"Dərman və ya süni qida şirkəti ilə həkimlərin anlaşması həmişə olub"




"Hər hansı həkimin ananın südü ola-ola yeni doğulmuş körpəyə süni qida verilməsinə təhrik etməsi inandırıcı deyil”.

Bunu Sherg.az-a doğum evlərinin və ya ayrı-ayrı həkimlərin süni qida məhsulları hazırlayan şirkətlərlə işbirliyi qurması barədə səslənən fikirlərə münasibət bildirərkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib. 

Onun sözlərinə görə, ən azından insanın, həkimin vicdanı olmalıdır ki, belə hallara yol verməsin:

"Müasir analar özləri süd verməməkdə maraqlıdır. Müxtəlif səbəbləri bəhanə edərək süni qidaya keçməyə meyl edirlər.

Hər bir süni qidanın tərkibi, müvafiq göstərişləri isə onun üzərində qeyd olunub. Burada təbii ki, həkimdən asılıdır. Körpəyə hansı süni qidanın verilməsi daha rahatdır, uşağı formalaşmamış mədə-bağırsaq sistemi vasitəsilə hansı tez sorula, orqanizmdən tez xaric ola bilər, köp verməz və s kimi məsələləri müəyyən edib, düzgün qidanı məsləhət görmək həkimdən asılıdır.

Hər hansı dərman və ya süni qida şirkəti ilə həkimlərin qarşılıqlı anlaşmasının olması həmişə olub və indi də var. Təbii ki. burada həkimin vicdanı, savadlılığı mühüm rol oynayır. Çünki körpələr bizim gələcəyimizdir. Bunu düşünərək onlara qida seçimində düzgün addım atmağımız çox önəmlidir”.

Aysel Aslan