“Rəsulzadə haqqında kompleks işlər görülməlidir”

Nəsiman Yaqublu: “Belə tədbirlərdən kənar ayrıca onun nəşinin Azərbaycana gətirilməsinin əleyhinəyəm”



Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu qərar ölkədə geniş ictimai müzakirələrə səbəb olub. Mətbuatda yer alan maraqlı fikirlərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovdan gəldi. O, açıqlamasında dövlət başçısının qərarı və dövlətlərarası razılıq əsasında Rəsulzadənin məzarının Azərbaycana gətirilə biləcəyini qeyd edib.

Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə "Şərq”ə açıqlamasında babasının və AXC qurucusu Rəsulzadənin nəşinin ölkəyə gətirilməsindən öncə xeyli işlər görülməli olduğunu vurğulayıb. "Sonrakı mərhələdə nəşin gətirilməsi ilə bağlı danışmaq olar. Hələ ki, belə bir hadisənin həyata keçirilməsinə inanmıram”.

M.Rəsulzadə Mərkəzinin rəhbəri, tanınmış tədqiqatçı alim Nəsiman Yaqublu bu məsələnin hər hansı bir formada həll olunmasını arzulayır: "Rəsulzadənin qəbrinin Azərbaycana gətirilməsi bizim mənəvi, kültürəl borcumuzdur. Rəsulzadə ona görə mühacirət həyatı keçirib ki, o zaman ölkə işğal edilib, o da Azərbaycanı azad etmək üçün ölkəni tərk edib. Türkiyədə vəfat etdiyi üçün orada dəfn olunub. Bu gün isə Rəsulzadənin ideyaları həyata keçib, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan dövlətinin Rəsulzadənin nəşini gətirməsi ona verilən yüksək bir qiymətdir, bu onun haqqıdır”.

N.Yaqublu yalnız Rəsulzadənin deyil, digər tanınmış mütəfəkkirlərin də məzarlarının Azərbaycana gətirilməsinin tərəfdarıdır. "Bunlardan nə Ə.Topçubaşovun, nə H.Ağayevin, nə F.Xoyskinin, nə də digərlərinin məzarları burada deyil.

Bu günlərdə prezidentin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncamdan sonra mən Azərbaycan Respublikasının Prezidentinə, eyni zamanda baş nazirin birinci müavini Elçin Əfəndiyevə müraciət etmişəm. Burada təkliflər paketi də hazırlamışam. Təkliflərdən biri də Mərkəzin dövlət qeydiyyatına alınması ilə bağlıdır. Bu mərkəzdə Atatürk Mərkəzi, Heydər Əliyev Mərkəzi kimi şərait yaradılsın ki, sistemli iş aparılsın. Onun kitabları çap edilsin, muzeyi yaradılsın. Rəsulzadə haqqında kompleks işlər görülsün. Belə tədbirlərdən kənar ayrıca onun nəşinin Azərbaycana gətirilməsinin əleyhinəyəm. Belə fikirlər ictimai müzakirə mövzusu olmamalıdır. Hesab edirəm ki, bu sərəncamdan irəli gələrək prezident lazımi şərait yaradacaq və geniş şəkildə işlər aparılacaq”.

Qeyd olunan fikirlərdən belə nəticəyə gəlmək olar ki, ictimaiyyət nümayəndələri və rəsmiləri də Rəsulzadənin nəşinin ölkəyə gətirilməsinin ayrı yox, kompleks tədbirlər çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır. Belə böyük dahi şəxsiyyətləri yalnız tariximizdə yox, ümumilikdə yaddaşımızda, əməlimizdə onların fikirlərini və xidmətlərini saxlamalı və unutmamalıyıq.