Sarkisyan ikiüzlülüyünü göstərir

Ermənilər istəyir ki, münaqişənin vaxtı uzansın, cəmiyyətimizdə yorğunluq və ümidsizlik yaransın



Noyabrın 29-u Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışıb. Görüş haqqında konkret nəsə deməyin hələ tez olduğunu söyləyən Sarkisyanın fikrincə, danışıqların uğurlu nəticəsi hər iki xalqı sülhə hazırlamaqdan, neqativ ritorikadan imtina etməkdən və cəbhə xəttində gərginlik yaratmamaqdan asılıdır.

Sarkisyan iddia edjir ki, Ermənistan sabitliyin pozulmasına səbəb olan bəyanatlardan, addımlardan imtina edir və demokratiya yolu ilə irəliləyir, amma Azərbaycan buna əməl etmir. Sarkisyanın xüsusi vurğu ilə söylədiyi "xalqlarımızı sülhə hazırlamalıyıq” fikrinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, ermənilər Azərbaycan xalqını təslimçi sülhə vadar etməyə çalışırlar: "Ermənilər istəyir ki, münaqişənin vaxtı uzansın, cəmiyyətimizdə yorğunluq və ümidsizlik yaransın. Bununla onlar xalqımızı təhqiredici sülhə məcbur etmək niyyəti güdürlər. Sarkisyanın budəfəki çıxışı da ermənilərin növbəti yalanını dünyaya nümayiş etdirmək məqsədi daşıyır. Əgər düşmənlər doğrudan da sülh arzusundadırsa, onda birmənalı şəkildə Azərbaycan torpaqlarından çıxsınlar. Dağlıq Qarabağda apardıqları hərbi təlimlərdən, qanunsuz hərəkətlərdən imtina etsinlər. Amma ermənilər bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Dağlıq Qarabağda və işğal olunmuş ətraf ərazilərdə hərbi manevrlər edirlər. Prezident Sarkisyan da şəxsən orda iştirak edir. Bunlar bir daha göstərir ki, ermənilərin sözü ilə əməli qətiyyən uyğun gəlmir və bundan sonra da gəlməyəcək”.

A.Nağı vurğulayır ki, ermənilər sabitlik dedikdə mövcud durumun dəyişməsini istəmirlər. Bu da ərazilərimizin işğalda qalması deməkdir: "Beynəlxalq təşkilatlar erməni rəhbərinin yalan bəyanatlarını anlamalı və onun fikirlərini ciddi qəbul etməməlidir. Çünki Azərbaycan tərəfindən heç zaman kəskin mövqe ortaya qoyulmayıb. Əksinə, bütün danışıqlarda iştirak etmişik. Hətta cəmiyyətlər arasında qurum olaraq təqdir etmədiyimiz müəyyən görüşlər, təşəbbüslər də həyata keçirilir. Bu günlərdə İstanbulda erməni və Azərbaycan qadınları arasında görüş də keçirildi. Təbii ki, bu görüşlərin əleyhinəyik. Fikrimizcə, belə görüşlərə razılıq verən və onda iştirak edənlər Azərbaycanın dövlət və millət maraqlarını ermənilərə satırlar. Onlar vicdansızdır. Gördüyünüz kimi, bütün bu təşəbbüslərin hamısı bizim tərəfdən edilir. Ehtiyac olmadığı halda dövlətimiz düşmən ölkəyə kifayət qədər yumşaqlıq göstərir. Ermənistan tərəfi isə heç bir güzəştli addım atmır. Düşmən məkrli niyyətindən geri çəkilmir. Ona görə də Sarkisyanın Ermənistanı tərifləyərək, münaqişənin həlli istiqamətində Azərbaycanı ittiham etməsi tamamilə əsassız və böhtandır. Bu, ermənilərin ikiüzlülüyünün göstəricisidir”.