“Bəlkə də girov sözünün mahiyyətini düz qoymurlar, eyni zamanda bu bazar münasibətlərinə cavab vermir”
Bu günlərdə valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq. Məlumdur ki, "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən, artıq fiziki şəxslər də valyutadəyişmə məntəqəsinə sahib ola bilərlər. Lakin bunun üçün sahibkarlardan girov tələb edilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir:
"Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyutadəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Qeyd edim ki, girov passiv vəsait kimi təqdim edilir və bu, rüsum kimi qəbul edilməməlidir”.
Görəsən, bu proses nə dərəcə effektiv olacaq? Məsələni dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov valyutadəyişmə məntəqələrinin açılmasını alqışladığını deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu məntəqələrin bağlanması səhv addım idi: "Bilmirəm bu hansı dövlət orqanı tərəfindən təklif olunmuşdu, ancaq odövrkü bazar münasibətlərinin tələblərinə cavab verməyən bir iş idi. Valyuta məntəqələri bağlanandan dərhal sonra qara bazar funksiyasını bərpa elədi, şübhəsiz ki, belə də olmalı idi. Bir neçə illərdir ki, Avropaya inteqrasiya, turizmin inkişafı və çoxlu sayda xarici qonaqların ölkəmizə gəlib-getməsi, müalicəyə gedən insanlarımız, xaricdə oxuyan tələbələrimiz - bütün bu nöqteyi-nəzərdən insanların valyutaya, dollara və avroya olan tələbini ödəmək üçün valyuta məntəqələrinin bağlanması qətiyyətlə düzgün deyil. Ancaq valyuta məntəqələrinin yenidən bərpa olunması çox gözəldir, ən azı valyutadəyişmə prosesində elastiklik əmələ gələcək, hansısa şayiələrin qarşısı alınacaq və bütün neqativ hallar aradan qaldırılacaq”.
Girovların tələb olunması isə heç bir şərtə cavab verməyən məqamdır və bilinmir ki, özündə hansı məsələləri əhatə eləyəcək. Nə üçün mübadilə məntəqələrinin açılmasında vətəndaşlar tərəfindən girov qoyulmalıdır? Bəlkə də girov sözünün mahiyyətini düz qoymurlar. Ancaq girov adınının qoyulması heç bir məntiqlə uyğunlaşmır, eyni zamanda bazar münasibətlərinə cavab vermir”.
"Vətəndaşlardan müəyyən girovun tələb edilməsi onları valyuta məntəqəsi açmaq fikrindən daşındıra bilərmi” sualına gəlincə, ekspert deyib ki, əgər bu sahənin adamı valyutadəyişmə məntəqəsi açmaq istəyirsə, 50.000 manatın onun üçün problem olması inandırıcı deyil: "Bu insan gedib kredit götürə bilər və başqa yolla valyuta məntəqəsini aça bilər. Eyni zamanda 50.000 və ya 25.000 manat vətəndaşın iqtisadi dövriyyəsindən süni şəkildə çıxarılmış olur. Bir var ki, 25.000 manatı da öz biznesinə daxil edir və iqtisadi dövriyyəsində stimullaşdırıcı addım atır, bir də var ki, bütün bunlardan məhrum edilir, qarşısına müəyyən tələblər qoyulur.
Bunun heç bir mahiyyəti yoxdur və bu, dünya praktikasında olmayan bir şeydir. Bir çox ölkələrin də bu qəbildən olan proseslərini öyrənmişik - ABŞ, Avropa ölkələri başda olmaqla heç harda belə bir proses yoxdur. Sahibkardan yalnız depozit tələb edilə bilər. Kimsə gətirib 20.000 manat qoyub deyə bilər ki, "gün ərzində mənə dollar yığ”. Beləliklə vətəndaşla valyuta məntəqəsi arasında bir sövdələşmə ola bilər. Amma girov kimi pul qoyulması artıq burada baryer yaradır”.
Yeganə Bayramova