Müxalifət niyə Rusiyanın təzyiqləri qarşısında susqundur?




Sərdar Cəlaloğlu: "Bu gün hakimiyyətə dəstək verə və Rusiyanın təzyiqlərini neytrallaşdıra bilmiriksə, bunun günahı bizdə deyil”

Razi Nurullayev: "Hakimiyyət çətin seçim qarşısında qalarsa, o zaman müxalifət dövlətin və xalqın yanında olacaq”

Rusiyanın Gömrük İttifaqı və Avrasiya Birliyinə üzv olmaqla bağlı postsovet ölkələrinə yönəlik təzyiqləri daha da artıb. Heç şübhəsiz ki, təzyiqlə üzləşən dövlətlər arasında Azərbaycana basqılar daha güclüdür. Çünki Azərbaycanın Rusiya və Ermənistan tərəfdən işğal olunmuş əraziləri təsir və təzyiq vasitəsi kimi böyük əhəmiyyət kəsb edir.

Son günlər isə Prezident İlham Əliyevin Vilnüs sammitində iştirak etməsi və Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi barədə sənəd imzalaması Kremlin bir qədər də aqressivləşməsinə səbəb olub. Əslində Rusiyanın basqılarına əksər siyasilər kəskin münasibət bildiriblər. Amma dövlətin məruz qaldığı təzyiqlərlə bağlı dəfələrlə fikir bəyan edən iqtidar nümayəndələri ümummilli məsələdə müxalifət düşərgəsinin susqun qalmasını və heç bir qarşı mövqe nümayiş etdirməməsini sərt dillə tənqid ediblər. İttihamları qəbul etməyən müxalifət nümayəndələri isə səssiz qalmalarına görə qarşı tərəfi günahlandırıblar.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyir ki, müxalifət dövlət və cəmiyyət həyatında iştirak etməkdən, siyasi proseslərə qatılmaqdan məhrumdur. Ona görə də ölkə müxalifəti iqtidarla vahid mövqedən çıxış edə bilmir: "Əgər doğrudan da Rusiya tərəfindən Azərbaycana təzyiqlər edilirsə, həmin təzyiqlərin dəf edilməsində yalnız rəsmi güclərdən yox, eyni zamanda vətəndaş cəmiyyətinin üzvlərindən də faydalanmaq zəruridir. Çünki bütün siyasi partiyaların, həmkarlar ittifaqının və qeyri-hökumət təşkilatlarının dövlətin ümumi maraqları mövqeyindən çıxış etməsi olduqca önəmli rol oynayır. Əksər ölkələrdə bu, belədir. Ancaq vətəndaş cəmiyyəti institutlarının formalaşmadığı dövlətlərdə ümumi maraqlar hökumətin maraqları səviyyəsinə endirilir. Bu baxımdan problemlə üz-üzə qalan sadəcə hakimiyyət olur. Yəni bir sözlə, bu gün hakimiyyətə dəstək verə və Rusiyanın təzyiqlərini neytrallaşdıra bilmiriksə, bunun günahı bizdə deyil. Müxalifət uzun illər ictimai-siyasi hadisələrdən kənarda saxlanıldığı və zəiflədildiyi üçün proseslərə müdaxilə edə bilmir. Bu səbəbdən də iqtidarın yanında yer ala bilmir”.

S.Cəlaloğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll edilməməsinin səbəbi də iqtidar və müxalifətin bir mövqeyə, bir məxrəcə gələ bilməməsidir: "İqtidar müharibə deyəndə, müxalifət sülh, müxalifət müharibə deyəndə isə iqtidar sülh deyir. Əks və ziddiyyətli yanaşma problemin həllinin yubanmasına gətirib çıxarır və kənar qüvvələr bundan məharətlə istifadə edirlər. Yalnız o ölkələrdə xarici təzyiqlərə qarşı effektli və birgə mübarizə aparmaq mümkündür ki, həmin dövlətlərdə əks qütblərdə yerləşən qüvvələr vahid mövqedə çıxış edə bilsinlər”.

AXCP sədrinin müavini Razi Nurullayev isə bildirir ki, müxalifət Azərbaycanla Rusiya arasında baş verən narazılıqdan tam məlumatlı deyil: "Müxalifətin bu sahədə iqtidar nümayəndələri ilə gördüyü və müzakirələr apardığı bir məkan yoxdur. Əgər hakimiyyət Rusiya ilə bağlı problemləri tam və açıq şəkildə ortaya qoyarsa, müxalifət mövqeyini konkret və aydın formada göstərə bilər. Heç kim müxalifətin mövqeyinin dəyişdiyini deyə bilməz. Biz Azərbaycanın yenidən Rusiyanın orbitinə qayıtmasını arzulamırıq. Əgər belə bir narahatçılıq olarsa, Rusiyanın təpkiləri artarsa, hakimiyyət çətin seçim qarşısında qalarsa, o zaman müxalifət dövlətin və xalqın yanında olacaq. Çünki xalqımız çoxdan SSRİ variantına "əlvida” deyib. Əlbəttə, müxalifət düşərgəsi mitinqlərlə yanaşı, digər lazımi addımlar da ata bilər”.