ÜAK-ın qeydiyyatının ləğvi çox sərt qərardır

Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir



Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib. Nebenzya ÜAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib.

Nazir müavini deyib ki, qərar iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: "Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”.

"ÜAK-ın ləğvi siyasi qərardır”

Milli Məclisin deputatı Asim Mollazadə isə deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qərardır. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir: "Bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir”.

ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan deputat əlavə edib ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir: "Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir”.

"ÜAK heç bir qanunsuzluğa yol verməyib”

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ÜAK-la bağlı məsələ hələ tam qapanmayıb. Ekspertin sözlərinə görə, ölkənin rəsmi və qeyri-rəsmi qurumları narazılığımızı Rusiyanın bütün strukturlarına çatdırmalıdır: "İndi ard-arda rusiyalı rəsmilər qeyd etməyə çalışırlar ki, guya bu qərar siyasi qərar deyil, tamam başqa məsələdir və s. Amma biz yaxşı bilirik ki, bu təşkilat 10 ildən artıqdır ki, Rusiyada normal fəaliyyət göstərib və heç bir qanunsuzluğa və özbaşınalığa yol verməyib. Birdən-birə Ədliyyə Nazirliyini hansı "ilan” sancdı ki, bunlar ÜAK-ın sənədlərini yada saldılar və hansısa "səhv” aşkarladılar. Qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra öz Nizamnaməsinə heç bir dəyişiklik etməyibsə, hansı səhvdən söhbət gedə bilər? Ona görə də, ən azından özlərinin dedikləri "səhvləri” düzəltmək lazımdır ki, iki ölkə arasında olan münasibətlərə təsir göstərməsin. Mən o fikri də bölüşürəm ki, bu qərarın verilməsində Rusiyadan daha çox kənar qüvvələrin rolu və iştirakı olub. Əgər Moskva bu məsələdə doğru-düzgün addım atmayacaqsa, zərbənin ən böyüyü elə Rusiyanın özünə və regionda, ölkəmizdə təmsil olunan qurumlarına dəyəcək”.

Almaniyadakı Azərbaycan diasporu Putinə müraciət edib

Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları ÜAK-ın ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiyaya müraciət qəbul edib. Almaniyadakı Azərbaycan diasporunun bəyanatında deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur: "Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin tam hüquqlarının qorunması üçün bütün şərait yaradılıb”. Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir: "Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi qərarı subyektiv xarakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil. Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər”.

İsveçrədə yaşayan azərbaycanlılar da ÜAK-ın ləğvini qınayıblar

İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb. Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub: "İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycanlıları Konqresinin də işinin necə çətin olduğunu bilirik. Cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz”.

İsmayıl