Suriya döyüşlərində bir azərbaycanlı gənc də həlak oldu




Seyid Camal Əzimbəyli: "Suriyada döyüşməyin cihadla heç bir əlaqəsi yoxdur”

Hacı Şahin Həsənli: "Müəyyən dini icmalar var ki, dini təbliğ etmirlər, əksinə, onu gözdən salırlar”

Elşad Miri: "Azərbaycandan Suriyaya döyüşməyə gedənlər güman ki, hansısa qruplaşmalarla təmasda olur”

Suriyada daha bir azərbaycanlının ölüm xəbəri gəlib. Hələb şəhərində öldürülən azərbaycanlının adı da məlumdur; Rüstəm Əsgərov. Bu barədə Suriyada hökumət qüvvələrinə qarşı döyüşən "İraq və Şam İslam Dövləti” silahlı qruplaşması xəbər yayıb.

Xəbərdə R.Əsgərovun Mədinə Universitetində təhsil aldığı, indiyədək bir neçə islam ölkəsində silahlı qruplaşmaların tərkibində döyüşdüyü, hətta Azərbaycanda həbsdə yatdığı da bildirilir.

Xatırladaq ki, bir müddət öncə Azad Suriya Ordusunun sıralarında 30-dək azərbaycanlının həlak olduğu xəbəri yayılmışdı.

Suriyada döyüşən və öldürülən azərbaycanlılar barədə xəbərlər təəssüf ki, artıq intensiv xarakter almaqdadır. Gənclərimizin "sorağı” gah Pakistandan, gah Əfqanıstandan gəlirdi. İndi Suriya da əlavə olunub.

Döyüşənlər bunu cihad, Azərbaycandakı din xadimləri, islamşünaslar isə əksinə, dinə zidd, küfr adlandırırlar. Və sadə bir məntiqə söykənirlər: bir halda ki, bu insanlar döyüşmək, düşmənlə üz-üzə gəlmək istəyir, güclərini sınamaq üçün işğal altındakı torpaqlarımız, şəhidlik zirvəsinə ucalmaq üçün də Qarabağ Zirvəsi var. Onları Mübariz İbrahimov olmaq yolunu kim bağlayıb?! Döyüşmək üçün yer, məkan, ən tutarlı səbəb olduğu halda niyə Suriya? Deməli, burada başqa məqsədlər, başqa niyyətlər gizlənir. Həm də islam pərdəsi altında. Bəs bu necə müsəlmanlıqdı?

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli "Şərq”ə açıqlamasında azərbaycanlıları Suriyaya aparan səbəbi və onların əsl niyyətlərini izah etdi:

- Azərbaycanda təriqətlərarası, dinlərarası münasibətlər yüksək səviyyədədir. Hətta o dərəcədə yüksəkdir ki, bəzi məkrli qüvvələr bundan sui-istifadə edirlər. Mən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla da söhbətlərimiz zamanı bunu vurğulamışam və demişəm ki, tolerantlıqdan sui-istifadə edənlərin durdurulmasına ehtiyac var. Biz Zaqatalada olmuşuq, oradakı vəziyyətlə tanış olmuşuq, tədbirlər keçirmişik. Zaqatalada 1500-dən təkzibçi, vəhhabi təriqətə mənsub vətəndaşımız var. Bu gerçəyi gizlətmək lazım deyil. Dövlətimiz də həssaslığı əldən verməməlidir. Vətəndaşlarımızın gerçək islama zidd təriqətlərə, məzhəblərə qoşulmasının başlıca səbəbi də dini maarifçiliyin düzgün qurulmamasıdı. Televiziya kanallarına baxın. Hansı birində əsl mənəviyyat adamları efirə çıxır? Efir imkanı verilənlər ictimaiyyət arasında mənfi imicə malik, özünün ailəsində, yaşam tərzində problemləri olan adamlardır. Açıq deyirəm, ATV kanalının prezidenti Vüqar Qaradağlı ilə çox yaxşı münasibətlərimiz var. O, vəzifəyə təyin olunanda təbrik etdim, uğurlar arzuladım, özü təklif etdi ki, sizin kimi mənəviyyat adamları efirə çıxarılmalıdır. Amma artıq 1 ildir, nə bir dəfə efirə dəvət ediblər, nə də bizim keçirdiyimiz tədbirləri işıqlandırıblar. Dəvət göndərmişik, heç kim gəlməyib, çəkiliş aparılmayıb.

Suriyada döyüşənlərə gəlincə, onlar konkret dini təriqətin nümayəndələridir. Guya ki, islamı, insan haqlarını müdafiə edirlər, əslində isə həm islama, həm də insan haqlarına qarşıdırlar. Onlar şəxsi mənafelərinə, radikal dini görüşlərinə görə ölkəni tərk edən adamlardır. Bu necə müsəlmançılıqdır ki, sən, sadə bir müsəlmanın evinə basqın edirsən, ailə üzvlərini qətlə yetirirsən, evi yağmalayırsan, sonra da sosial şəbəkədə video paylaşırsan ki, "baxın, qənimət də əldə etmişik”?! Bu hərəkətin gerçək islamla heç bir əlaqəsi ola bilməz. Bu, küfrdür. Suriyada döyüşməyə gedən azərbaycanlılar, sadəcə, burada öz məkrli niyyətlərini həyata keçirə bilməyən, özlərini realizə edə bilməyən, cəmiyyətdə özünü tapa bilməyən, özündən başqa qeyrisini həqiqi müsəlman saymayan, hətta müsəlman birisini "kafir” elan edən zərərli qüvvələrdir. Azərbaycan dövləti milli təhlükəsizlik məsələsində güclüdür və ölkədə sabitliyin pozulmasının qarşısını alır. Zərərli qüvvələr, islama yad dini qruplaşmaların fəaliyyət imkanları olmadığından, onlar xarici ölkələri seçir. Çünki o ölkələrdə qeyri-sabitlik hökm sürür, onlar da düşündükləri məkrli planı icra edə bilirlər.

Suriyada döyüşməyin cihadla heç bir əlaqəsi yoxdur. Suriyada döyüşüb bunu cihada bağlamaq Uca Allahın hökmlərinə ziddir. İslam dinində iki cür cihad var: bir Allah yolunda cihad, bir də nəfslə cihad - nəfslə mübarizə. Nəfsi ilə mübarizədə qalib gəlməyən Allah yolunda da cihad edib şəhid ola bilməz.

S.C.Əzimbəyli yaxın günlərdə ölkə səviyyəsində böyük konfrans təşkil edib, din xadimlərinin, ziyalıların iştirakı ilə bu problemi gündəmə gətirməyi düşündüyünü də dedi:

- Problemi qaldırıb, onun həllinə nail olmalıyıq. Çünki vəziyyət təhlükəli xarakter ala bilər, bir halda ki, artıq millət vəkilləri arasında təriqət ayrı-seçkiliyi salanlar, məzhəbçi düşüncədən çıxış edənlər var. Bunun hansı zərərli nəticələrə səbəb ola biləcəyi, məncə aydındır.

İlahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında Suriyada aparılan döyüşlərin islamdakı cihadla heç bir bağlılığı olmadığını dedi:

- "Qurani-Kərim”də cihadla bağlı konkret ayələr var. Bu ayələrin məzmununa diqqət yetirdikdə görünür ki, hər hansı bir xalq hücuma məruz qalırsa, torpağı işğal edilirsə, təcavüzkara qarşı döyüşmək müqəddəs bir əməl, cihaddır. Uca Rəbbimiz buyurur ki, sizinlə döyüşənlərlə siz də Allah yolunda döyüşün, amma həddi aşmayın. Təəssüf ki, müqəddəs Quran ayələrini öz məqsədləri üçün özlərinə sərf edən şəkildə izah edənlər də var. Özündən başqasının ibadətini qəbul etməyən, özündən başqasını dindən çıxmış hesab etmək, məzhəblər arasında qarşıdurma yaratmaq, günahsız insanları "Allahu əkbər” sədaları altında qətlə yetirmək, başqasını məhz onun düşündüyü kimi düşünmədiyinə görə qətl etməyin islamla heç bir əlaqəsi, heç bir bağlantısı ola bilməz. Biz Suriyada islahatlar aparılmasının, demokratik dəyərlərin bərqərar olmasının tərəfdarıyıq. Ancaq bunun üçün günahsız insanların qətlə yetirilməsi dinimizə ziddir. Və "cihad” çağırışlarının da dinlə heç bir əlaqəsi yoxdur.

H.Ş.Həsənli Azərbaycanda radikal dini cərəyanların mövcudluğunu da təəssüflə qeyd etdi:

- Təəssüf ki, belə cərəyanlar var. Düzdü, sayları o qədər də çox deyil. Ancaq kimlərisə sıralarına cəlb edib döyüşə istiqamətləndirirlər. Məqsədləri də qan tökməkdir. Müəyyən dini icmalar var ki, dini təbliğ etmirlər, əksinə, onu gözdən salırlar. Din adından cinayət edirlər ki, böyük günahlardan biri də budur.

Gənclərin zərərli dini qruplaşmalarda təmsil olunmasına gəlincə, H.Ş.Həsənli bunu dini maarifçiliyin zəif olması ilə izah etdi:

- Azərbaycanda müasir dövrün tələblərinə cavab verən din xadimləri azlığı problemi var. Məscidlərdə, xütbələrdə bu mövzulara toxunulmalıdır və zərərli tərəfləri gənclərə anladılmalıdır. Əsas prioritet dini maarifçiliyin gücləndirilməsi olmasıdır. Daxildə dini təhsil gücləndirilsə, xarici ölkələrə dini təhsil almağa getməyə də ehtiyac qalmaz. Düşünürəm ki, dini radikallığa qarşı müxtəlif məzhəblərin nümayəndələrinin iştirakı ilə geniş tədbirlər keçirilməli, diskussiyalar aparılmalıdır.

İlahiyyatçı Elşad Miri isə hazırda cərəyan edən proseslərin dəqiq təhlilinin aparılmasının çətin olduğu qənaətindədir:

- Suriya məsələsində hələ də fikir müxtəlifliyi var. İslam dünyası bu məsələdə parçalanır. Bir tərəf Suriyada döyüşməyi cihad hesab edir, müsəlmanlara zülm edənlərə qarşı vuruşmağı müqəddəs iş sayır, digər tərəf isə baş verənləri hakimiyyət-müxalifət qarşıdurması hesab edir. İslamda şəhidlik məqamı yüksək olduğu üçün bəzi insanlar düşünür ki, gedim zülmkara qarşı döyüşüm, şəhid olum. Bəşər Əsəd museyri təriqətinə mənsubdu. Bu təriqətin əsl müsəlmanlara qarşı olduğu deyilir. Bəşər Əsədin atası Hafiz Əsəd də bilirsiz ki, müsəlmanlara qan udduran dövlət başçısı kimi tarixdə qalıb. Baxmayaraq ki, bu gün Bəşər Əsəd məscidə gedir, namaz qılır, camaatla birgə namaza durur, əslində onun islamdankənar olduğu deyilir. Bir sıra müsəlman ölkələri Bəşər Əsədi kafir elan edib. Və ona qarşı cihada çağırıb. Bu elə bir məsələdir ki, kimsə özü qərar verib cihad edə bilməz. Burada mütləq cihad fətvası olmalıdır. Suriyaya Əsədə qarşı döyüşməyə gedənlər də cihad çağırışını əsas götürənlərdir. Döyüşən qruplarsa müxtəlifdir. "Hizbullah” tərəfindən döyüşənlər var, müxalif düşərgə tamam fərqlidir. Hətta PKK xətti ilə döyüşənlər də var. Azərbaycandan Suriyaya döyüşməyə gedənlər güman ki, hansısa qruplaşmalarla təmasda olur. Çünki təkbaşına bunu etmək mümkün deyil. Məlum məsələdir ki, kimlərləsə əlaqə yaradırlar, kimlərsə onlara kömək edir. Yönləndirir, istiqamət verirlər. Bəzən belə düşünənlər də olur ki, bu gün biz zülmə məruz qalan müsəlmanları müdafiə etməsək, sabah bizi də Qarabağ döyüşündə müdafiə etməzlər. Gərək bu gün biz döyüşək ki, sabah da bizimlə birgə Qarabağda döyüşənlər olsun. Bunu müsəlman birliyi sayırlar. Ümumiyyətlə isə Suriyada vəziyyət həqiqətən çox gərgindi. Vətəndaş müharibəsi başlamazdan öncə də çox çətin idi. İnsanların yaşayış səviyyəsi çox aşağı idi, hətta dini baxımdan da Suriyada həmişə gərginlik olub. Məsələn, orada İranın təsir dairəsində olan bölgələr var. Müxtəlif təriqətlər, məzhəblər var ki, sərbəst fəaliyyət göstərirlər. Və təsir imkanları da genişdir. Əslində, bu məsələlərdə gənclər arasında dini maarifləndirmə işlərinin aparılmaması da əsas səbəbdi. Ölkənin dini idarəsi, dini qurumlara, ölkədə dini vəziyyətə nəzarət etməli qurumlar hardasa səhlənkarlığa yol verir, gənclərin düzgün dini təlim alması prosesini tənzimləyə bilmirlər.