Dispanserdən qaçanlara şərait yaradılıb

Hüquq müdafiəçisi hadisənin təfərrüatlarını öyrənə bilib

Bakıda ruhi xəstəxanadan qaçan şəxslərlə bağlı maraqlı faktlar məlum olub. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında bildirib ki, həmin şəxslərə qaçmaları üçün şərait yaradılıb.

Qeyd edək ki, Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Səhiyyə Nazirliyinin Maştağada yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasının məcburi müalicə şöbəsində monitorinq keçiriblər. E.Behbudovun sözlərinə görə, hazırda şöbədə 81 nəfər məhkum xəstə müalicə olunur: "Orada müalicə olunan şəxslərlə görüşdüm. Saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri yoxdur. Lakin məhkəmələrdən şikayət etdilər. Mənə dedilər ki, məhkəmələr süründürməçiliyə yol verirlər. Noyabrın 15-də xəstəxanadan 4 nəfər məhkum xəstə qaçıb. Onlardan biri Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Elvin Nəsrullayev tutularaq yenidən xəstəxanaya qaytarılıb. Mən onunla görüşdüm. Həmin şəxsi bir neçə gün sonra ailəsi Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Saxlanma şəraitindən, həkim personalından şikayəti yoxdur. Həmin gün qaçmaq istəyərkən xəstəxananın ərazisində saxlanılan Bakı sakini, 1987-ci il təvəllüdlü İlkin Şabanovla da görüşdüm. Onun da hər hansı şikayəti yoxdur. Baş vermiş hadisə ilə bağlı hazırda araşdırmalar davam etdirilir. Məndə olan məlumata görə, hadisə zamanı heç kimə xəsarət yetirilməyib. Bəzi şeylər istintaq sirri olduğu üçün danışmaq olmur. Lakin mən tam məsuliyyətimlə deyirəm ki, həmin şəxslərin qaçmalarına şərait yaradılıb”.

Xatırladaq ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.