Azərbaycana təzyiqlər üç dəfə artıb

Bunu hakim partiya da etiraf edir, ekspertlər də



Avropa Birliyinin (AB) Litvanın paytaxtı Vilnüsdə baş tutan III "Şərq tərəfdaşlığı” sammiti gündəmə gələndən dünya siyasi səhnəsində müəyyən təlaş yaşanmaqdadı. Bu həyəcan Ukraynada baş verən aksiyalarda özünü büruzə verdi. Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiya dövlət başçısı Vladimir Putinin açıq-aydın təzyiqindən sonra sammitə qoşulmaması adıçəkilən ölkədə böyük etirazlara gətirib çıxardı. Sözügedən sammit aktuallaşmazdan öncə rəsmi Moskva Ukrayna kimi digər postsovet ölkələrinə təzyiq mexanizmlərini işə saldı.

Təzyiqləri elə indi də davam etməkdədir. Çünki Azərbaycan demokratik və suveren ölkə olaraq Vilnüs sammitinə qatıldı və milli maraqlarına cavab verən addımlar atdı. Bu isə Azərbaycan hökumətinin balanslı xarici siyasətinə ilə yanaşan bəzi ölkələrin hiddətinə səbəb olub. Belə ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da Azərbaycana təzyiqlərin 3 dəfə artdığını bildirib. YAP rəsmisi qeyd edib ki, bu basqılardan nə qorxur, nə də çəkinirlər: "Bərabərhüquqlu tərəfdaşlıq əsasında xalqımızın və dövlətimizin maraqlarını təmsil edirik”.

YAP rəsmisinin bəyanatını şərh edən tanınmış politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında bildirib ki, təzyiqlərin artmasına səbəb Azərbaycanın Vilnüs sammitində iştirakı və Aİ ilə vizanın sadələşdirilməsidir. Təhlilçinin qənaətinə görə, bu addım Azərbaycanın Avropaya istiqamətlənməsinin təzahürüdür: "Sözsüz ki, şimal qonşumuz bunu qəzəblə qarşılayır. Onsuz da Rusiya-Azərbaycan münasibətləri ürəkaçan formada deyildi. Hadisədən sonra Rusiyanın Azərbaycana münasibətindəki neqativ elementlər daha da güclənib”.

Siyasi şərhçinin sözlərinə görə, Putin Azərbaycanı "Gömrük və Avroasiya ittifaqında” görmək istəyir: "Amma Rusiya dövlət başçısının niyyəti ölkəmiz üçün yaxşı heç nə vəd etmir. Azərbaycan hökuməti gözəl anlayır ki, separatçı Ermənistana böyük təmtəraqla səfər edib ölkəmiz üçün xoş olmayan fikirlər səsləndirən şəxslə bir araya gəlmək olmaz”.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalında Kreml bu və ya digər formada iştirak edib: "Hazırda Putin problemin nizama salınmasını istənilən vəchlə dondurmağa çalışır. Ermənistanın münaqişə həlli ətrafındakı qeyri-konstruktiv mövqeyini dəstəkləyir. Sülh sazişinin əldə olunmasına əngəllər yaradır”.

Ekspert onu da əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşmasına müəyyən şərtlər daxilində razı ola bilər: "Azərbaycanın tələb etdiyi şərtlər odur ki, Rusiya bölgədə obyektiv davranış nümayiş etdirsin. Bölgədəki dövlətlər və xalqlar arasında ayrı-seçkilik salmasın”.