Yeni ildə əfv ola bilər

Komissiya mütəmadi işləyir

Hər bayram ərəfəsi olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qabağı da yenə əfv ilə bağlı söhbətlər aktuallaşıb. Dekabrda əfv olacağına dair ümidli olan hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, əfv zamanı siyasi məhbusların azadlığa çıxacağı da gözləniləndir:

"Hər il həm yeni təqvim, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanı imzalanır. O cümlədən bu il də əfv gözləyirik. Qurban bayramında əfv verildi. İnanırıq ki, dekabrın sonunda da əfv olacaq”.

Millət vəkili Çingiz Qənizadə isə "Şərq”ə əfvlə bağlı dəqiq məlumatı olmadığını bildirib: "Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı əfv olub-olmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Bu barədə yayılan söhbətlərin isə hələlik hamısı ayaqüstü, "koridor” söhbətləridir. Əfv prezidentin sərəncamından asılıdır. Onu imzalamaq isə prezidentin konstitusion hüququdur. Əfv Komissiyası mütəmadi işləyir. Komissiya üzvləri toplaşmasa da, komissiyanın aparatdakı rəsmi şəxsləri fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan da prezident əfv fərmanı imzalamaq istəsə, sənədlərə baxıb bir neçə günə qərar qəbul edə bilər. Əgər bu istiqamətdə işlər aparılsa, nəticəsi də görünəcək. Əfv Komissiyasının üzvü olmadığım üçün onların fəaliyyətlərindən xəbərsizəm. Hər halda komissiya toplansa, bu barədə ilk xəbər tutan mətbuat olacaq”.