Etiraz etməyin vaxtı keçib

Putin Ermənistana gəldi və mesajlarını açıq verdi



Dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanda səfərdə olub. Səfər çərçivəsində bir sıra sənədlər imzalayan Putin Gümrüdə "Razdan” İstilik Elektrik Stansiyasının beşinci blokunun istismara verilməsi mərasimində iştirak edib. Ən maraqlı məqam isə Putinin öz səfərinə Rusiya ordusuna məxsus 102-ci hərbi bazadan başlamasıdır.

Rusiya Ermənistanın təhlükəsizliyinin tək qarantı olsa da, ölkədə Putinin səfərindən heç də sevinməyiblər. Əksinə, onu etiraz aksiyaları ilə qarşılayıblar. Görəsən, uzun fasilədən sonra ölkəsinin regiondakı forpostuna baş çəkən Putin kənar dövlətlərə hansısa mesajlar verirmi? Putinin Ermənistan səfərini şərh edən Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev səfərin 102-ci hərbi bazadan başlanmasını heç də Ermənistana hörmət gətirən addım saymır. Politoloqun fikrincə, bu, kənar ölkə prezidentinin öz təsərrüfatına gəlməsi kimi bir şeydir: "Putin Ermənistana çox böyük heyətlə gəlib. Bunun da səbəbi var. Ermənistan Gömrük İttifaqına girmək barədə razılıq verəndən sonra Rusiyanın bu ölkədə görüləsi işləri çoxalıb. Artıq Rusiya Ermənistanı bütün sferalarda nəzarətə götürüb. İndiki səfərdə imzalanan müvafiq sənədlər forpostu imperiyaya daha da bağlayacaq”.

A.Ağayev Ermənistandakı etiraz mitinqlərinin proseslərə heç bir təsir göstərməyəcəyini bildirib: "Hamısı qurama işdir. Bilərəkdən elə görüntü yaradırlar ki, guya, Ermənistanda Rusiyadan narazı olanlar var. Əgər həqiqətən səmimi etiraz edənlər varsa, bilsinlər ki, etiraz etməyin vaxtı keçib, artıq gecikiblər. Ermənistanın Avropa Birliyi ilə Gömrük İttifaqı arasındakı vurnuxması da ermənilərin demoqogiyasıdır. Rəsmi Yerevan əvvəlcədən hara üzv olacağını yaxşı bilirdi”.

Analitikin sözlərinə görə, Rusiya siyasəti kifayət qədər açıqdır. Kreml kiməsə dolayı yolla mesaj vermək ehtiyacı duymur: "Rusiya hər zaman sözünü birbaşa deyib. Əlbəttə, 102-ci hərbi baza Rusiyanın bölgə siyasəti üçün çox önəmlidir. Bazanın digər tərəfi NATO dövlətidir. Amma Rusiyanın planları daha geniş, qlobal səviyyədədir. Bu baxımdan Moskvanın siyasətinə dar region çərçivəsində baxmaq doğru deyil. Rusiya çalışır ki, Avropa Birliyi ümumiyyətlə şərqə yaxınlaşmasın. Kremlin planlarının həyata keçməsində isə Ermənistan sadəcə bir vasitədir”.