“Gələcək” - Akif Aşırlı yazır
(Əvvəli ötən sayımızda)
"Gələcək” İrəvanda yaşayan soydaşlarımızın taleyinə biganə qalmır, onların yaşamı, sosial çətinliyi barədə vaxtaşırı məlumatlar çap edirdi. Qəzetin 30 noyabr tarixli sayında nəşr olunan "İrəvan” sərlövhəli yazıda qaçqınların acınacaqlı taleyi barədə müvafiq qurumların tədbir görməsinə toxunulur, şəhərdə baş verən ərzaq qıtlığı diqqətə gətirilirdi.
Səhifələrində teatr və mədəniyyət xəbərlərinə, təhlili məqalələrə yer verən qəzetin sütunlarında Tiflisdəki dram dərnəklərinin fəaliyyəti də təftiş olunurdu. Məqalələrin birində göstərilirdi ki, 1918-ci ilin noyabrın 17-də "İttihad” dram cəmiyyəti Üzeyir bəy Hacıbəylinin iki pərdəli "O olmasın, bu olsun” operettasını tamaşaya qoyub və Tiflis səhnəsində göstərib. Bir neçə gün davam edən tamaşaya baxmaq yer məhdudiyyətindən bütün müsəlmanlara qismət olmayıb. Gürcüstanda 3 Azərbaycan dram cəmiyyətinin fəaliyyətinə toxunan qəzet bu kollektivlərin birləşməsi ideyasını irəli sürür. Məqalənin müəllifi Ə.M.Qərib hesab edir ki, yaradıcılıq baxımından bu daha münasibdir. Dram cəmiyyətlərinin bir araya gəlib birləşmək məsələsini müzakirə etdiklərini, amma bunun nəticə vermədiyini qeyd edən müəllif təəssüfünü də gizlətmir. Aktyor sənətindən xəbəri olmayanların qeyri-peşəkar sənət nümunələri yaratmaları da qəzetin əsas tənqid hədəfi idi. 14 mart 1919-cu il tarixli 12-ci sayında "Ədəbiyyat, teatro və cəmiyyət” rubrikasında təqdim olunan məqalə ciddi ittihamlarla doludur. "Olan, bizim artistlərimiz kimdir” sualı ilə başlayan məqalədə aktyorlar iki sinfə bölünür. Pulun və ötərgi həvəsin təsiri ilə teatra gələnlərin aktyor sənətinə ciddi ziyan vurduqları kinayə ilə təsvir edilir.
Çıxış yolunu dram cəmiyyətlərinin bu "aktyorlar”dan xilas olmasında, sənətin peşəkar tərəflərinin gənclərə öyrədilməsində görən "Gələcək” sənət meyarlarını hər cür bəsit yanaşmalardan üstün tuturdu. 1919-cu ilin martında Bakıda istedadlı aktyor Hüseyn Ərəblinskinin qətlə yetirilməsi hər yerdə olduğu kimi Gürcüstanda da üzüntü ilə qarşılandı. Bu qətli teatr sənətinin faciəsi hesab edən qəzet hüquq-mühafizə orqanlarını sərt tənqid edərək yazırdı: "İndi bu dəhşətli qətldən sonra bizim səhnənin işi daha da çətinləşdi. Daha da xarab oldu. Ərəblinskidən sonra bir öylə qabil rejissor və artist yoxdur ki, onu yönəltsin. Odu ki, bu vaxt bizim üçün daha qəmli, daha dəhşətlidir”.
H.Ərəblinski yolunu davam etdirmək üçün bütün sənət adamlarının birləşməyini, böyük sənətkarın ruhunu əziz tutmasını tövsiyə edən müəllif qatilin tezliklə tapılıb cəzalandırılmasını əsas şərt hesab edirdi. Çünki sənət cameəsi Ərəblinskidən sonra yeni faciələrin baş verəcəyindən narahatlıq hissi keçirirdi. Gənc Azərbaycan milli hökumətinin güc strukturlarının bu qətlin üstünü tezliklə açmasını əsas vəzifə bilən qəzet yazırdı: "Azərbaycan hökuməti bütün qüvvəsi ilə qatili axtarıb tapıb, onu cəzalandırsın ki, o biri canilərə ibrət olsun. Zalım həriflər görsünlər ki, nahaq yerdən türk səhnəsinə və tərəqqiyə xidmət edən şəxslərə qəsd edənlər bütün millətin düşməni hesab olunub”.
*** ***
Jurnalistika prinsiplərinə əməl etməyə çalışan "Gələcək” mütəmadi müəllif yazılarını da çap edir, cəmiyyətin problemlərini sosial vəziyyətin çətinliyini, işçi sinfin hüquqlarının tanınmasını mətbuat müstəvisinə çıxarırdı. Amma bu yazılarda əsasən menşevik "Hümmət”çilərin mövqeləri əks olunurdu. Əli Əkbər Naxçıvanlı "Sübh intibahı: Dan yeri ağarır” məqaləsi də siyasi məzmun etibarı ilə xalqçılıq ideyası və beynəlmiləlçilik şüarının təsiri ilə qələmə alınıb.
Tiflisdə yaşayan dövrün tanınmış qələm sahiblərindən olan Əliqulu Qəmküsarı da "Gələcəy”in ən fəal əməkdaşlarından hesab etmək olar. Sosial-demokrat ideyasını xalqın gələcəyi üçün ən münasib siyasi düşüncə hesab edən Ə.Qəmküsarın bu qəzetdə bir neçə məqaləsi, şeiri çap olunub. 14 mart 1919-cu il tarixli sayda şairin "Hürriyyətin ikinci sənə dövriyyəsi” münasibəti ilə qələmə aldığı "Nəşidə-hürriyyət” şeiri ilə yanaşı, Rusiyada baş verən gərgin hadisələrin təhlili olan "Liaxov” sərlövhəli araşdırma məqaləsi işıq üzü görüb. Ardıcıl olmasa da, qəzetdə Əli Rza İbrahimovun, F.Səburun, Qürbətəlioğlunun müxtəlif mövzulara həsr olunan məqalələri oxuculara çatdırılırdı. Bölgə məlumatlarına da diqqət yönəldən redaksiya Borçalıda baş verən hadisələri, yenilikləri oxucu məktubları əsasında hazırlayıb, təqdim edirdi. Belə oxucu məktublarından biri də Borçalıdan Paşa Musayevin göndərdiyi problemlər ətrafındakı yazıdır.
Partiyalı mətbuat orqanı olduğundan "Gələcək” mənsub olduğu siyasi qüvvələrin maraq və mənafelərini öndə tutur, firqə ilə bağlı məlumatları da oxuculara çatdırırdı. "Yeni qəzetə” başlıqlı yazıda Tiflis menşevik "Hümmət”çilərinin "Gələcək”lə yanaşı rus dilində qəzet nəşr edəcəkləri xəbər verilirdi: "Şənbə günü oktyabrın 26-dan "Hümmət” firqəsi rusca olaraq "Pirvejdeniye” adlı qəzetə çıxarır. Qəzetənin məqsədi Gürcüstan cəmiyyətini Zaqafqaziya müsəlmanlarının həyatı ilə tanış etmək və Zaqafqaziya millətlərinin ittihadına çalışmaq olacaqdır”.
Tiflisdə yaşayan müsəlmanların hüquqlarının qorunması baxımından da menşevik "Hümmət”çilərinin gördükləri işlər, həyata keçirdikləri tədbirlər barədə "Gələcək”in səhifələrində materiallar var. Qəzetin 30 noyabr 1918-ci il sayında birinci səhifədə çap olunan "Hümmət” təşkilatının Mərkəzi Komitəsindən” adlı xəbərdarlıqda bolşeviklərin müsəlmanlara qarşı törətdikləri qanunsuzluğa etiraz edilirdi: "Firqəyə xəbər gəlir ki, xırda alış-veriş edən əhali Krasnı Qvardiyası və milisəsi tərəfindən talan olunur. Həbs olunur və onlardan cürbəcürə bəhanələr ilə cəbr-rüşvət alınır”. Bu halla üzləşən müsəlmanlardan xahiş olunurdu ki, bu haqsızlıqla üzləşənlər partiyanın mərkəzi qərargahına müraciət etsinlər. Cinayətdə əli olanların qanun qarşısında cavab verməli olduğunu qətiyyətlə bildirən partiya Gürcüstan hökumətindən belə hallara son qoymaq üçün tədbirlər görülməsini istəyirdi.
Siyasi mövqeyinə baxmayaraq "Gələcək” qəzeti 1918-ci il hadisələrinin öyrənilməsi baxımından Tiflisdə nəşr olunan anadilli mətbuatımızın ən örnək nümunələrindəndir. Ümumilikdə 1918 və 1919-cu illərdə qəzetin 33 sayı işıq üzü görüb. Maddi çətinliklər, siyasi vəziyyətin əlverişli olmaması səbəbindən bu mətbu orqanın axırıncı sayı 1919-cu il martın 14-də çıxıb və nəşrini bir daha bərpa edə bilməyib. Təəssüf ki, qəzetin bütün sayları Azərbaycan arxivlərində, M.F.Axundov adına Milli kitabxanada olmadığından yalnız məhdud sayda nüsxələr əsasında fikir yürütmək mümkündür. İnanırıq ki, yaxın vaxtlarda qəzetin bütün sayları əldə olunacaq və o zaman Tiflisdə nəşr olunan bu anadilli nəşrin fəaliyyəti bütövlükdə araşdırılacaq.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb