Belə olan halda beynəlxalq güclər real təkliflər ortaya atacaq
Mayın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və Prezident Donald Trampla görüşüb. Ağ Evin məlumatına görə, Prezident Tramp Suriyada münaqişəyə son qoymaq üçün birlikdə işləməyin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti Lavrovla görüşdə həmçinin Ukrayna mövzusuna da toxunub. Qeyd edib ki, ABŞ bu ölkədə münaqişənin həllində maraqlıdır, Rusiya isə Minsk razılaşması çərçivəsində öhdəliyini tam yerinə yetirməlidir.
Görünən odur ki, dünya liderləri Dağlıq Qarabağ münaqişəsinin həllini Suriya və Ukrayna kimi prioritet hesab etmir. Belə olan halda Azərbaycan nə kimi addımlar atmalıdır ki, Qarabağ məsələsi, erməni terrorizmi dünyaya diktə etmək istəyən güclərin diqqət mərkəzində olsun?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də "Şərq”ə açıqlamasında qeyd edib ki, elə bizim də ən böyük bəlamız ondadır ki, Dağlıq Qarabağ problemi hələ də dünyanın böyük gücləri üçün prioritet xarici siyasət deyil:
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret təhlillərə vararkən dəfələrlə qeyd etmişəm ki, indiki reallıqda bu problemin danışıqlar yolu ilə həlli mümkün deyil. Rusiya münaqişə tərəflərini mütəmadi olaraq prezidentlər və ya xarici işlər nazirləri səviyyəsində görüşdürməklə müəyyən bir irəliləyişə nail olmaq istəsə də, ortada ciddi bir nəticə yoxdur. Bu da ondan qaynaqlanır ki, Dağlıq Qarabağ məsələsi nə Amerika Birləşmiş Ştatları, nə Avropa Birliyi, nə də Rusiyanın özü üçün gündəlikdə duran problem deyil. Bu məsələ dünya gücləri, eləcə də Rusiya tərəfindən dondurulmuş sayılmasa da, fakt odur ki, münaqişə dondurulub. ATƏT-in Minsk Qrupu həmsədrləri zaman-zaman regiona səfər etməklə atəşkəsin pozulmasının qarşısını almağa xidmət edirlər. Bu məsələni sülhə daşımaq üçün konkret planların razılaşdırılması yönündə nə isə bir iş görmürlər. Bu gün atəşkəs həmin dünya güclərinə sərf edir. Bütün dünya gücləri üçün prioritet olan əsas xarici siyasət Yaxın Şərq regionundakı münaqişələr və Ukrayna məsələsidir”.
Politoloqun sözlərinə görə, dünya güclərinin, beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə diqqət ayırmasını, bizim problemimizin də Ukrayna və Suriya məsələsi kimi dünya liderlərini narahat edən bir münaqişəyə çevirilməsi üçün Azərbaycan-Ermənistan cəbhəsindəki gərginliyi aktivləşdirmək lazımdır:
"Amma biz nə edirik?! Özümüz proses yaratmaq əvəzinə, bizə təqdim olunan proseslərin arxasınca sürünürük. Azərbaycan tərəfi hazırkı siyasi vəziyyətdən istifadə edib Dağlıq Qarabağda hərbi əməliyyatları başlamalıdır. Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı biz bir daha şahidi olduq ki, "ağlamayana kökə yoxdur”. 4 günlük savaş fonunda bütün dünyanın diqqəti Dağlıq Qarabağ cəbhəsində alovlanan gərginliyə yönəldi. ATƏT-in Minsk Qrupu dərhal əl-ayağa düşdü və ard-arda prezidentlərin görüşünü təşkil etdilər və döyüşlərin daha iri miqyasa çevrilməsinin qarşısını aldılar. Deməli, Azərbaycanın hərbi əməliyyatlara başlaması beynəlxalq birliyi masa arxasında oturub problemi həll etməyə vadar edəcək. Əks halda, dondurulmuş vəziyyətdə olan bu münaqişə dünya üçün heç bir maneə törətmir. Belə olan halda isə Dağlıq Qarabağ münaqişəsinin dünya liderləri üçün gündəlikdə olmasını gözləmək doğru deyil. Müharibə vəziyyəti yaradılmalıdır ki, Amerikanın, Rusiyanın, Avropa Birliyinin geosiyasi maraqları təhlükə altında qalsın. Bu zaman real təkliflər ortaya atılacaq və münaqişənin sülh yolu ilə həllinə inam artacaq. Biz öz səylərimizi artırmasaq, status-kvo dəyişən deyil”.
Şəymən