3 saat 40 dəqiqə davam edən konfransda Qarabağ sorulmadı

Kreml rəhbərinə hər kəsin gözlədiyi sualı vermək imkansızdır
Əks təqdirdə, həmin jurnalisti Putinin mətbuat konfransına buraxmazlar


Dekabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Moskvada 13-cü illik mətbuat konfransı keçirdi. 1700-dən çox mətbuat nümayəndəsinin iştirak etdiyi, dünyanın diqqətlə izlədiyi konfransda Kreml rəhbəri ölkəsi və özü barəsində gedən müzakirələrin hər birinə ayrı-ayrılıqda münasibət bildirdi.

3 saat 40 dəqiqə davam edən tədbirdə 54 jurnalistin 73 sualı cavablandırıldı. Prezidentə Rusiya jurnalistləri ilə yanaşı, 10 xarici KİV-in nümayəndəsi də suallar ünvanladılar. Putin əsasən, iqtisadi və sosial məsələlərə toxundu, gələn ilki seçkilərdən söz açdı. Daha sonra beynəlxalq məsələlərə diqqət ayırdı, ABŞ və Saakaşvilidən danışdı. Əfqanıstanda, xüsusilə də keçmiş sovet respublikalarında terrorçu qruplaşmaların fəallaşmasından narahatlıq ifadə etdi. Yəni Putinə dünyadakı ən mühüm və aktual proseslərlə bağlı suallar verildi. Lakin Kreml rəhbərinə Cənubi Qafqazdakı münaqişələr, xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı heç bir sual ünvanlanmadı.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Putin tez-tez mətbuat nümayəndələri qarşısına çıxır və suallara cavab verməkdən çəkinmir. Lakin artıq Rusiya mətbuatı Boris Yeltsin dövründən kəskin fərqlənir: 

"Vladimir Putinə "cırmaqlayan” suallar verə biləcək KİV demək olar ki, qalmayıb. Putin az qala hər bir rus üçün imperiya iddialarını realizə edən və ölənə qədər bu postda oturacaq bir çara çevrilib. Putin ABŞ qarşısına rus millətçisi qiyafəsində çıxır. O, MDB məkanını hələ də Rusiyanın təsir dairəsində olan ərazilər hesab edir və bunun əksinə gedənlərin suallarını dinləmək belə istəmir. Ona görə də Kreml rəhbərinə hər kəsin gözlədiyi sualı vermək imkansızdır.

 Belə bir sualı ona verə biləcək jurnalisti Putinin mətbuat konfransına buraxmazlar. Bütün bunlarla yanaşı, Rusiyada Putinin güclü alternativi də yoxdur. Nə qədər ki, xarici siyasətdə Rusiya ağır məğlubiyyətə uğramayıb, ruslar onu bütləşdirəcəklər”.

İsmayıl