3 tanınmış şəxsin səhhətindən xəbər var




Rafiq Hüseynov: "Türkiyədə əməliyyat olunacağım klinika da bəllidir, əməliyyat edəcək həkim də”

Zəlimxan Yaqub: "Yaxşı deyiləm, yaxşılaşım, danışarıq”

Vaqif Səmədoğlunun həyat yoldaşı: "İsraildəyik, Təl-Əvivdə. Vaqif bəy müalicə olunur”

Ölkənin ən tanınmış, xalq tərəfindən sevilən 3 şəxsinin səhhətində hazırda ciddi problem var. Xalq şairi Vaqif Səmədoğlu, Xalq şairi Zəlimxan Yaqub və Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov. Və hər üçü də müalicə üçün xarici ölkələrə üz tutub. Xalq şairi Zəlimxan Yaqub artıq neçə ildir ki, Almaniyanın Hannover şəhər klinikasında böyrək çatışmazlığından müalicə olunur. Müalicə kursu bitəndən sonra Bakıya qayıdır, yenə "qələmə sarılır”, şeirlə-sənətlə məşğul olur, müalicənin növbəti müddəti yetişəndə, yenə də Almaniyaya üz tutur. Bir neçə gün öncə isə Xalq şairinin səhhətində ağırlaşma yarandığından, 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdi. Şairin həyat yoldaşı Sahibə xanım "Şərq”ə açıqlamasında Almaniyaya gediləcəyini istisna etməmişdi.

Xalq şairi Vaqif Səmədoğlunun da səhhətində son illər bəzi problemlər yarandı. Ayaqları ağrımağa başladı, o da Almaniyaya müalicəyə getdi. Bu dəfə isə başqa bir xəstəlik şairin "qonağıdır”. Amma bu çağırılmamış və sevilməyən qonağı xoşluqla yola salmaq üçün Xalq şairi İsrailə gedib.

Xalq artisti Rafiq Hüseynovun da səhhətində problem yarandığı ictimaiyyətə bəllidir. Sevimli diktorumuzun ağ ciyərində xərçəng aşkarlanıb. Səhhəti və müalicəsi barədə bir neçə gün öncə "Şərq”ə danışan Xalq aristi əməliyyat olunmaq üçün Almaniyanı seçdiyini və yaxın günlərdə ora səfər edəcəyini demişdi. Lakin vəziyyət dəyişib. KİV-ə açıqlamasında Xalq artisti Türkiyəyə getmək qərarına gəlindiyini bildirib. Qərar dəyişikliyinə Almaniyadan gözlənən cavabın gecikməsi səbəb olub.

Hazırda sağlıq mücadiləsi aparan hər 3 görkəmli şəxslə əlaqə saxladıq.

Öncə Xalq artisti Rafiq Hüseynovla əlaqə yaratdıq. Özünü yaxşı hiss etdiyini, səhhətində ağırlaşma olmadığını deyən R.Hüseynov müalicə üçün Türkiyəni seçməyinin səbəbini izah etdi:

- Almanlar cavabı çox uzatdılar. Hesab göndərməliydilər ki, əvvəlcədən ödəmə həyata keçirilsin. Gərək həkim sənədlərə baxaydı və bizə sənəd göndəriləydi. Amma bir neçə gün keçdi, gördük ki, cavab gecikir. Mənim vəziyyətim elədir ki, hər dəqiqənin, hər saatın əhəmiyyəti var. Nə qədər tez müalicə başlasa, əməliyyat olunsa, bir o qədər yaxşıdır. Almanlar gecikdiyi üçün Türkiyəyə getməyi qərara aldıq. Türkiyəni seçməyimiz yalnız gecikmə ilə bağlıdır. Dedilər ki, Almaniyadakı həkimin pasiyentləri çoxdur, çatdırıb sənədlərə baxa bilmir. Hələ indiyədək də cavab gəlməyib. Biz də vaxt itirmək istəmirik. Türkiyədə əməliyyat olunacağım klinika da bəllidir, əməliyyat edəcək həkim də. Həkim Alper Tokerdir. O, burada səhhətimlə bağlı keçirilən konsiliumda iştirak edib. Bilirsiz ki, burada akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə geniş konsilium keçirildi və əməliyyat qərarı verildi. Harada əməliyyat olunmağı isə bizim öhdəmizə buraxdılar. Yəni, həkim artıq mənimlə tanışdır, vəziyyətdən xəbərdardır. İstanbulun "Florens Naytinq Gel” hospitalında müalicə olunacağam. Ailəm də yanımda olacaq. Hospitalın ərazisində otel var, xəstələrin yaxınları adətən orada yerləşdirilir. Xərclər barədə hələ bir söz deyə bilmərəm. Əvvəlcədən ödəmə olsa da, sonradan xərclər arta da bilir. Amma bu, problem deyil. Sağ olsun, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım, bütün xərclər Fondun hesabına ödəniləcək. Çox təşəkkür edirəm. Bu həftə içində, bəlkə də birisigün yola düşdük.

Xalq şairi Zəlimxan Yaqubun Almaniyada olduğunu isə telefonda öyrəndik. Səhhəti ilə maraqlanmaq üçün Xalq şairinin mobil nömrəsinə zəng vurduq. Düzü, gözləyirdim ki, telefonu ömür-gün yoldaşı Sahibə xanım açacaq. Amma gözlədiyimin əksi oldu. Şair özü danışdı. Bir qədər zəif, xırıltılı səslə; "Almaniyadayam” dedi, ardınca isə "hələ yaxşı deyiləm. Yaxşılaşım, danışarıq” söylədi.

Şairi yormaq istəmədik. Təkcə əməliyyat barədə soruşduq. Bircə kəlmə cavab verdi ki, əməliyyat olunmayıb.

Xalq şairi Vaqif Səmədoğlunun isə İsraildə olduğunu öyrəndik. Telefona cavab verən həyat yoldaşı Nüşabə xanım "İsraildəyik, Təl-Əvivdə. Vaqif bəy müalicə olunur. İnşallah, qayıdaq, ətraflı biləcəksiniz”, dedi.

İnşallah!

Azərbaycanın 3 görkəmli, tanınmış və sevilən şəxslərinin səhhətlərindən dolayı xarici ölkələrə üz tutması ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunun əyani göstəricisidir. Bu şəxslərlə bir-bir əlaqə saxladıqca, müxtəlif ölkə, şəhər adları sadalanırdı; Hannover, İstanbul, Təl-Əviv... Bəs Bakı? Dövlət büdcəsindən bunca maliyyə vəsaiti ayrılan, ən müasir klinikalar, diaqnostika mərkəzləri tikilən bir ölkənin həkimlərinə, bəs niyə etibar edilmir? Akademiklərimiz, professorlarımız, həkimlərimiz "pis ənənə”, "alışqanlıq”, "reklam” deyib, məsuliyyətdən yaxa qurtarmağa çalışacaqlar. Əbəsdir. Sadəcə, etiraf etmək lazımdır. Etiraf edilməlidir ki, dövlətin səhiyyə sisteminə ayırdığı bunca vəsait müqabilində həkimlərimiz bilik və təcrübələrini artırmağa meylli deyillər. Dünya tibbi Azərbaycandan çox-çox irəlidədir. Odur ki, tanınmışlarımız da, lap elə sadə vətəndaşlar da həmin irəlini "yaxalamaq” istəyir və təyyarəyə bilet sifariş edir: Hannover-İstanbul-Təl-Əviv-Tehran-Təbriz və s. və s...

Allah hamıya şəfaçı olsun. Amin!