Putin silah və güc dilində danışır




Elman Nəsirli: "Azərbaycanın fərqli mövqedə dayanması, heç şübhəsiz, Rusiyanı razı salmır”

Zəfər Quliyev: "Qərbə və qonşu xalqlara qarşı aqressivləşdirmə siyasəti aparılır”

Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyətindədir. Gümrüdə keçirilən Ermənistan-Rusiya regionlararası forumunda çıxış edən prezident Vladimir Putin Rusiyanın Zaqafqaziyadan heç vaxt getməyəcəyini, əksinə, regionda daha da möhkəmlənəcəyini deyib. Putinin səfərini və onun Yerevandan verdiyi mesajları şərh edən siyasi analitiklər əslində forpost Ermənistanla Rusiyanın xeyli problemlərinin olduğunu deyirlər. Onların fikrincə, Ermənistanda Rusiyaya qarşı münasibət hələlik müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki bu ölkədə get-gedə daha çox adam anlayır ki, Moskvanın siyasəti Ermənistan üçün çoxlu problemlər və risklər yaradır.

Putinin Gümrüdəki bəyanatını dəyərləndirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirli səfərin ilk növbədə geopolitik məna və məzmun kəsb etdiyini deyib. E.Nəsirlinin sözlərinə görə, Putinin bəyanatı Avropa İttifaqı, ABŞ və digər güc mərkəzlərinə postsovet məkanının, o cümlədən Cənubi Qafqazın məhz Rusiyanın inhisarında olduğu ismarıcını ünvanlayır: "Səfər və ünvanlı açıqlama 2012-ci ildə qəbul etdikləri yeni "xarici siyasət konsepsiyası”nda MDB məkanının Rusiyanın birinci xarici siyasət prioriteti kimi göstərilməsinin təsadüfi xarakter daşımadığını təsdiqləyir. Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək istəyən tərəflərə də təzyiq elementi təsiri bağışlayır”. Politoloqun fikrincə, təhdid xarakterli bəyanat 2015-ci ildə Avropa İttifaqının Riqa sammitində təşkilatla əlaqələri yenidən dərinləşdirmək istəyinə düşə biləcək tərəflərə, o cümlədən Ukraynaya təzyiq vasitəsi kimi dəyərləndirilə bilər: "Məhz həmin ildə Avrasiya İttifaqı ideyasının həyata keçiriləcəyini nəzərə alsaq, fikrimizin heç də əsassız olmadığı qənaətinə gələrik”. E.Nəsirli səfərin Azərbaycana da müəyyən təzyiq elementlərini özündə ehtiva etdiyini söyləyib: "Azərbaycanın gömrük ittifaqı məsələsində sırf milli maraqlardan çıxış edərək fərqli mövqedə dayanması, heç şübhəsiz, Rusiyanı razı salmır. Azərbaycanı da işğalçı Ermənistanla eyni qurumda təmsil olunmaq və onunla iqtisadi əlaqələr qurmaq perspektivi qane etmir. Rusiyanın Ermənistanın aqressiyasına son qoymaqla bağlı atacağı real addımların Azərbaycan tərəfdən də müsbət dəyərləndiriləcəyi ilə bağlı mümkün versiyalar forpostun sahibindən asılıdır. Zənnimcə, bunun üçün nə məşhur riyaziyyatçı, nə də siyasətin patriarxı olmağa ehtiyac yoxdur”.

Politoloq Zəfər Quliyev isə bildirib ki, Putinin Cənubi Qafqaz və postsovet ölkələri ilə bağlı bu cür fikirləri dəfələrlə səslənib: "Moskva Qərb ölkələri ilə sərt dildə danışmağa çalışır. Putinin maraqları tək Rusiya ilə məhdudlaşmır. Hakimiyyətə gəldiyi vaxtdan bu siyasi kursu gücləndirir və qərbə çatdırır ki, mənimlə hesablaşmaq lazımdır”. Z.Quliyevin fikrincə, Rusiya prezidentinin Ermənistandan verdiyi mesajlar bütün keçmiş SSRİ ölkələrinə şamil olunub: "Putin Rusiya daxilindəki vəziyyəti nəzərə alaraq rus ictimaiyyətinə yönəlik tonda danışıb. Çünki Moskva və başqa şəhərlərdə millətçilik ruhu gücləndirilir, miqrantlar sıxışdırılır, düşünülmüş bir siyasi xətt yürüdülür. Qərbə və qonşu xalqlara qarşı aqressivləşdirmə siyasəti aparılır. Putin Rusiyanın postsovet ölkələrində mövqelərini gücləndirmək niyyətində olduğunu gizlətmir. Bu baxımdan Cənubi Qafqaz əsas arsenal olacaq”. Politoloq güman edir ki, bu tendensiya yaxın gələcəkdə dəyişməyəcək: "Proseslərin gedişatına uzunmüddətli baxanda Rusiya üçün uğurlu olacağına inanmıram. Çünki Ukrayna başda olmaqla, bu ölkələrin adi vətəndaşları siyasi-iqtisadi cəhətdən Putinin təklifini qəbul etmirlər, onun dediklərini bölüşmürlər. Putin də başa düşəcək ki, belə vəziyyətdə həmin ölkələrin avrointeqrasiya meylləri daha da güclənəcək, dünya ilə qarşıdurma yaranacaq. Putin görəcək ki, opponentləri ilə bu dildə danışmaq olmaz. Çünki belə siyasi xətt yaxşı perspektiv vəd etmir”.