32 yaşlı müəllimə ilə 18 yaşlı gəncin izdivacına fərqli baxışlar var

“Narazılıq doğuran bu eşq macərasının sinif otağından başlamasıdır”
Aqiyə Naxçıvanlı: “Bu ailə görək necə olacaq. İnanmıram ki, möhkəm ailə olsun, fikirlər üst-üstə düşsün və problemlər olmasın”
Aqşin Yenisey: "O gənclərin də biri-birlərini sevməsi, evlənməsi adi haldır. Sadəcə, məktəblərin eşq-meşq yuvalarına çevrilməsi yolverilməzdir” 

Lalə Mehralı: "Bir müəllimin öz şagirdi ilə 2 il sevgili olmasına necə susaq?”



Bakının Binəqədi rayonundakı 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəllimi, Əminə müəllimin həmin məktəbin şagirdi olmuş 18 yaşlı Cəlilə qoşulub qaçması və ötən gün özlərinə toy çaldırması xəbəri medianın gündəmini zəbt edib, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xəbərin müzakirəsinə qoşulan feysbuk istifadəçilərinin fikirləri haçalanıb. Kimi bu evliliyi pisləyib, onların qəbahətli olduğunu deyib. Xüsusən də, 32 yaşlı xanım müəllim çox ciddi qınaqlara tuş gəlib. Ancaq digər kəsim bu olayı təbii qarşılayıb. Onlar da boş durmayıb, bu evliliyi qınayanları hədəf alıblar.

Arqumentləri isə odur ki, 18 yaşlı qızın 40 və ya 50 yaşlı kişi ilə evlənməsi xəbəri yayımlananda nə qeyri-adi hadisə hesab olunur, nə də cəmiyyətdə təəccübə səbəb olur. Məktəb xatirələrindən şagirdlərin öz müəllimlərinə aşiq olması faktları ilə tanış olsaq da, müəllimin öz şagirdi ilə eşq yaşaması bizim üçün təəccüb doğuracaq qədər yeni bir haldır. Məhz bu səbəbdən də ciddi müzakirələrə və bəzi hallarda mübahisələrə səbəb olan bu evliliyi ekspertlərlə müzakirə etməyə ehtiyac duyduq. Görəsən, ictimaiyyət üzvləri necə düşünür, doğrudan belə hallarda ictimai qınaq olmalıdır, yoxsa həddindən artıq şişirdilir?

Dünyada mənəvi məsələlərdə anomaliyalar olduğunu düşünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının qənaətincə, bu cür evliliklər - istər qızın özündən çox böyük kişi və ya oğlanın özündən çox böyük qadınla evlənməsi halları milli-mənəvi dəyərlərə ziddir: "Onu başa salan olmayıb ki, özündən yaşda xeyli böyük qızla evlənirsən, sənin ailən necə olacaq, uşağı necə tərbiyə edəcəksiniz, uşaq necə dünyaya gələcək. Belə ailələr qurulanda onun sonuna baxmaq lazımdır. Hissləri ağıldan üstün tutaraq evlənirlər, baxmaq lazımdır ki, bir neçə ildən sonra bu ailə qalır, yoxsa davam edir? Elə bir statistika hələ ki yoxdur. Amma eşitdiklərimə görə elə ailələr çox tez dağılır. Bu gün yayılan məlumatda deyilir ki, ingilis dili müəlliməsi oğlan onun şagirdi olanda biri-birlərini seviblər və iki ildən sonra evləniblər. Yəqin onlar dünya praktikasından nəsə öyrənib, oxuyublar və ya doğrudan da belə hisslər olub. Bu ailə görək necə olacaq. İnanmıram ki, möhkəm ailə olsun, fikirlər üst-üstə düşsün və problemlər olmasın. Qadının gənc əri varsa, orada qısqanclıq məsələsi də olacaq. Təki xoşbəxt olsunlar. Lakin bu məsələləri qeyri-normal hesab edirəm. 70 yaşlı kişi 18 yaşlı qadınla evlənəndə buna təəccüblə baxmırıq, halbuki, o da anormal hadisədir”.

Komitə sədri məktəblərdə bu cür anormal hadisələrin baş verməsini müəllim-şagird münasibətlərindəki boşluqlarla əlaqələndirib: "Açıqlamada deyilir ki, müəllimə ilə keçmiş şagirdinin münasibəti məktəbdən başlayıb. Deməli, müəllim-şagird münasibətlərində boşluqlar var. Şagird müəllimə müəllim gözü ilə baxmalıdır. Bizim ideal müəllimimiz var, lakin bu o demək deyil ki, onunla evlənməliyik. Görünür, bu məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədə deyil. Çünki artıq neçənci məktəbdir belə hallar baş verir, Şamaxıda baş verən hadisənin ardınca bu olay. Məktəblərdə bu cür hadisələrin olması yaxşı hal deyil. Tərbiyə birinci yerində olmalıdır. İnsanların birinci tərbiyəsi, sonra savadları olmalıdır. Görünür, bu məktəblərin bəzilərində müəllim-şagird məsələləri, tərbiyə məsələlərində boşluqlar var”.

Şair Aqşin Yenisey isə deyib ki, bu cür hallar təsadüfi baş verdiyi halda adi həyat hadisəsi kimi yanaşmaq olar: "Amma son illər orta məktəblərdə belə söz-söhbətlər tez-tez mətbuata çıxır. Bu onun göstəricisidir ki, artıq yeniyetmələr məktəbə təhsil almaq niyyəti ilə getmirlər. Məktəb vaxt öldürmək, yeniyetməlik duyğularını təmin etmək, ailənin, evin gözündən uzaq qalmaq üçün bir məkana çevrilib. Əvvəllər bu hal universitetlərdə yayğın idi. Məsələn, bizim tələbə yoldaşlarımızın əksəriyyəti universitetə avaralanmağa gəlirdi və bu avaralığın nəticəsində də hərəsi bir müəllim diplomu aldı. İndi həmin yoldaşlar orta məktəblərdə dərs deyirlər. Yəni burada təəccüblənəsi heç bir hadisə baş verməyib. Olanımız budur. Təəccüblü olan budur ki, biz bunun adını təhsil qoymuşuq, təhsil ocağı qoymuşuq. Bir yerə ki, sevib-sevilməyə, "qız tutmağa”, ər axtarmağa gedirik, onun adı da mahiyyətinə uyğun olmalıdır. Gəlin arzu edək ki, şagirdlərin müəllimələri, müəllimlərin şagirdləri sevməsi həmişə olduğu kimi mətbuatın yox, ədəbiyyatın mövzusu olsun”.

Sevgiyə qarşı çıxmağın doğru olmadığını vurğulayan şair deyib ki, təhsil ocaqları da öz funksiyalarını itirməməlidir: "Leyli ilə Məcnun sevgisi də məktəbdən başlamışdı. Valideynləri qarşı çıxdı, gördük nələr oldu. O gənclərin də biri-birlərini sevməsi, evlənməsi adi haldır. Sadəcə, məktəblərin eşq-meşq yuvalarına çevrilməsi yolverilməzdir. Biz çalışıb, təhsil ocaqlarında baş alıb gedən mənəviyyat aşınmasının qarşısını almalıyıq. Bu halların adiləşməsi yolverilməzdir. Əks halda, sabah qızlarını məktəbə buraxmayan atalara heç nə deyə bilməyəcəyik”.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı da o fikirdədir ki, kimin-kimlə evlənməsinə, aradakı yaş fərqinə qarışmaq ixtiyarımız yoxdur. Amma bu o demək deyil ki, sözügedən hadisəyə şəxsi işləridir deyib, keçməliyik: "Faktiki olaraq, bu müəllim 2 il müddətində öz şagirdi ilə eşq həyatı yaşayıb. Bu isə artıq onu göstərir ki, məsələ şəxsi həyatdan daha çox ictimai məsələdir. 30 yaşlı bir qadın müəllimlə 16 yaşlı yeniyetmənin sevgi münasibətində olması qınanmalıdır. Bu həm məktəb qanun-qaydasına, həm də müəllim əxlaqına ziddir. Sosial şəbəkələrdə onların münasibətinə haqq qazandıranlar da var ki, hər kəsin öz həyatını istədiyi ilə paylaşmaq haqqı var. Hesab edirlər ki, kişi müəllim vaxtı ilə dərs dediyi şagirdi ilə evlənməsinə sakit qalanlar, indi də danışmamalıdır. Hansı ki, bizim qarşı çıxdığımız məsələ həmin gəncin nə vaxtsa o müəllimin tələbəsi olması deyil. Narazılıq doğuran bu eşq macərasının sinif otağından başlamasıdır. Onlar arasındakı münasibət oğlan məzun olduqdan sonra başlamış olsaydı, təbii ki, bizim söz haqqımız olmazdı. Nolsun ki, arada yaş fərqi var!? Göz görüb, könül sevib, bunun kimə nə dəxli! Evlənmələri də sübut edir ki, münasibətləri ciddi olub. Şəxsən məni onların toyu yox, buna qədər olan proses - müəllimin 16 yaşlı şagirdi ilə məktəbdə iki il eşq yaşaması narahat elədi, onları müdafiə edənləri narahat eləmədi? Harda qaldı peşə əxlaqı? Biz evimizdə övlad böyüdürük. Məktəbə uşaq göndəririk. Bir müəllimin öz şagirdi ilə 2 il sevgili olmasına necə susaq? Bu eşitdiklərimizdən sonra övladlarımızı məktəbə, müəllimə necə əmanət edib, rahatca öz işimizlə məşğul olaq? Həmin xanımın şəxsi əxlaqını sorğulamaq bizə düşməz, amma bir müəllimin öz şagirdi ilə eşq yaşaması müəllim əxlaqına ciddi zərbədir. Hesab edirəm ki, həmin müəllim, ümumiyyətlə, təhsil sistemindən kənarlaşdırılmalıdır. Hansısa valideynin öz övladını belə bir müəllimə etibar edəcəyini zənn etmirəm”.

Son zamanlar orta məktəblərimizlə bağlı xoşagəlməyən xəbərlərin kütləvi xarakter aldığını vurğulayan sosioloq deyib ki, öz şagirdinə təcavüz edən müəllim, 10-cu sinif şagirdini canından bezdirən direktor, dərs dediyi uşaqların taleyindən xəbərsiz olan məktəb rəhbərliyi mahiyyətli hadisələr bizim adət-ənənələrimizə, təhsil siyasətimizə, mənəviyyatımıza ziddir: "Məktəblərimizdə yaşanan hadisələr hazır film ssenariləridir. Əvvəllər ailədə düzgün tərbiyə olunmayan uşaqları müəllimlər şəxsiyyət kimi formalaşdırırdı. Balaca vaxtı nadinc olan uşaqlara "eybi yox, məktəbə gedəndə ağıllanacaq” deyirdik. Hətta biz məktəbli olanda hərdən müəllimlərimizə "ana” deyə müraciət edirdik. Bunun da səbəbi onlardan ana qayğısı görməyimizlə bağlı idi. Düzdür, qayğıkeş müəllimlərimiz yenə də var. Amma son zamanlar məktəblərimizin adının xoş olmayan hadisələrdə hallanması onların da adına ləkə gətirir. Biz görmüşdük ki, məktəblər olimpiada qalibləri, qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə tanınar. İndi isə məktəblərimiz təcavüzçü, şagirdinə gözü düşən müəllimlərimiz, uşaqları məktəbdən uzaq salan direktorlarla "məşhurlaşır”. Sizi inandırım, artıq müəllimlərimiz arasında narkotik istifadəçiləri aşkarlansa, heç təəccüblənmərəm”.

Bütün bu aşınmaların yediyimiz qidalardan, izlədiyimiz filmlərdən qaynaqlandığını, reklamlar vasitəsilə beyinlərə yeridildiyini vurğulayan L.Mehralı deyib ki, süni qidalarla genefondumuzu dağıdır, insanlığımızı əlimizdən alırlar. Vallah, bu rastlaşdığımız hadisələrin heç biri normal məntiq sahibinin atacağı addımlar deyil. Görünür, artıq insanlarımız o qədər manqurtlaşıb ki, öz missiyalarını, vəzifələrini unudublar.

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, bu hadisə insanların öyrəşmiş olduğu düşüncə tərzinə yad olduğu üçün qıcıq yaradıb: "Olaya normal yanaşanlar da az deyil. İnsanların bir qisminin mənfi reaksiyasının səbəbi sözügedən hadisənin müəllimin reputasiyasına vurulan zərbə kimi qiymətləndirilməsidir. Digər bir tərəfdən bizim adət-ənənə sistemimiz mövcuddur ki, insanların öyrəşmiş olduğu bu düşüncə tərzinə yad bir addım atılanda qıcıq yaradır. Bu, öyrəşilən düşüncə tərzinə müdaxilə kimi qiymətləndirilir. Tərəflər biri-birinə aşiq olub evlənibsə, bunun başqalarına heç bir aidiyyəti yoxdur. Hətta dinimiz də bunu normal qarşılayır. Məhəmməd peyğəmbərin özünün evləndiyi ilk qadın ondan yaşca xeyli böyük idi. Burda qəbahət bir şey yoxdur. Sadəcə olaraq, bizim cəmiyyət ailə quran tərəflərdən oğlanın yaşca daha böyük olması faktına öyrəşib. Bu, zaman keçdikcə, onlar arasında balansın yaranması ilə bağlıdır”.
Psixoloq yeni ailə quran gənclərə xoşbəxtlik arzulayıb və bunun əxlaqa zidd olmadığını, tam yetkinlik yaşına çatmış gənclər arasında qanunvericiliyə uyğun nikah bağlandığını bildirib.

Şəymən