“Baxın, məktəb dərslikləri nə gündədir”




Siyavuş Novruzov: "Kimin adamı var, gəlib başlayıb kitab yazmağa. Belə olmaz”

Sabir Rüstəmxanlı: "Bəzən aidiyyəti olmayan şəxsin adı dərsliklərə salınır”

Ötən gün Milli Məclisin iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Sözügedən layihə haqqında məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliklər nəticəsində dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlara Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunmayacaq.

Komitə sədri deyib ki, məcəllənin 164.1.8 maddəsinə Azərbaycanda ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatı istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin vergidən azad olunması təklif olunur. Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət əhəmiyyətli nəşrlərə əlavə dəyər vergisinin tətbiqi saxlanır: "Bu məsələ bir qədər problemli idi. Hər kəs müvafiq icra hakimiyyətinin adından istifadə edərək yazıları vergi ödəmədən dövlət əhəmiyyətli nəşr adı ilə çap etdirə bilirdi”.

"Adam onlara baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyir”

Qanunun müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov deyib ki, kitab məsələsinə biznes sahəsi kimi baxmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanda elə adamlar var ki, bir ildə 7-8 kitab yazır: "Mən buna etiraz eləmirəm. Ola bilsin ki, şəxsin istedadı var, gecə-gündüz yatmır və işləyir. Amma bu sahəyə sosializmdə olduğu kimi baxmaq doğru deyil”.

S.Novruzov həmçinin dərslik vəsaitlərini ciddi tənqid atəşinə tutub: "Düşünürəm ki, bu gün dərsliklərin, xüsusən də orta məktəb dərsliklərinin yazılmasında ciddi problemlər var. Baxın, məktəb dərslikləri nə gündədir? Adam onlara baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyir. Kimin adamı var, gəlib başlayıb kitab yazmağa. Belə olmaz. Hamı özünü Nizami, Füzuli sayır. Dərsliklərin yazılması ilə bağlı yanaşma tərzinə baxmaq lazımdır”.

Millət vəkili Gövhər Baxşəliyeva isə nəzərdə tutulan dəyişikliyi dəstəkləyib: "Dövlət bununla təhsilə münasibətini ortaya qoyur. Biz ümid edirik ki, burada göstərilən güzəştlər elmi nəşrlərə də tətbiq ediləcək. Mən sırf elmə aid olan fundamental kitabları nəzərdə tuturam. Onları çap edəndə maya dəyəri yüksək olur. Biz də onu mübadiləyə veririk. Çünki maya dəyərindən aşağı satışa qoya bilmirik. Elmi işçilər isə bunu ala bilmirlər. Mən istərdim ki, gələcəkdə elmi ədəbiyyat nəşrindən də ƏDV götürülsün”.

Kitabların üzərindən ƏDV ləğv edilsin!

Millət vəkili Qənirə Paşayeva kitaba tətbiq edilən ƏDV-nin ləğv olunmasını və ya azaldılmasını təklif edib. Kitabla bağlı ƏDV-nin ləğv edilməsi xahişi ilə tanınmış ziyalıların, alimlərin, şairlərin, yazıçıların, Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyinin prezidentə müraciət etdiklərini xatırladan Q.Paşayeva bu addımın topluma önəmli bir mesaj olacağını söyləyib: "Hər dövlət özünün kitab siyasətini müəyyən edən zaman bəziləri kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə bu sahəyə nə qədər böyük önəm verdiklərini göstərirlər. Böyük Britaniya, İrlandiya, Norveçdə, Kiprdə, Moldovada, Tacikistanda, Gürcüstanda, Türkiyədə, Fransada, İtaliyada, Macarıstanda, Litvada, İspaniyada ƏDV yox dərəcəsindədir və ya çox aşağıdır. Bir müddət əvvəl vergilər nazirinin 1-ci müavini Natiq Əmirov jurnalistlərə müsahibəsində bu məsələnin müzakirəsinə hazırıq dedi. Hesab edirəm ki, bu, insanların kitablara meyilləndirilməsi istiqamətində stimullaşdırıcı addımlardan biri ola bilər”. Millət vəkilinin sözlərinə görə, ƏDV-nin ləğvi kitabın qiymətinə, ucuzlaşmasına da öz təsirini göstərə bilər: "Gənclərin və ümumiyyətlə insanlarımızın kitaba, kitab oxumağa meyilliyinin azalması bizi ciddi narahat etməlidir. Biz insanlarımızın kitaba meyilliyinin artması üçün bir sıra kompleks addımlar ataraq bu məsələdə müsbətə doğru irəliləyişlərə nail olmalıyıq”.

"İndi rayon əhalisi kitabı haradan almalıdır? Durub kitab üçün Bakıya gəlməlidir?”

Millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, bu sahədə ardıcıl siyasətin aparılması təqdirəlayiqdir: "Latın qrafikası ilə dünya ədəbiyyatı çap edilir, məktəblərə paylanılır. Bu, inqilabi addım idi. Ardınca dərsliklərin pulsuz verilməsi ciddi addımdır. İndi uşaq ədəbiyyatının və dərsliklərin vergidən azad edilməsi istiqamətində addım atılır. Bu da çox gözəldir”. Deputat vurğulayıb ki, bu gün dərsliklərin kim tərəfindən çap edilməsi araşdırılmalıdır: "Təəssüf ki, bu sahədə bir monopoliya var. Biz burada həmin monopolistlərə şərait yaradırıq, əvəzində isə kiçik nəşriyyatlar pis vəziyyətdə qalır. Əgər belədirsə, kitab nəşri vergidən azad edilsin. Bu, dövlətin siyasətinə uyğundur. Həmkarım Siyavuş müəllim deyir, kitab məsələsi bazarın işidir. Bazara qalsa, biz ibtidai icma quruluşuna qayıtmalıyıq. Bu gün 10 minlik yaşayış məntəqəsində bir kitab mağazası yoxdur. Bu məsələdə milli düşüncə olmalıdır. Faktiki olaraq bu gün kitaba bir hücum var. Rayonlarda ümumiyyətlə kitab mağazaları yoxdur. İndi rayon əhalisi kitabı haradan almalıdır? Durub kitab üçün Bakıya gəlməlidir? Dərsliklərə də baxılmalıdır. Bəzən aidiyyəti olmayan şəxsin adı dərsliklərə salınır. Bu da sonda milli ədəbiyyatımızın kənarda qalmasına səbəb olur. Biz toplaşıb bu məsələləri müzakirə etməliyik”.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.