yetirmədi”.