Qərardan erməni “iyi” gəlir

Haylend şəhərinin işğal altındakı Laçınla qardaşlaşması Amerikanın ikili siyasətinin nəticəsidir



ABŞ-ın Kaliforniya ştatının Haylend Şəhər Şurası Azərbaycanın işğal altında olan Laçın şəhəri ilə qardaşlaşma haqqında qərar qəbul edib. Şuranın 26 noyabr tarixində qəbul etdiyi qərara əsasən qondarma "Dağlıq Qarabağ Respublikasının” müstəqilliyi də tanınıb. Əslində Haylend şəhər meriyasının belə bir addım atması Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdır.

Çünki sözügedən şəhərin bu qərarı ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə, dünyaya bəyan etdiyi demokratiya və insan haqları kimi çağırışlarına tamamilə ziddir. Məsələ ilə bağlı "Şərq”ə danışan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir ki, ABŞ-ın xarici siyasətində bu cür şəhərlər hansısa tanınma prosesini həyata keçirə bilməz: "Təbii ki, Azərbaycan tərəfinin mövqeyi birmənalı şəkildə çatdırılacaq. Çünki ABŞ federal bir ölkə olduğuna görə, hər hansı şəhər şurasının bu cür addımlar atması qanun çərçivəsində düzgün deyil. Belə bir yanaşma yoxdur və piar xarakterli qərardır. Düşünürəm ki, bunun mətbuata yayılması erməni tərəfindən ciddi bir təbliğat xarakteri daşıyır”.

Politoloq Elşən Manafov da qeyd edir ki, qərardan erməni "iyi” gəlir. Onun sözlərinə görə, ABŞ departamentinə və Konqresinə erməni lobbisinin güclü təsiri var: "Artıq ABŞ-dakı 50 ştatdan 23-ü 1915-ci ildəki qondarma erməni "soyqırımına” münasibət bildirib. Türkiyənin ABŞ ilə strateji müttəfiqi olmasına baxmayaraq, bu cür qərəzli münasibətlər sərgilənir. Bu baxımdan ABŞ-ın Azərbaycanla münasibətləri də maraqlıdır. ABŞ 2002-ci ildə dövlətimizə tətbiq etdiyi 907-ci düzəlişə moratorium qoymaqla Azərbaycana normal münasibət bəslədiyini göstərdi. Bunun da səbəbləri var. Azərbaycan Avropa Birliyinin enerji təminatında müəyyən rol oynayan, beynəlxalq terrorizmlə mübarizədə öz məhdud imkanlarına baxmayaraq hər zaman öndə gedən tranzit bir ölkə kimi həmişə qərbin maraq dairəsində olub və olacaq”. E.Manafovun sözlərinə görə, ABŞ-da bir milyon erməni seçicinin olduğunu nəzərə alsaq, amerikalı siyasətçilərin belə bir elektoratı qazanmaqda nə qədər maraqlı olduğunu anlamaq olar: "Hələ ki, ABŞ-Azərbaycan münasibətləri ikili kontekstdən davam edir. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ çox təəssüflər olsun ki, Qarabağdakı qondarma rejimə humanitar yardım adı altında köməklik göstərir. Əslində bu, məsələnin bizə məlum olan tərəfidir. Heç kəs deyə bilməz ki, ABŞ-ın Ermənistana yardımı sadəcə humanitar xarakter daşıyır və arxasında başqa məqsədlər durmur. Fikrimcə, ABŞ departamentinin Haylend şəhərinin bu qərarına göz yumması, Azərbaycana təsir vasitəsidir”.