Qara xəbərin bir addımlığında...

Düşməndən mərhəmət gözləməyə dəyməz


Azərbaycanla Ermənistan arasında atəşkəs barədə 19 il bundan əvvəl razılaşma əldə edilsə də, bu gün cəbhə bölgəsində sakitliyin hökm sürməsindən danışmaq qətiyyən mümkün deyil. Atəşkəsin pozulması son zamanlar daha da kəskinləşib.

Elə buna görə cəbhədə olan itkilərin sayında artım müşahidə olunur. Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. Hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, cəbhə xəttində gərginliyin artmasının bir çox səbəbləri var. Belə ki, amillərin Putinin Ermənistan səfəri, yaxud da düşmənin təxribat niyyətləri ilə müəyyən qədər bağlılığı olduğunu vurğulayan ekspertin qənaətincə, cəbhədəki itkilər erməni faktoru ilə yanaşı, bizimkilərin də səhvi üzündən yaşanır: "Əsgərlərimiz bəzən təmas xəttində təhlükəsizlik qaydalarına kifayət qədər əməl etmirlər. Ona görə də onlar çox asanlıqla düşmən hədəfinə tuş gəlir”. Gələn il atəşkəsin bağlanmasının 20-ci ildönümü olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu illər ərzində sərhəddə yetərincə səngərlər və müdafiə ocaqları qurulub: "Ancaq əsgərlərimiz onlardan düzgün istifadəni bacarmır. Erməni ermənidir. Biz düşməndən heç vaxt mərhəmət gözləməməliyik. Məhz bu üzdən də bizim hərbiçilərimiz düşmənə hədəf olmamaq üçün son dərəcə ehtiyatlı olmalıdır. Hərbi qulluqçular dəmir dəbilqə və zirehli gödəkçədən nə qədər çox istifadə etsələr, bir o qədər də təhlükəsiz olarlar. Xüsusilə də komandirlər bu məsələyə ciddi diqqət yetirməlidirlər. Çünki əksər vaxt komandirlərin tələbkar olmadığı hərbi hissələrdə əsgərlər bu cür ehtiyatsızlığın qurbanı olurlar. Bilirsiniz ki, 11 ay ərzində biz 77 nəfər hərbi qulluqçu itirmişik. 86 nəfəri isə müxtəlif xəsarətlər alıb. Dünənləri isə daha bir əsgərimiz Xocavənd istiqamətində güllə yarası alıb”.

Hərbi hissə komandirlərini məsuliyyətli və ehtiyatlı olmağa çağıran Ü.Cəfərovun sözlərinə görə, düşmən "dörd” gözlə bizimkilərin xırda bir səhv buraxmasını gözləyir: "Bu cür itkilərin qarşısını almaq üçün hərbi hissələrdə, xüsusən də təmas xəttində zəruri olan tələbkarlığı artırmaq lazımdır. Bəzən komandirlər əsgərlərə qarşı ürəyiyumşaqlıq edir, nəticəsi də faciə ilə bitir”.