Telefonu başqası aldı, krediti isə 54 yaşlı qadın ödəyir




54 yaşlı qadını qonşuları aldadıb adına kredit götürüblər.

Sherg.az xəzərxəbər-ə istinadla bildirir ki, hələ bu azmış kimi daha sonra krediti ödəməyib aradan çıxıblar. Biçarə qadını isə mağaza məhkəməyə verib, hər ay pensiyasının yarısını alırlar.

54 yaşlı Bakı sakini Zamirə Əliyevanın başına maraqlı hadisə gəlib. Qonşuda yaşayan kirayəçilər onu aldadaraq mağazaya aparıb bir sıra sənədlərə imza atdırıblar. Elə bütün hadisə də bundan sonra baş verib. Sonradan məlum olub ki, imza atdığı sənədlər əslində bahalı telefonların kredit müqaviləsi imiş.
Zamirə Əliyevanın sözlərinə görə, daha sonra həmin şəxsləri nə qədər axtarsa da, axtarışı nəticə verməyib. İndi isə mağaza onu məhkəməyə verərək hər ay pensiyasının müəyyən məbləğini tutur.
Qadının indi tək istəyi probleminin həll olunmasıdır. Çünki tək yaşayan qadın bütün ehtiyaclarını ancaq pensiyası hesabına ödəyə bilirdisə, artıq onun da yarısını götürmədiyi kreditə gedir.
Hüquqşünasların sözlərinə görə, qadın polisə müraciət edərək hüquqlarını bərpa edə bilər. Alınan telefonların İMEİ kodu vasitəsi ilə həmin şəxslər təyin edilə və dəymiş maddi ziyan geri qaytarıla bilər.