Rəsulzadənin heykəli BDU-da qoyulacaqmı?

Abel Məhərrəmov: “Reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyyətinin qurucuları BDU-nun yaradılmasında tarixi xidmət göstəriblər”



Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil ocağının iki müəllimi - professor Cəmil Həsənli və dosent Altay Göyüşovla bağlı məsələdən danışıb. Rektor jurnalistlərə açıqlamasında deyib ki, C.Həsənli səhhəti ilə əlaqədar 2 il əvvəl öz ərizəsinə əsasən universitetdən işdən çıxıb:

"Amma həmin dövrdə biz ona təklif etdik ki, magistrlərlə, doktorantlarla iş aparsın və bir il C.Həsənli bunu həyata keçirdi. Növbəti ildə isə imkanı olmadığına görə dərsə gələ bilmədi və ona dərs verilmədi. Bunun başqa səbəbi yoxdur”. Bu ilin sentyabrında C.Həsənlinin adının dərs cədvəlinə düşməsi, sonradan isə çıxarılması məsələsinə gəlincə, rektor bildirib ki, əgər dərs ayrılırsa, o, deyilməlidir: "Bir-iki dəfə dərsə gəlməyəndə saatlar artıq başqa müəllimə verilir. Professor C.Həsənli uzun illər BDU-da işləyib, dərs deyib. Cəmil müəllimə dərs verilməməsinin səbəbi sırf onun dərsə gəlmək imkanının olmaması ilə bağlıdır”.

Altay Göyüşovla bağlı məsələyə gəlincə, A.Məhərrəmov bildirib ki, o həm BDU-nun dosenti kimi dərs deyir, həm də "İslam” Araşdırmalar Mərkəzinin elmi işçisidir: "İki aydır mərkəzdə işə çıxmadığına görə onun işi Həmkarlar Təşkilatında araşdırılır. Yeri gəlmişkən qeyd edim ki, heç bu gün də o, işə çıxmır və işə getmədiyinə görə yəqin ki, "İslam” Araşdırmalar Mərkəzindən azad olunacaq. Amma dosent kimi dərsini deyəcək”.

A.Məhərrəmov universitetin önündə Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması məsələsinə də toxunub. O deyib ki, bununla bağlı Təhsil Nazirliyi və digər müvafiq qurumlarla birgə müzakirə aparılacaq: "Düşünürəm ki, Xalq Cümhuriyyətinin qurucularının adı əbədiləşməlidir. Universitet hazırda heç kimin adını daşımır. Rəsulzadənin heykəli o universitetdə qoyular ki, orada onun adı olsun. Ancaq reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyyətinin qurucuları BDU-nun yaradılmasında tarixi xidmət göstəriblər. Universitetin yaradılması ilə bağlı təqribən 5 gün parlamentdə müzakirələr gedib”. Rekor bildirib ki, ola bilsin, Xalq Cümhuriyyətinin qurucularına hansısa abidə qoyulsun: "Konkret Rəsulzadəyə, yoxsa Xalq Cümhuriyyətinin qurucularına ümumi bir abidə qoyulacağı məsələsi müzakirələrdən sonra öz həllini tapacaq”.