Gəncləşən intiharlar...

Biz nədən gəncləri ya kəndirdə, ya güllə altında, ya da dənizdə “tapırıq?”

Azad İsazadə: "İnsan özünü öldürmək dərəcəsinə birdən-birə çatmır”

Əhməd Qəşəmoğlu: "Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir”

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədov intihar etməklə təkcə həyatına yox, həm də itkinliyi ətrafında dolaşan söhbətlərə nöqtə qoydu. Neçə gündür ki, Asimin axtarışı aparılırdı. Evdən çıxmışdı və geri qayıtmamışdı. Bəzisi deyirdi, görünür, hansısa radikal dini qruplaşmalara qoşulub, bəzisi deyirdi, bəlkə Suriyaya döyüşməyə gedib.

Əslində, irəli sürülən bütün mülahizələr günümüzün reallıqlarıdı. İtirdiyimiz gənclər arasında radikal dini qruplaşmalara qoşulanlar da var, qeyri-ənənəvi dini təriqətlərə meyl edənlər də, Suriyada döyüşənlər də. Və bir qız, ya da oğlan üstdə özünü öldürənlər də!.. Kimlərəsə təəccüblü, heyrətli gəlir; indiki zamanda da sevgiyə görə ölümü seçənlər var?.. Mərhum Asim intiharından əvvəl sosial şəbəkədə dostu və sevdiyi qızla yazışıb. Yazışmalardan sevgisinin qarşılıqsız qalmasına görə ölümü seçdiyi görünür. Asim uşaq deyildi. Tələbə idi. Həm də deyilənə görə, dindar gənc olub. Amma ölümündən öncə sosial şəbəkəyə yerləşdirdiyi şeir parçasını diqqətlə oxuyanda mərhumun dindarlığı kölgə altına düşür. Və sual yaranır: 19 yaşlı gənci intihara aparan yolun başlanğıcı, mənbəyi haradır? Ailəmi, təhsil aldığı məktəbmi, yoxsa, onu əhatə edən mühit və dostları? Bəzi gənclərin sağlam düşüncə sahibi olmamaları təəssüf və narahatlıq yaradır. Gənclərin həyatla dolu olması gözlənildiyi bir halda, cəmiyyət onları ya dənizdə, ya kəndirdə, ya da güllə altında "tapır”. Gənclərimiz niyə əslində dayanmalı olduqları yerlərdə deyillər?

Psixoloq Azad İsazadə intihar etmiş Asim Məmmədovun timsalında hazırda cəmiyyətimizdə özünü və öz yerini tapa bilməyən gənclərin olduğunu dedi:

- Bəzi insanlar maksimalist olur. Ya hər şey, ya heç nə. Bu tip insanların hansısa bir arzusu yerinə yetməyəndə, gözlədikləri bir məsələ reallaşmayanda həyatlarını bitmiş hesab edirlər. Sanki onun həyatı yalnız bu hadisəyə bağlıymış, bu yoxdursa, həyat da yoxdur. Bu, xəstə bir təxəyyüldür. İnsan yaradılışı etibarilə mübarizdir. Bütün həyatı boyu nəyisə əldə etməyə çalışır, bir istəyi yerinə yetir, onun yerini başqa istəklər tutur. Arzu, istək, nəyəsə nail olmağa çalışmaq insanı həyata bağlayan tellərdir. Yəni, normalda belə olmalıdır. İnsanın bir arzusu olmur axı. O kəslər ki, mənim bir yeganə arzum var, o yerinə yetsin, başqa heç nə istəmirəm, deyirsə, bu, anormallıqdır. İnsanın amalı yaşamaq və daim irəli getmək, inkişaf etmək, təkamülə çatmaq, başqalarına yardım etmək olmalıdır. Burada böyüklərin, valideynlərin də məsuliyyəti böyükdür. Təsəvvür edə bilməzsiniz ki, insan nə dərəcədə ürək ağrısı, daxili depressiya keçirməlidir ki, bu ağrını söndürmək üçün intihara əl atmaq qərarına gəlsin.

İnsan özünü öldürmək dərəcəsinə birdən-birə çatmır. Bu hal yavaş-yavaş baş verir. Getdikcə özünə qapanır, ailə üzvləri ilə az-az danışır, yeməkdən imtina edir, fikirli, qayğılı görünür. Valideyn bunu hiss etməlidir və çalışmalıdır ki, uşağı danışdırsın, dərdini öyrənsin. Lazım gələrsə, onu psixoloqun yanına aparsın. Təəssüf ki, çoxumuz nə özümüz psixoloqa müraciət edirik, nə də övladımızı psixoloq yanına göndərmək istəyirik. Mənə bəzən müraciət edirlər, deyirlər ki, uşağı sizin yanınıza gətirmək istəyirik, amma ona deməyəcəyik, psixoloq yanına gedirik. Siz də deyərsiniz ki, atasının dostusunuz, onunla söhbət aparmaq istəyirsiniz. Deyirəm, ay xanım, psixoloqun verdiyi sualları atanın dostu verə bilməz. Gəlin, əvvəldən uşağı aldatmayaq. Bizim camaatda belə bir yanlış təsəvvür var, elə bilirlər psixoloqa müraciət edən dəlidir. Bunu kimsənin eşitməsini, bilməsini istəmirlər. Nəticə də belə acınacaqlı, faciəli olur. Valideynlər övladları ilə dostcasına davranmalıdırlar. Onları başa salmalıdırlar ki, sevgi ölümlə yanaşı ola bilməz. Sevgi həyatvericidir. Kimsənin səni sevməməsi ilə həyat bitmir. Səni sevən çoxlu sayda insan var. Sən xeyli adama lazımsan. Anana, atana, bacı-qardaşına. Bəlkə də köməksiz, ehtiyacı olan bir insana.

İntihar etmiş gənc tələbənin dindar olmasına gəlincə, məncə, dindarlığın bu məsələdə heç bir rolu yoxdur. Hər dindar reallıqda bəlkə də heç dindar deyil. 100 faiz imanlı adam da yoxdur. Namaz qılmaq hələ qəlbən müsəlman olmaq da demək deyil. Çünki əsl dindar intihar etməyin böyük günah olduğunu bilir və heç vaxt bu addımı atmaz. Əsl dindar taleyi Allahın təqdiri kimi qəbul edir və başına gələn müsibətlərə, müxtəlif hadisələrə səbrlə yanaşır.

Psixoloq gənclərin məşğuliyyət probleminə də toxundu:

- Deməzdim ki, gənclərin məşğuliyyəti yoxdur. İnternet klublar, sosial şəbəkələr, çay evləri, gecə barları. O qədər məşğuliyyət var ki. Amma bunlar hər zaman düzgün istifadə olunmur. Kasıb gənclər gününü çay içməklə keçirir, uzaqbaşı internet-kluba gedir. Varlılar gecə klublarına, barlara, diskotekalara. Nə orta məktəblərdə, nə ali məktəblərdə gəncləri səfərbər edib faydalı işə cəlb edən təşkilatlar, gənclər birlikləri yoxdur. Deyə bilərlər ki, siyasi partiyaların gənclər təşkilatları var. Amma onlar siyasi yönümlüdür və ancaq siyasi tədbirlər keçirirlər. Sərbəst, müstəqil gənclər təşkilatları fəaliyyət göstərmir. Bu cür birliklər olsa, gəncləri sosial yönümlü aksiyalara cəlb edərlər, məsələn, ekoproblemlərlə bağlı, tənha insanlara yardım kampaniyaları və s. Gənclər özlərini realizə imkanlarından məhrumdurlar. Ona görə də öz yerlərini tapa bilmirlər.

Sosioloq Əhməd Qəşəmoğlu da bu fikirdədir ki, gənclərin itirilməsinin kökündə cəmiyyətin mənəvi proseslərə biganə qalması dayanır:

- Dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Amma bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər. Şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı internet, televiziyadan yayımlanan əxlaqsızlığı, zoru, gücü, işgəncələri təbliğ edən filmlər, şit verilişlər də var. Soruşuram, bu gün hansı televiziya kanalında tərbiyəedici verilişlər var? Uşaq, yeniyetmə, gənc, eləcə də onların işsiz-peşəsiz anası, atası səhərdən axşama kimi seriallara baxırsa, biz onlardan nə gözləyə bilərik?! Bu insanlar övladına hansı tərbiyəni verə biləcək? Telekanallarda işgəncə, əzab, əxlaqsızlıq göstərilirsə, insan da ona istiqamətlənəcək. İntiharların da sayı artacaq, başqasına qarşı zorakı davranışları da. Bütün bunlar insanları artıq kiçik yaşlarından mənəvi aşınmaya məruz qoyur. İnsanlar, xüsusən də gənclər depressiyaya düşür. Əksəriyyəti də internet asılılığına düçar olanlardır. Bunlar internetin, qloballaşmanın gətirdiyi bəlalardır. Ona görə mən hər zaman irad tuturam ki, internetdən, müasir texnologiyalardan biz lazımi formada istifadə etməyi bacarmırıq. Ən pis nə varsa, onu götürürük, yaxşılar qalır bir kənarda. Bunun da səbəbi ümumiyyətlə, cəmiyyətdəki mənəvi aşınmalar, deqradasiyadır. Problemin qarşısını almaq üçün dövlət təcili olaraq, proqram hazırlamalıdır. Və burada dövlətin humanitar siyasəti ilə bağlı hüquqi normalar, görəcəyi işlər müəyyənləşdirilməlidir. Həmin proqramda ictimai təşkilatların, ziyalıların, məktəblərin, valideynlərin vəzifələri dəqiq təyin edilməlidir. Bu proqramın təcili tərtibinə və icrasına böyük ehtiyac var.

Sosioloq insanlarda biganəliyin artdığını da dedi:

- Fikir verin. Tələbə dostuna mesaj yazır və həyatdan bezdiyini, həyatı tərk etməyə hazırlaşdığını yazır. Həmçinin sevdiyi qıza da. Amma onların heç biri bunu ciddi qəbul etmir. Maraqlanmırlar, valideyninə xəbər vermirlər ki, bu oğlan təhlükəli haldadır. Deməli, bu tip davranışlar artıq adi hal alıb. Heç kimi bunlarla təsirləndirmək mümkün deyil. Bu, insan taleyinə biganəlikdir. Biz artıq biganələşmişik. Cəmiyyətdə baş verənlərə, insanların taleyinə biganə yanaşırıq. Cəmiyyətdə deqradasiya belə başlayır. Hamı öz "dərdi-səri” ilə məşğuldur. Başqasının problemi ilə maraqlanmır. Nəticədə ümumən cəmiyyətə, insanlara biganəlik xəstəliyi formalaşır. Ona görə də uşaqlarımızı itiririk. Özümüzü də itiririk.