Fəlakət yaxınlaşır

Ruslar 60 min nəfərə qədər azalıb
“Millətin sayının sabit qalması üçün hər ailədə ən azı 3 uşaq olmalıdır ki, boşluq aradan qalxsın”

Rusiyada əhalinin artım səviyyəsi fəlakət səviyyəsində aşağı düşüb. Belə ki, keçən il ərzində ölkədə doğuş səviyyəsi 2015-ci illə müqayisədə 51 850 nəfər az olub. Rusiyada əhali artımı yalnız miqrasiya sayəsində mümkün olub.

Rusiyanın Demoqrafiya İnstitutunun rəhbəri Yuri Krupnov Prezident Vladimir Putinə "Çoxuşaqlı ailələrin statusu haqqında” federal qanuna dəyişikliklərlə bağlı layihə göndərib. Layihədə Rusiyadakı azuşaqlı ailələrə vergi tətbiq edilməsi istənilir. Sənəddə həmçinin çoxuşaqlı ailələrdə uşaqların tərbiyəsi ilə məşğul olan valideynin işinin əmək stajı kimi qəbul edilməsi təklif olunur. Layihədə əsas hədəf 2030-cu ilə qədər demoqrafiya problemini həll etməkdir.

Ölüm və boşanma hallarının artmasının Rusiya üçün xarakterik olduğunu vurğulayan politoloq Qabil Hüseynlinin sözlərinə görə, demoqrafiya probleminin artması da bununla əlaqədardır. Bu problem sovet dövründə də vardı, ancaq həmin vaxtlar İmperiyada alkoqolizmə qarşı mübarizə aparılırdı, həm də boşanmaların minimum endirilməsi üçün müvafiq addımlar atılırdı. Üstəlik də səhiyyə sistemi çox güclü olduğu üçün əhalinin nisbətən uzunömürlülüyünü təmin etmək mümkün olurdu: 

"Ancaq indi Rusiya əvvəlki, sovet Rusiyası deyil. Ölkədə yoxsulluq dərəcəsi son dərəcə artıb. Bu isə öz növbəsində insanların özünə qapanmasına, alkola meyl etməsini şərtləndirir. Bilirsiniz ki, Rusiyada spirtli içkiyə heç bir məhdudiyyət yoxdur, hətta uşaqların istifadəsinə qadağa yoxdur. Hesab edirəm ki, Rusiyada ölüm hallarının artması, yeni nəslin tükənməsinin səbəbi alkoqolizmin geniş yayılmasıdır. İkinci bir səbəb isə rusların gec evlənməsi ilə bağlıdır. Evlənsələr belə əksər ailələr tez də dağılır. Boşanma olmayanda ailələrdə ən çox bir uşaq dünyaya gətirilir ki, bu da artım üçün heç bir əsas vermir. Millətin sayının sabit qalması üçün hər ailədə ən azı 3 uşaq olmalıdır ki, boşluq aradan qalxsın”.

Q.Hüseynlinin sözlərinə görə, rəsmi statistikada orta ömür yaşı 55-57 göstərilsə də, qeyri-rəsmi məlumatlarda 47 göstərilir.

Politoloq deyib ki, Rusiya mövcud problemin qarşısını almaq üçün gah əcnəbilərin Rusiya vətəndaşlığına qəbulunu sadələşdirir, gah da qarışıq nikahların artmasına şərait yaradırlar. Hansı ki, bunların heç biri demoqrafiya problemindən xilas yolu deyil, əksinə, rusların genefondunun getdikcə zəifləməsinə zəmin yaradır.

Yuri Krupnovun təkliflərinin məqsədəuyğun olduğunu qeyd edən Q.Hüseynli hesab edir ki, bu layihə daha ağlabatandır: 

"Qərb ölkələrində də uşaqların sayının artırılması üçün çoxuşaqlı ana termini ortaya atılıb və onlara müəyyən miqdarda aylıq müavinət ödənilir. Hesab edirəm ki, Rusiya da bu cür təcrübələrdən yararlanmalı və müəyyən qədər də olsa, demoqrafik göstəricilərin artmasına çalışmalıdır. İl ərzində əhalinin sayı 5-6, bəzən də 8 milyon azalır. Bu axarla getsə, çox da uzaq olmayan bir gələcəkdə rusların sayı 120 milyona qədər düşə bilər. Belə olan halda Rusiyada yaşayan tatarların, başqırdların və digər xalqların sayı artacaq ki, bu disbalans Rusiya dövlətçiliyi üçün xoş olmayan bir sonluqla nəticələnə bilər. Ölkənin dünyadakı əzələ nümayişinə birdəfəlik son qoyula bilər”.

Şəymən