Hərbi xidmətə çağırış 45 yaşa qaldırılır?




Üzeyir Cəfərov: "Bir gənc atası yaşda adamla necə bir yerdə xidmət edə bilər”

Telman Əbilov: "Ola bilər ki, bu amildən gələcəkdə rüşvətxorluq və korrupsiya halları üçün istifadə etsinlər”

Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər. Bir müddət öncə Azərbaycan parlamentarilari hərbi qanunvericilikdə hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 45-ə qaldırılması təklifi ilə çıxış ediblər. Milli Məclis üzvləri "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər layihəsini də irəli sürüblər. Dəyişikliyə əsasən, qanunun 18-ci maddəsinin 2-ci bəndi bu variantda təklif olunur:

"Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 40 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar”.

Millət vəkillərinin təklifini şərh edən hərbi ekspert Üzeyir Cəfərov bu addımın təəccüb doğruduğunu deyib. Ekspertin sözlərinə görə, təşəbbüs reallaşarsa, orduda olan mühit bir az da mürəkkəbləşəcək: "Niyə 45 yaşa qaldırılmalıdır? İngiltərədə, Türkiyədə və digər NATO standartlarına uyğunlaşdırılan ordularda hərbi xidmətə çağırışın yuxarı yaş həddi 45-dir. Amma gəlin görək adını çəkdiyim ölkələrdə əsgərlərə yaradılan şərait bizdə varmı? Onların aldıqları məvacibi bizim hərbçilər alırlarmı? Düşünürdüm ki, yuxarı yaş həddini 35-dən də aşağı salacaqlar. Çünki 18 və 35 yaş arasında böyük fərq var. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır”.

Ü.Cəfərov söyləyib ki, hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 45-ə qaldırılmasına heç bir zərurət yoxdur: "Azərbaycanda hərbi xidmətə çağırılası kontingentimiz kifayət qədərdi. Bunlar yuxularında gördüklərini tətbiq etmək istəyirlər. Hər şeyin bir elmi əsası olmalıdır. 45 yaşla 20 yaş arasında 25 yaş fərq var. Bir gənc atası yaşda adamla necə bir yerdə xidmət edə bilər. 45 yaşlı əsgər oğlu yaşında çavuşun əmri ilə oturub durmayacaq. Təmizlik işi görməyəcək. Bu da böyük ziddiyyətlərə gətirib çıxaracaq. Üstəlik, bu addım milli mentalitetimizə də ziddir”.

Ekspert hesab edir ki, bu, çox uğursuz və lazımsız addımdır: "Bu il ölən və yaralanan hərbçilərin sayı ilə bağlı hesabat açıqlanıb. Bu hadisələrin xeyli hissəsi məhz yaş uyğunsuzluğuna görə baş verib. Zənn edirəm ki, Azərbaycanda belə məntiqi əsası olmayan təşəbbüslərə yer verilməli deyil”.

Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Telman Əbilov da bildirib ki, hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 45-ə qaldırılmasına ehtiyac duyulmur: "Çağırışın yaş həddinin 20-dən 45-ə qaldırmaq istəyi tamamilə yersizdir. Sovet dövründə çağırışın yuxarı yaş həddi 27 yaş idi. Sonra 35-ə qaldırdılar. Yenidən 45 yaşa qaldırmaq istəyi heç bir halda ağlabatan deyil. Ola bilər ki, bu amildən gələcəkdə rüşvətxorluq və korrupsiya halları üçün istifadə etsinlər. Ona görə də əsgərlik müddətinin ən optimal yaş həddi 20-28-dir”.

Ekspert NATO sistemində belə bir şeyin olmadığını söyləyib: "Məndə olan məlumatlara görə, NATO üzvü olan Türkiyədə hərbi xidmətə çağırışın yuxarı yaş həddi 40-dır. Eyni halda Türkiyədə əsgərliyə getmək istəyənlər 20-40 yaş arasında istənilən zaman əsgərliyə gedə bilirlər. Bizdə isə gənclərin əsgərlik yaşı çatar-çatmaz qapıları kəsilir”.