Jurnalist millət vəkilindən kömək istədi

Çingiz Qənizadə: “Reaksiya verəcəyəm. Jurnalistlərə həmişə dəstək olmağa hazıram”

Jurnalist Anar Niftəliyev millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəyə müraciət edib. Jurnalist müraciətində son vaxtlar müşahidə edilən həkim terroru faciələrinin millət vəkili tərəfindən aidiyyəti qurumlar qarşısında qaldırmağı xahiş edib. Müraciətdə bildirilir:

Son aylar həkim terrorundan nə qədər ailənin bədbəxt olduğunu, necə faciələrin yaşandığını və bunun ictimaiyyət arasında necə narahatlıq yaratdığını yəqin ki, müşahidə edirsiniz. Cinayətin cəzasızlığı, həkim terroruna qarşı loyal münasibət faktiki olaraq bəzi mənfəətpərəst, pasientə qazanc mənbəyi kimi baxan həkimlərin sırasını genişləndirir və onların əl-qolunu açır. Nə qədər ki, bu tip həkimlər öz layiq olduqları cəzanı almırlar, onlar yenə də xəstələri aldadıb, yalançı əməliyyatlara inandırmaq və qətllər seriyasını davam etdirməklə məşğul olacaqlar - necə ki, məşğuldurlar. Ona görə də bu həkim terrorundan heç kim sığortalanmayıb; bu terror artıq şəxsi müstəvidən çıxıb, ictimai əhəmiyyət kəsb edir və ciddi ölçü götürülməlidir. Bu müraciətlə bir hüquq müdafiəçisi və millət vəkili kimi, həyat yoldaşım Elnarə Tofiqqızının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işiylə maraqlanmağınızı, Baş prokurorun və Səhiyyə nazirinin diqqətinin bu cinayətə cəlb edilməsi üçün lazım olan addımları atmağınızı, həmçinin Milli Məclisdə həkim terroru məsələsini müzakirəyə çıxarmağınızı Sizdən xahiş edirəm”. Məlum müraciətə millət vəkilinin münasibətini öyrəndik. Ç.Qənizadə "Şərq”ə açıqlamasında müraciətin mətni ilə internetdən tanış olduğunu, lakin rəsmi şəkildə hələ ona çatmadığını dedi:

- Müraciətlə tanışam. Amma müraciət bizə hələ rəsmi şəkildə daxil olmayıb. Təbii ki, reaksiya verəcəyəm. Jurnalistlərə həmişə dəstək olmağa hazıram. Bundan əvvəl ANS telekanalının aparıcısı Afət Telmanqızının qardaşının həyat yoldaşının ölüm işi ilə bağlı da respublikanın Baş prokuroruna müraciət etmişəm. Hər zaman bizə müraciət edən vətəndaşların, o cümlədən jurnalist dostlarımızın da hüquqlarının müdafiəsində dayanacağıq.