Rusiya Transxəzər qaz kəmərinin qarşısını alır




İlham Şaban: "Transxəzər qaz kəmərinin taleyini Rusiya ilə Avropa arasındakı sövdələşmələr həll edəcək”

Ərəstun Oruclu: "Rusiya bu dəfə də Azərbaycanla deyil, Avropa Birliyi ilə haqq-hesab çəkməlidir”

Bu günlərdə Transxəzər qaz kəməri ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı açıqlama verib. Lavrovun sözlərinə görə, Avropa Birliyi sözügedən layihəni Azərbaycana və Türkmənistana sırıyır. "Avropa Birliyi unudur ki, bu cür məsələlər Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır” - deyən Rusiya rəsmisi bununla ölkəsinin Transxəzərə qarşı olduğunu bir daha səsləndirdi.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Lavrov tərəfindən yenidən Transxəzərlə bağlı açıqlama verilməsi, bunun Türkmənistan və Azərbaycan üçün zərərli olduğu iddiasının ortaya atılması Rusiyanın layihəyə imkan verməyəcəyini göstərir. Ekspertlər də belə hesab edirlər ki, Rusiya mümkün qədər Transxəzərin reallaşmamasına çalışır. Bu isə təbiidir. Çünki Moskva Avropanı təbii qaz vasitəsi ilə istədiyi zaman təzyiq altında saxlayır. Qərbə Rusiyanın təzyiq rıçaqı məhz qazdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Rusiya ciddi-cəhdlə bu kəmərin qarşısını almaq niyyətindədir: "Ona görə də Transxəzərlə bağlı ciddi bəyanatlar, qıcıq dolu açıqlamalar verir. Əsas səbəb Transxəzər layihəsinin Rusiyanın iqtisadi maraqlarını sarsıda bilməsidir”. Ekspertin sözlərinə görə, Azərbaycanın dünya bazarına maksimum 20-30 milyard kubmetr qaz ixrac etmək potensialı var: Amma Türkmənistan dünyanın dördüncü qaz ölkəsidir. Əgər infrastruktur hazır olsa, bu ölkənin 100-150 il müddətində Avropaya 100 milyard kubmetr qaz çıxarmaq üçün heç bir problemi yoxdur. Rusiya üçün isə öz qazı həm iqtisadi maraqlarını təmin edən, həm də xarici siyasətinin həyata keçirilməsində istifadə etdiyi bir vasitədir. Ona görə bu layihə Rusiyaya çox ciddi zərbədir. Hətta Rusiya üçün olum, ya ölüm məsələsidir. Bu səbəbdən də Rusiya bu layihənin gerçəkləşməməsi üçün əlindən gələn bütün imkanları səfərbər edir”. Rusiyanın Transxəzər qaz kəmərinin çəkilməsinə hər vasitə ilə mane olacağını proqnozlaşdıran İ.Şaban hesab edir ki, Rusiya neft-qaz "kartı”ndan Avropa Birliyinə və digər dövlətlərə, xüsusən də Ukraynaya qarşı dəfələrlə şantaj məqsədilə istifadə edib. Amma unutmayaq ki, bu layihənin əsas tərəfdaşları qazı satan Türkmənistan və bu qazın alıcısı Avropa Birliyidir. Ona görə də Transxəzər qaz kəmərinin taleyini Rusiya ilə Avropa arasındakı sövdələşmələr həll edəcək”. Sözügedən qaz kəmərinin Azərbaycan üçün nə kimi mənfi və müsbət cəhətə malik olduğuna gəldikdə isə, ekspert bunları söyləyib: "Mənfi tərəfi odur ki, faktiki olaraq eyni və yaxud paralel infrastrukturla gedəcək. Digər tərəfdən eyni bazarlara yönələcək. Bu da həmin bazarlarda qazın daha ucuz satılmasına şərait yaradacaq. Müsbət tərəfi isə, biz tranzit ölkə kimi çox böyük həcmdə olmasa da, əlavə vəsait qazanacağıq. Azərbaycanın rolu tranzit ölkə kimi və Avropanın enerji təhlükəsizliyində iştirakçısı kimi daha da artacaq”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, Transxəzər qaz kəmərinin gerçəkləşməsi təkcə Avropa Birliyinin deyil, həm də ABŞ-ın maraq dairəsinə daxildir: "Rusiya da çalışır ki, Şərqdən Qərbə çəkiləcək bütün kommunikasiya xətlərini ya öz ərazisindən keçməsinə nail olsun, ya da ümumiyyətlə, bu xətlərin istismara buraxılmasına imkan verməsin. Moskva qaz kəmərinə görə əvvəlcə Türkmənistana qarşı təzyiqlər nümayiş etdirdi. Amma bu kəmərin gerçəkləşməsində əsas fiqur Azərbaycandır. Azərbaycan da bu müstəvidə Rusiyanın qarşısında tək deyil, Avropa Birliyinin tərəfindədir. Buna görə də Rusiya bu dəfə də Azərbaycanla deyil, Avropa Birliyi ilə haqq-hesab çəkməlidir”. Ə.Oruclunun qənaətincə, Azərbaycan Rusiyanın istəyinə uyğun olaraq bu layihələrdə müəyyən şərtlərlə güzəştə gedə bilər: "Bu da müəyyən dividendlər əldə etmək şərti ilə. Tutaq ki, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın ədalətli mövqe sərgiləməsi bu dividendlərdən biri ola bilər. Lakin bu da məlumdur ki, Rusiya hələ də imperial stereotiplərdən hələ də azad ola bilməyib. Amma bugünkü regionun və ümumən dünyanın geosiyasi reallığı tamam başqa ab-havadadır və Rusiya da gec-tez bu amillə hesablaşmalı olacaq”.