Ekspertlər təhsil naziri ilə razılaşdılar




Nabatəli

Qulamoğlu:

"Şagirdlərin

yüklənməsinə

səbəb lazımsız dərslərin tədrisidir”

Nadir İsrafilov:

"Biz proqramı

sıxışdırıb

5 günə

yerləşdirdik və ağırlıq oldu”

Övladları orta məktəbdə təhsil alan valideynlər bəzən uşaqlarının dərs proqramının çox olmasından, həddən artıq yorulmasından gileylənirlər. Bu yaxınlarda mətbuata açıqlamalarının birində təhsil naziri Mikayıl Cabbarov bu fikirlərlə müəyyən mənada haqq qazandırıb. M.Cabbarov bu istiqamətdə bir sıra islahatların həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Təhsil nazirinin bu açıqlamasına münasibət bildirən Əməkdar müəllim, təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, şagirdlərin yüklənməsinə səbəb lazımsız dərslərin tədrisi və öyrədilməsidir. "Mən də bunu dəfələrlə tənqid etmişəm. Dünyada nitq mədəniyyəti və bacarıqları öyrədirlər, qramatika öyrətmirlər, ancaq bizdə bütün şagirdlərə qramatika keçirlər. Vaxt keçir və şagirdlər onsuz da bunu öyrənə bilmirlər. Söhbət Azərbaycanda bəlli təhsil standartlarının köklü surətdə dəyişməsindən gedir. Nazir bu məsələyə toxunmaq istəyir ki, orta təhsil məktəblərində yük var, məzmun yoxdur”.

Digər ekspert Nadir İsrafilov hesab edir ki, dərs yüklənməsi yeni təhsil strategiyasına keçidlə bağlıdır: "Neçə illər təhsil sistemində 6 günlük tədris həftəsi və 11 illik orta təhsil olub. 5 günlük tədrisə keçid etdiyimizə görə 6 günlüyün dərs yükü 5 günlüyə keçirilib. Buna görə proqramlarda, dərslərdə ağırlaşmalar var. 5 günlük tədris sisteminə keçid bizdə düzgün həyata keçirilmədi. Çünki dünya təcrübəsinə əsaslanıb. 5 günlük tədrisə keçdiyimizdən orta məktəblər 5 gün açıq, altıncı gün isə bağlıdır. Dünya praktikasında isə 5 gün dərs olsa da, altıncı günlər də məktəblərdə iş gedir. Burada ayrı-ayrı fənnlər, maraq kursları, bədən tərbiyəsi üzrə, bədən tərbiyəsi kimi əlavə dərslər keçirilir. Yəni şənbə günü də məktəb bağlı qalmır. Biz o proqramı sıxışdırıb 5 günə yerləşdirdik və ağırlıq oldu.

Ağırlığın əmələ gəlməsini aradan götürmək üçün belə nəzərdə tutmuşuq ki, yeni qəbul olunan təhsil strategiyasına əsasən 12 illik təhsilə keçəndə bir il artıq vaxt yaranır. Bu, əlavə bir il ərzində proqram bölünəcək və bu dərs yükü aradan götürüləcək. Nazirin dediyi sözlərdə müəyyən həqiqət var. Orta təhsil 12 il olanda, həmin bir ilin materialı bu artırılan bir ilə bölünəcək və problem aradan qalxacaq. Bunun həlli yolu 12 illik təhsilin tətbiqi ilə bağlıdır. Bu nə vaxt həyata keçəcək, bilinmir. Çünki strategiyada elə məsələlər qoyulub ki, hələ 5 aydan sonra Nazirlər Kabineti fəaliyyət planı hazırlayacaq. Bu fəaliyyət planında məlum olacaq ki, biz 12 illik təhsil sisteminə nə zaman keçəcəyik.