Ermənistan 7 rayondan ikisini işğaldan azad edir?

Türkiyə mətbuatında Əhməd Davudoğlunun mesajının detalları açıqlanıb
Vəfa Quluzadə: “Mən ondan ehtiyat edirəm ki, bu “yol xəritəsi”ndə Qarabağ münaqişəsinin həlli uzaq perspektiv üçün nəzərdə tutulsun”

Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan əlaqələri ilə əlaqədar "Bəzi yaradıcı fikirlər, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə qət etməyə çalışırıq” - mesajının detalları açıqlanıb. Qardaş ölkə mətbuatının məlumatına görə, Ankara Davudoğlunun ABŞ təmasları və baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülhün əldə edilməsi üçün yeni "yol xəritəsi” hazırlayıb. Ermənistan hökuməti, Azərbaycan ilə arasında xroniki bir problem olan Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul edib, Türkiyə isə Ermənistandan rəsmi şərh etməsini istəyib: "İrəvanın "rayonlardan çəkiləcəyik” deməsi halında Davudoğlu dekabrın 12-də Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağı üçün Ermənistana gedəcək. Diplomatik qaynaqlar, Azərbaycanın zəngin enerji qaynaqları ilə böyük inkişaf içində olduğunu, buna qarşı Ermənistanın itirdiyini ifadə edərək, "Bu düyünü bir yerdən açmaq, bunun üçün də bir oyun dəyişdirici tapmaq lazımdır. Bir addım atılar və yeddi rayonun ikisindən çəkilərlər” şərhini veriblər.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə isə bunları mənasız sayır. Keçmiş dövlət müşaviri bildirir ki, Ərdoğanın və Davudoğlunun görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyişə nail olmaq mümkün deyil. Onun sözlərinə görə, Ermənistan bu məsələdə müstəqil qərar qəbul etmək iqtidarında deyil və Kremlin tövsiyələrinə uyğun hərəkət edir: "Rusiya isə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Kreml iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi tarixi məsələdir və Ermənistanın hər hansı sülhə razılaşmasına imkan vermir. Məsələn, konfliktin həlli ilə bağlı Minsk Qrupu "Madrid prinsipləri” sənədini ortaya qoydu. Onun yenilənmiş variantını Azərbaycan tərəfi qəbul edib. Əslində bunun qəbul edilməsi Bakının böyük güzəştidir. Amma Ermənistan bu güzəşti də qəbul etmir. Belə vəziyyət mənə 1999-cu ili xatırladır. O vaxt Ermənistan Azərbaycanla sülhə getmək istəyəndə İrəvanda parlament binası gülləbaran edildi. Bunun səbəbkarı kim idi? Təbii ki, Rusiya. Rusiyanın Qarabağla bağlı mövqeyi bu gün də dəyişməyibsə, hansı "yol xəritəsi”ndən, razılaşmadan söhbət gedə bilər, mən şəxsən anlamıram”.

V.Quluzadənin fikrincə, Rusiya Cənubi Qafqazda sülhə mane olmaqla ümid edir ki, nə vaxtsa bölgəni ələ keçirəcək: "Amma vəziyyət o yerə çatıb ki, Rusiya Şimali Qafqazı da itirmək təhlükəsi ilə üzləşib. Əgər Rusiyanın Şimali Qafqazla bağlı ümidləri puç olsa, onun Cənubi Qafqazdakı mövqeləri də zəifləyəcək. Amma bu, vaxt tələb edən prosesdir. Ona görə də mən Ərdoğanın, Türkiyənin belə asanlıqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail ola biləcəyinə inanmıram. Sadəcə, mümkündür ki, Rusiya prezidenti ilə Amerika prezidenti arasında nəsə razılaşma olsun. Bu baxımdan da müəyyən hərəkətlilik müşahidə edilsin. Ümumilikdə isə hesab edirəm ki, Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dumanlı və bir qədər də qeyri-müəyyəndir”.

Politoloq deyib ki, ola bilsin, Rusiya və ABŞ-ın siyasəti Dağlıq Qarabağ münaqişəsini kənarda saxlamaqla Türkiyə-Ermənistan sərhədlərinin açılmasına xidmət edir: "Rəsmi Ankara da müəyyən şərtlər daxilində sərhədləri açmaq barədə düşünə bilər. Bunun üçün yeni "yol xəritəsi”nə Dağlıq Qarabağla bağlı müddəa salınmalıdır. Mən ondan ehtiyat edirəm ki, bu "yol xəritəsi”ndə Qarabağ münaqişəsinin həlli uzaq perspektiv üçün nəzərdə tutulsun. Məsələn, ola bilər ki, "yol xətirəsi”ndə sərhədlərin açılması və Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə başlanılması barədə müddəa olsun. Bu isə ümumi məfhumdur və bizə heç nə vermir. Amma belə bir müddəanın mövcudluğu Türkiyənin əlinə sərhədləri açmaq bəhanəsi verə bilər”. Politoloq onu da vurğulayıb ki, Türkiyə və ABŞ üçün qarşılıqlı əlaqələr önəmlidir: "Onlar bu əlaqələri hansısa regional məsələyə görə korlamağa razı deyillər”.