“Ola bilməz ki, keçilməmiş dərs saatları qala-qala şagirdlər imtahana cəlb edilsin”
“Mən Azərbaycan dili və ədəbiyyat üzrə test tapşırıqlarını araşdırmışam, orada mənasız, əhəmiyyətsiz tapşırıqlar olduğunu düşünürəm”
Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi ilə bağlı narazılıqlar, iradlar səslənir. İmtahanlarda iştirak edən 11-cilər test tapşırıqlarının çətinliyindən, hətta keçilməyən mövzuların da imtahan suallarına salındığını iddia edir. Bununla əlaqədar təhsil eksperti Kamran Əsədov da açıqlama verib və test tapşırıqlarından azı ikisinin tədris proqramında may ayının sonu, iyun ayının əvvəlində keçirilməsi nəzərdə tutulan mövzu olduğunu deyib.
"Müsavat.com”a açıqlamasında ekspert bildirib ki, qəbul imtahanlarının birinci mərhələsi aprel ayının sonu, mayın əvvəlində baş tutduğundan test tapşırıqlarında hələ keçilməyən mövzular da var. Bu da bəzi abituriyentlərin imtahan nəticələrinə mənfi təsir etməsinə səbəb ola bilərdi. Lakin abituriyentlər arasında ən yüksək göstərici - 700 bal toplayanlar da var. Belə çıxır ki, bu abituriyentlər keçilməyən mövzuları da "əla” bilir (?!). Ekspert bunun səbəbini abituriyentlərin repetitor yanına hazırlığa getməsi ilə əlaqələndirib. Yəni, nəticələr məktəbin tədris proqramının deyil, repetitor hazırlığının uğurudur.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə iddiaların əsassız olduğu fikrindədir. "Şərq”ə açıqlamasında N.Qulamoğlu qeyd etdi ki, hazırda tədris proqramında keçilməmiş mövzu qalmayıb:
- Məlumdur ki, may ayı keçilmiş mövzuların təkrarı ayıdır. Hazırda məktəb tədris proqramında keçilməmiş dərslər qalmayıb. Məsələn, Azərbaycan dili fənnində hazırda keçilmiş dərslərin təkrarıdır. Dövlət İmtahan Mərkəzi bunu nəzərə alaraq qəbul imtahanlarının vaxtını müəyyənləşdirib. Ola bilməz ki, keçilməmiş dərs saatları qala-qala şagirdlər imtahana cəlb edilsin. Mənim fikrimcə, "keçilməyən mövzu” dedikdə, daha çox uşaqların repetitor yanına gedib əlavə hazırlaşmaları nəzərdə tutulur. Ola bilər, repetitor müəllim hansısa mövzunu hələ keçməmiş olsun, amma bunun orta ümumtəhsil məktəbinin tədris proqramına aidiyyəti yoxdur. Lap tutalım, deyildiyi kimidirsə, yenə də burada Dövlət İmtahan Mərkəzi deyil, Təhsil Nazirliyi cavabdehlik daşıyır.
Çünki məhz TN tədris proqramının düzgün tərtibinə nəzarət etməliydi. Ümumilikdə, DİM-nin işi qənaətbəxşdir. Düzdür, çatışmazlıqlar yenə də var, builki imtahanlarda da testlərlə bağlı problemlər ortaya çıxdı. Mən Azərbaycan dili və ədəbiyyat üzrə test tapşırıqlarını araşdırmışam, orada mənasız, əhəmiyyətsiz tapşırıqlar olduğunu düşünürəm. Misal üçün, Azərbaycan dili türk dilləri qrupuna aiddir. Burada bizim uşaqlar üçün vacib olan Azərbaycan dilinə aid test tapşırıqlarıdır. Türk dil qrupuna daxil olan hansısa başqa dilə aid suallar məncə, lazımsızdır, bunun bizim abituriyentlər üçün nə əhəmiyyəti var? Lazımsız, mənasız məlumatlarla uşaqların beynini yormaq, yükləmək olmaz. Test bankı da zibillidir. Problem burasındadır ki, hansısa qüsurlu test tapşırığı imtahan suallarından çıxarılır, amma test bankında qalır. Hər dəfə də o tapşırıq imtahan sualları üzərində işləyən komandanın qarşısına çıxır. Və bəzən yenə istifadə olunur.
Builki qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarına gəlincə, deyərdim ki, nisbətən sadə hesab edirəm. Çünki 100 min abituriyentin arasında 700 bal toplayanların sayı 10 nəfərə çatırsa, deməli, suallar asan olmayıb. Ümumiyyətlə, asan tapşırıq yoxdur. Sadəcə, builki qəbul imtahanlarına az əhəmiyyətli tapşırıqlar salınıb.
N.Qulamoğlu qəbul imtahanlarının mərhələli keçirilməsinin üstünlükləri olduğunu da dedi:
- Birincisi, imtahanların mərhələli keçirilməsi abituriyentlərə əlavə şans verir. Ən müxtəlif səbəblərdən abituriyent imtahanda iştirak etməyə bilər, imtahana gecikər, həyəcan keçirib sualları yaxşı cavablandıra bilməz və s. İmtahanların mərhələli keçirilməsi şagirdə - abituriyentə bilik və bacarığını bir daha nümayiş etdirmək imkanı verir. Məncə, bu, müsbət haldır. Digər tərəfdən imtahanların mərhələli keçirilməsindən dövlət büdcəsi də gəlir əldə edir. Amma hesab edirəm ki, imtahanlarda iştiraka görə ödəniş 20 manatı keçməməliydi.
Məlahət Rzayeva