Milli Məclisdə qiymət artımına etiraz edildi




Fazil Mustafa: "Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır”

Zahid Oruc: "Benzinin qiymətinin qalxması digərlərinin də artmasına təsir göstərəcək”

Vahid Əhmədov: "Biz düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər”

Ötən gün Milli Məclisin növbəti toplantısı baş tutub. Qanunverici orqanın iclasında millət vəkilləri əsasən Tarif Şurasının qiymət artımı ilə bağlı verdiyi qərarlara sərt münasibət bildiriblər. Xüsusən də benzinin və neft məhsullarının qiymətinin artırılması bəzi deputatları hiddətləndirib.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, hələ gələn ilin dövlət büdcəsi müzakirə olunan zaman hökumət üzvlərinə qiymət artımı ilə bağlı sual ünvanlanıb: "Mən və digər həmkarların nazirlərə büdcə müzakirə olunanda bu haqda sual verdik. Lakin hökumət nümayəndələri buna konkret cavab vermədilər. İndi benzinin qiyməti artırıldı. Bu çox müəmmalı bir qərardır. Hökumətin o vaxt təkzib etməsinə baxmayaraq, artıq qiymətlər qalxıb. Tarif Şurasının bu addımına nə ehtiyac var idi? Qiymətlərin qaldırılmasının bir əsası olmalıdır. Benzinin bahalaşması analoji olaraq ərzaq məhsullarının qiymətinin də qalxmasına səbəb olur. Gələn ilin yanvarında qiymətlər 30 faiz qalxacaqsa, sentyabrında artıq bu, 90 faizə gəlib çıxacaq. Daxili bazarın qorunmasına bunun necə təsiri olacaq? Xaricdən ərzaq gətirilməsə, ərzaq təhlükəsizliyi məsələsini necə qoruyacağıq? Mən hökumətdən buna izahat verməyi tələb edirəm”. İ.Ağazadə eyni zamanda hökumətin qiymət artımına yenidən baxmasını istəyib.

"Avtomobil sürməyə imkanı çatmayanlar velosipeddən istifadə etsinlər”

Deputat Zahid Oruc yanacağın qiymətinin qalxması ilə bağlı hökuməti izahat işi aparmağa çağırıb. Millət vəkilinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində qiymət artımı qəfil və gözlənilməzdir: "Əgər artım yanvarda elan olunsaydı, bunun nəticələrini təsəvvür etmək çətin olardı. Hökumət hesab edir ki, əhalinin orta təbəqəsindən yuxarı təbəqə yaranıb və bu qiymətlər ödəyə bilər? Amma aztəminatlı ailələrin vəziyyətini nəzərə almaq siyasi möhtəkirliyə yol verməmək üçün məsələ ilə bağlı izahlar verilməlidir. Hər kəsə məlumdur ki, bir məhsulun, xüsusən də benzinin qiymətinin qalxması digərlərinin də artmasına təsir göstərəcək”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə qiymət artımı barədə öncədən məlumat verilməli olduğunu vurğulayıb. Deputat bununla bağlı cəmiyyətdə stress yaranacağını diqqətə çatdırıb: "Stressin azalması üçün qiymət artımının izahı olmalıdır. Düşünürəm ki, hökumət vətəndaşla gizlənpaç oynamamalıdır. Hökumət 125 manatlıq ehtiyac meyarı ilə vətəndaşların imkanlarını nəzərə almalıdır. Bu, vətəndaş marağını nəzərə almayan siyasətdir. Tarif Şurası vasitəsilə təqdim edilən qiymətlər böyük fəsadlar yaradacaq. Neft ölkəsində neftin qiyməti neft olmayan ölkədən bahadır. Mən bunu düzgün hesab etmirəm. Bu qiymətlə aşağı təbəqənin insanları avtomobili idarə etməkdən məhrum olacaqlar. Ona görə də ölkədə velosiped yolları çəkilməlidir. Avtomobil sürməyə imkanı çatmayanlar velosipeddən istifadə etsinlər”.

Qeyd edək ki, F.Mustafa velosiped yolları ilə bağlı təklifi bir qədər ironik şəkildə səsləndirib.

"Fazil bəy də neftdən gələn gəlirlərdən yaxşı istifadə edir”

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov öncə Vilnüs sammitindən danışıb. O bildirib ki, bu toplantıda Azərbaycanla Avropa Birliyi arasında bağlanan viza sazişi böyük uğurun göstəricisidir: "Bu balans siyasətinin bariz nümunəsidir. Azərbaycan bütün qurumlarla əməkdaşlığını davam etdirir. Ölkəmiz bir daha göstərdi ki, bizə heç kim diktə edə bilməz”. Millət vəkili daha sonra qiymət artımı ilə bağlı yaranan gərginliyə münasibət bildirib. O, həmkarı Fazil Mustafanın sözlərinə cavab olaraq deyib ki, qiymət artımı haqda bir çoxları danışdı: "Elə bil ki, hökumət Fazil Mustafa qədər bu xalq haqda düşünmür, təhlil aparmır. Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əməkhaqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir. Hesab edirəm ki, Fazil bəy də neftdən gələn gəlirlərdən yaxşı istifadə edir”.

Parlamentin sədri Oqtay Əsədov isə F.Mustafanın velosiped yollarının çəkilməsi ilə bağlı təklifinə münasibət bildirib: "Fazil müəllim velosiped yolları ilə bağlı təklifi ironiya ilə səsləndirsə də, hər yerdə bundan istifadə edilir. Düşünürəm, deputatın təklifi yaxşıdır. Velosiped yollarının çəkilməsi pis fikir deyil. Parisdə və digər Avropa şəhərlərində velosipeddən geniş şəkildə istifadə olunur”.

"Vətəndaş bahalı maşınlar ala bilirsə, benzin pulunu da ödəyə biləcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev qiymət artımı məsələsinə toxunaraq bildirib ki, ölkədə avtomobillərin sayı durmadan artır: "İldə Azərbaycana 100 min avtomobil daxil edilir. Fikrimcə, daha çox bahalı avtomobillərin istifadə etdiyi "95” markalı yanacağın qiymətinin qaldırılması doğrudur. Çünki vətəndaş bahalı maşınlar ala bilirsə, benzin pulunu da ödəyə biləcək. Dizelin qiymətinin 45 qəpikdən 60 qəpiyə qaldırılması isə xeyli bahalaşma deməkdir. Bununla kənd təsərrüfatının inkişafına təkan verə bilməyəcəyik. Hökumət bu siyasətə yenidən baxmalıdır”. Millət vəkili ictimai nəqliyyatın vəziyyətinin isə ürəkaçan olmadığını bildirib: "İctimai nəqliyyatda və metroda sıxlıq var. Bu sahədə vəziyyəti düzəltmədən qiymət artımına getmək məncə doğru deyil. Mən hökuməti tramvay çəkilişinə dəvət edirəm. Artıq Gəncədə bu işə başlanılıb. Bildiyimə görə, Ağ Şəhər deyilən yerdə də tramvay xətti çəkiləcək. Məncə, tramvayları bərpa etmək yaxşı fikirdir”.

Deputatın dizel yanacağı ilə bağlı səsləndirdiyi fikirlərə spiker O.Əsədov cavab verib: "Danışanların hamısı qiymət artımının kənd təsərrüfatına təsir edəcəyini söyləyir. Halbuki kənd təsərrüfatına dizel yanacağı güzəştli verilir. Xahiş edirəm, bu məqamı nəzərə alın”.

Spiker deputata etiraz etdi: "Bəyəm öhdəlik götürmüşük ki, sizi avtomobillə təmin edəcəyik?”

Deputat Aydın Mirzəzadə deyib ki, benzinin qiymətinin bir qədər artırılması bu cür ajiotaja səbəb olmamalıdır: "Artıq 7 ildir ki, bu məhsulun qiymətində artım olmayıb. Amma əməkhaqları bir neçə dəfə qaldırılıb. Bunun nəticəsində də təbii ki, qiymətin cüzi artması problem kimi qabardılmamalıdır. Həm siz baxın Avropa ölkələrinə, orada benzinin qiyməti bizdəkindən dəfələrlə bahadır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da qiymət artımına sərt şəkildə etiraz edib: "İki gün sonra insanların qiymət artımına necə münasibət göstərəcəklərini təsəvvür edə bilmirəm. Enerji qiymətlərini Avropa ölkələri ilə eyniləşdirmə düz deyil. Bəziləri deyir ki, Avropada da qiymətlər bahadır. Amma Avropa ölkələrində vətəndaşlar 14-15 dəfə çox maaş alırlar. Belə müqayisə düz deyil”. S.Rüstəmxanlı bildirib ki, qiymət artımı ilə bağlı deputatların ezamiyyət xərcləri də artırılmalıdır: "Mən bir rayona gedəndə az qala bir təqaüdçünün məvacibinin yarısını xərcləyirəm. Onda Milli Məclis zəhmət çəksin bizim bu xərclərimizi ödəsin”.

Sədr O.Əsədov isə S.Rüstəmxanlının bu təklifinə etiraz edib: "Milli Məclis heç kimin qarşısında öhdəlik götürməyib. Son zamanlar bu haqda çox müraciətlər edirlər, avtomobil istəyirlər və s. Bəyəm öhdəlik götürmüşük ki, sizi avtomobillə təmin edəcəyik və ya digər məsələlərdə probleminiz olmayacaq? Biz bu məsələyə baxacağıq. Onsuz da bununla bağlı maliyyə ayrılır və artırılır. Amma siz deputatsınız, çıxışınıza bir qədər diqqət edin”.

"Benzinin qiymətinin qalxması digər sahələrdə də artıma səbəb olacaq”

"Biz 2014-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələyə toxunmuşuq. 2014-cü ilin dövlət büdcəsində kommunal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub. İqtisadçı olduğumuz üçün bizə maraqlı gəldi ki, 2014-cü ildə dövlət büdcəsində qiymət artımı nəzərdə tutulub. O zaman biz iqtisadiyyat və sənaye nazirinin müavininə və maliyyə nazirinə müraciətlər etdik və cavablar aldıq ki, bu məsələ gündəmdə yoxdur. Amma büdcənin analizlərinə baxıb gördük ki, büdcənin gəlir hissəsini doldurmaq üçün müəyyən artımlar nəzərdə tutulub. Ona görə də qiymət artımı gözlənilən idi. Lakin bu səviyyədə də deyil”. Bu sözləri isə iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. Deputatın qənaətincə, yanacağın qiymətinin 27-30 faiz artırılması onun üçün də gözlənilməz olub: "Biz düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər. Hətta mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarım ilindən olsun. Ancaq Tarif Şurası bu ilin sonunda bu qərarı verdi və yanacağın qiyməti 27-30 faiz artdı. Demək istəyirəm ki, benzinin qiymətinin qalxması digər sahələrdə də artıma səbəb olacaq. Bunun da əsas məsuliyyəti İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Yəni, subyektiv qiymətlərdən sahibkarlar istifadə edib qiymətləri qaldırmamalıdırlar. Bu, sosial gərginliyə gətirib çıxara bilər. Bilirsiz ki, 2013-cü ilin əvvəlindən başlayaraq Azərbaycanda neftin hasilatı ildə 5-6 faiz aşağı düşür. İndi bu qiymət artımının faizi yüksək olduğu üçün əhalinin sosial vəziyyətinə çox ciddi təsir göstərəcək. İqtisadiyyat və Sənaye Nazirliyinin xüsusi departamenti mövcuddur. Məsələyə də həmin qurum nəzarət etməlidir ki, yanacağın qiymətinin artımı digər sahələrdə artıma təsir etməsin. Azərbaycanda elə bir məhsul yoxdur ki, həmin məhsulun tərkibində yanacaq müəyyən maya dəyərində oturmasın. Ona görə də yanacağın qiymətinin artımı ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşıma nəqliyyatında da qiymət artımına səbəb ola bilər”.

Qiymət artımının müzakirəsindən sonra, deputatlar gündəlikdə duran məsələləri müzakirə ediblər.