Növbəti bahalaşma dalğası gəlir

Benzinin qiymətinin artması ərzaq məhsullarının qiymətinə də təsir göstərəcək
İqtisadçılar qəfil bahalaşmanın heç bir iqtisadi əsaslara söykənmədiyini söyləyirlər

Azərbaycan hökuməti benzinin qiymətini bahalaşdırıb. Bu qərar dekabrın 2-si axşam Tarif Şurası tərəfindən verilib. Qərara əsasən Aİ-80 və Aİ-92 markalı benzinin bir litrinin qiyməti 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiyməti isə 45 qəpikdən 60 qəpiyə qaldırılıb və qiymətlər artıq dünəndən etibarən tətbiq olunmaqdadır. Yanacağın qiymətinin qaldırılacağı haqda söz-söhbət bir müddət idi ki, gedirdi. Bu yaxınlarda isə maliyyə naziri Samir Şərifov bahalaşmanın anonsunu vermişdi.

Amma Tarif Şurası bir neçə dəfə benzinin bahalaşacağı xəbərlərini təkzib edərək, Şuranın gündəliyində belə bir məsələnin olmadığını deyib. İndi isə görünür ki, hansısa səbəblərdən Tarif Şurasının gündəliyi dəyişib. Həm də gözlənilmədən. Çünki qiymət artımının olacağına dair məlumat və proqnozlarda bunun gələn ilin birinci rübündə baş verə biləcəyi təxmin edilirdi. Lakin hökumət benzinin bahalaşmasına axşam qərar verib, səhər qüvvəyə mindirib. Yəni Şura xalqı "yuxuya verib”, qiymətləri artırdı. Bu isə o anlama gəlir ki, ölkəni növbəti bahalaşma dalğası gözləyir. Adətən benzinin qiyməti qalxandan dərhal sonra başqa mal və məhsullarda, xidmətdə də bahalaşma baş verir, ölkəni total qiymət artımı bürüyür. Bu baxımdan Tarif Şurasının son qərarı ilə yeni bahalaşma dalğasının gələcəyini çəkinmədən söyləmək olar. Məhz bu səbəbdən də TŞ-nin son qərarı ölkədə əməlli-başlı səs-küy yaradıb. Sürücüdən- satıcıya qədər hər kəs dövlətin qəfil qərarından danışır.

İndiki vəziyyətdə yanacağın qiymətinin artırılmasının cəmiyyət üçün ağır məsələ olduğunu vurğulayan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib ki, burada qiymət artımı yalnız yanacaqla məhdudlaşmayacaq. Yanacaqla paralel olaraq digər kənd təsərrüfatı və ərzaq məhsullarının da qiyməti artacaq və bu, əhalinin sosial vəziyyətinə təsir göstərəcək. Yanacaq məhsullarının qiymətinin artımının digər məhsulların maya dəyərinə təsiri haqda da danışan V.Əhmədov həmin sahədə bahalaşmanın olacağını istisna etməyib: "Elə bir məhsul yoxdur ki, onun maya dəyərində yanacaq olmasın. Ona görə də digər məhsullarda qiymət artımı labüddür. Çünki heç kim ziyanla işləmək istəməz. Sadəcə bundan sonra qeyri-yanacaq sektorunda süni qiymət artımının qarşısını almaq üçün nəzarəti artırmaq lazımdır”. İqtisadçı-ekspert Qubad İbadoğlu isə deyib ki, Tarif Şurası qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya onun nəticələrini ictimaiyyətlə bölüşmədən qiymət artımına qərar verib: "2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız son artımla hökumət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinindən istifadə edən sürücü yalnız gündəlik cari məqsədlər üçün ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinindən istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əməkhaqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökumət 3 ay bundan əvvəlki 10 faizlik maaş artımını geri almağa başladı”. Qubad İbadoğlu bildirib ki, neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir: "Əsasən də iri vergi ödəyicilərinin (o cümlədən də "Azərenerji” ASC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Azərbaycan Hava Yolları” QSC, "Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökumət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir. Belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır. Bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasına daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də qaldırılacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün ikirəqəmli inflyasiya qaçılmazdır”. Digər iqtisadçı-ekspert Azər Mehdiyev Tarif Şurasının qərarına münasibət olaraq bildirib ki, benzinin qiymətinin 30 faiz qaldırılması ilə bağlı qərarın heç bir iqtisadi əsası yoxdur və ola da bilməz. Ekspertin sözlərinə görə, əgər kimlərsə benzinin maya dəyərini əsas gətürürsə, bu tamamilə yersiz arqumentdir: "Ona görə ki, bizdə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından onlar xərcləri istədikləri qədər artıra bilirlər. Bir azdan eyni arqumentlə kommunal xidmətlərin qiymətini qaldıracaqlar. Bu müəssisələrin xərclərinin formalaşmasında şəffaflığı təmin etmədən və xərclərin azaldılması üçün real addımlar atılmadan həyata keçirilən hər çür qiymət artımı tənqid olunmalıdır”.

İqtisadçı Rövşən Ağayevin qənaətincə isə benzinin qiymətinin artması büdcənin gəlirlərini artıracaq. Çünki bütün kommunal xidmət müəssisələri və yanacaq məhsulları istehsalı dövlətə məxsusdur.

İqtisadçı deyib ki, qiymətlərin artması nəticəsində yaranan inflyasiya hesabına dövriyyə vergilərindən daxilolmalar da artacaq. İlkin proqnozlara görə, bu addım büdcəyə 700-800 milyon manat əlavə gəlir formalaşdıracaq. Amma büdcə təşkilatlarının istehlakı hesabına büdcədən əlavə 350 milyon manat da xərc yaranacaq. Rövşən Ağayevin fikrincə, kommunal xidmətlərin tarifləri də bahalaşdırılacaq: "Sağlam rəqabətli iqtisadiyyat olmadığından, bu artımlar iqtisadiyyatda yüksək templi inflyasiyanı stimullaşdırmaqla əhalinin yükünü daha çox artıracaq”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, 2014-cü il üçün Azərbaycanın dövlət büdcəsində kəsir rekord həddə proqnozlaşdırılıb - 1 milyard 679 milyon manat və ya hazırkı kursla 2,14 milyard dollar: "Maraqlıdır ki, hökumət parlamentə hələlik bir məlumat verməyib ki, indiyə qədər görünməmiş bu həcmdə büdcə kəsirini hansı mənbələrin hesabına ört-basdır etmək fikrindədir. Cari ilin büdcə proqnozlarına görə, dövlət büdcəsinin kəsiri var, ancaq o, cəmi 691 milyon manat civarındadır. Hökumət bu cür böyük məbləğdə büdcə kəsirini hansı mənbələrin hesabına bağlaya bilər? Adətən bu hallarda özəlləşdirmədən gələn gəlirlər, qiymətli kağızlar kimi vasitələrdən istifadə edilir. Ancaq bunlar heç də yetərli deyil. Bu baxımdan diqqətçəkən bir məqam odur ki, 2014-cü il büdcə layihəsində büdcə təşkilatlarının kommunal xərcləri kifayət qədər artırılıb.

Yanacaq xərclərinin 39,5 faiz, elektrik enerjisinin isə 25,5 faiz artması nəzərdə tutulur. Digər kommunal xidmətlər xərcinin isə fantastik həddə - 488 faiz artırılması təklif edilir. Sual olunur: əgər yeni təsdiq edilmiş hökumətdə elə bir ciddi struktur dəyişikliyi edilməyibsə, yeni bir qurumların yaradılması gözlənilmirsə, onda bu qədər xərclərin artımı nə ilə bağlı ola bilər? Deməli, hökumət 2014-cü ildə elektrik enerjisinə, avtomobil yanacağına, təbii ki, ictimai nəqliyyatda gediş haqlarının artmasına büdcədə indidən yer ayırıb”.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, neft ölkələrində benzinin qiymətini heç də Nyu-York birjasında alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya dəyəri müəyyənləşdirir. Həmçinin ekspert vurğulayıb ki, benzin strateji məhsul olduğu üçün onun qiymətinin artırılması yalnız sadəcə sənaye və aqrar sektorda xərclərin artmasına deyil, eyni zamanda digər istehlak məhsullarında psixoloji qiymət artımlarına səbəb olur. Hazırda Azərbaycanın Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkə olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, benzinin pərakəndə qiymətində biz Xəzəryanı regionda yalnız Rusiyaya "uduzuruq”. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır. Ümumiyyətlə isə nefti idxal edən və orta aylıq əməkhaqqı Azərbaycan ilə müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir:

"Faktiki olaraq, hazırda ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcindən çoxdur. Bu isə indiki qiymətlər ilə benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı gəlirli olduğu üçün qiymət artımlarının müzakirə mövzusuna çevrilməsi məqsədəuyğun deyil. Benzinin istehsal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq da mümkün deyil”.