Gülər Əhmədovaya çox az cəza verilib




Elçin Sadıqov: "Tətbiq olunan cəza müddəti onun törətdiyi əmələ adekvat deyil”

İradə Cavadova: "Qərar bizim üçün tam aydın deyil”

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Hakim Əlisultan Osmanov G.Əhmədovaya hökm oxuyub. Hökmə əsasən, sabiq millət vəkilinin təqsiri məhkəmə zamanı təsdiqini tapıb. Onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib.

Məhkəmə hökm çıxararkən onun ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb. Nəticədə, sabiq millət vəkilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. G.Əhmədova isə məhkəmənin qərarından narazı qalıb. Onun yaxınları hökmdən apelyasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra deputatlıq mandatından imtina edən G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Məhkəmənin qərarını dəyərləndirən hüquq müdafiəçisi Elçin Sadıqov "Şərq”ə sabiq deputata həddən artıq yüngül cəzanın tətbiq olunduğunu bildirib. Vəkilin qənaətinə görə, eyni maddə ilə həbs olunan, lakin G.Əhmədovadan daha artıq yüngülləşdirici halları olan qadın məhbuslar var. Amma onlara 10 il 6 ay həbs cəzası kəsilib: "G.Əhmədovanın təqsirləndirildiyi iş cinayətlərin məcmusu idi. Bu baxımdan hesab edirəm ki, təqsirləndirilən şəxsə tətbiq olunan cəza həddən artıq azdır”.

Vəkil qeyd edib ki, G.Əhmədovanın 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasının yüngülləşdirici hal kimi nəzərə alınması qanunvericilikdə yoxdur: "Amma məhkəmə qanunvericilikdə mövcud olmayan yüngülləşdirici halları nəzərə almaq səlahiyyətinə malikdir. Məhkəmə həddən artıq yüngül cəza tətbiq edib. Tətbiq olunan cəza müddəti onun törətdiyi əmələ adekvat deyil. İnanmıram ki, bu cəza onun islah olunmasına xidmət edəcək”.

Məhkəmənin qərarı ilə bağlı G.Əhmədovanın və yaxınlarının apelyasiya şikayəti verəcəyinə gəldikdə isə E.Sadıqov apelyasiyanın nəyisə dəyişəcəyinə inanmır: "Çünki ona təyin olunan cəza həddən artıq yüngüldür. Bundan aşağı cəzanın təyin olunması isə mümkünsüzdür. Üstəlik, ortada hansısa zərərin ödənilməsi və barışıq faktı da yoxdur. Zənn edirəm ki, apelyasiyaya müraciətin nəticəsi olmayacaq. Amma apelyasiya şikayəti vermək G.Əhmədovanın hüququdur”.

Hüquq müdafiəçisi İradə Cavadova isə məhkəmənin qərarında müəyyən müəmmaların olduğunu bildirib: "Qərar bizim üçün tam aydın deyil. Bu, ictimaiyyətdə də gülüş doğurub. İnsanlar bildirirlər ki, qərarın belə olacağı öncədən məlum idi”.

Xanım vəkilin fikrincə, G.Əhmədovanın bir neçə aydan sonra azadlığa buraxılması da təəccüb doğurmalı deyil: "Maraqlı fakt odur ki, sabiq deputat günahkar deyildisə, ona bəraət verilərək azadlığa buraxılmalı idi. Böyük cinayətdən söhbət gedirdisə, məhkəmə niyə az cəza verdi. Bax bu məsələlər bizim üçün hələ də qaranlıq qalır”.

İ.Cavadova onu da əlavə edib ki, apelyasiyaya müraciət olunarsa, G.Əhmədovanın cəzası azaldıla bilər: "Ali Məhkəməyə gedənə kimi o, azadlığa buraxılacaq. Buna şübhəm yoxdu”.