“Bu xəstəliklər yalnız yaşlı insanlar deyil, gənclər üçün də aktualdır”
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yerdədir. Belə ki, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb və may ayının 15-də bitib. Səhiyyə Nazirliyindən hesabat dövründə 5499863 nəfər müayinə edilib, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın əhalisinə aiddir. Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri təşkil edib.
Qeyd edək ki, bu xəstəlik tək Azərbaycan yox, bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Dünyada bu xəstəliklərin müalicəsi üçün hər gün müxtəlif metodlar, müalicələr təqdim olunsa da, yetərli olmur. Əslində bu xəstəliklərdən sığortalanmaq üçün möcüzəvi dərman axtarmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, sağlamlıq üçün vacib olan bəzi amilləri nəzarətdə saxlamaq yetər.
Qan dövranı xəstəliklərinin artması ilə bağlı danışan tibb eksperti, professor Adil Qeybulla deyib ki, bu növ xəstəliklərin bütün dünyada çoxalmasına səbəb xolesterinli qidanı çox qəbul etməklə bağlıdır.
Kimyəvi dillə desək, insan gün ərzində qəbul etdiyi xolesterinli qidanın kalorisini hərəkət etməklə yandırmalıdır: "Orqanizmə daxil olan qida ilə sərf edilən enerji balansı düzgün olmadığı üçün, bu xəstəliklər də dünyada geniş yayılmaqdadır. Bu gün hər bir işi asan şəkildə həll etmək mümkündür. Texnologiya günü-gündən inkişaf edir, insanlar isə hərəkətsizliyə daha çox meyilli olurlar. Xolesterinli qidaları qəbul edənlər hərəkət etmədikdə, orqanizmə daxil olan materiallar tam parçalanmır, kimyəvi dillə desək yanmır. Bu proses sona qədər getmədiyi üçün nəticədə ara məhsulları əmələ gələrək damarların divarlarına çökür. Bu da damarların vaxtından əvvəl tıxanmasına, daralmasına səbəb olur və ürək-damar xəstəliklərinə, insultlara, beyinə qan sızmasına, qan təzyiqinin yüksəlməsinə, infarkt və digər damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Həmin xəstəliklər isə ömrün qısalmasına, əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsinə səbəb olur”.
Bütün dünyanın bu xəstəliklərlə mübarizə apardığını qeyd edən professor A.Qeybullanın sözlərinə görə, inkişaf etmiş ölkələrdə kütləvi idmanın inkişafı, insanların hərəkətliliyinin təmin olunması istiqamətində xeyli proqramlar həyata keçirilir:
"O baxımdan mümkün qədər saat 5-dən sonra yağlı qidalar yeməkdən çəkinmək, hərəkətdə olmağı təmin etmək lazımdır. Hər gün bir neçə kilometr piyada gəzməyə, enerjinin sərf olunmasına orqanizmin ehtiyacı var. Bütün bunlar ürək-damar xəstəliklərinin ilkin profilaktikası üçün əsas şərtlərdəndir. Mütəmadi olaraq 40 yaşdan sonra həkim müayinəsində olmaq, aspirin qəbul etmək və s. buraya aiddir”.
Ekspertin sözlərinə görə, bu xəstəliklər yalnız yaşlı insanlar deyil, gənclər üçün də aktualdır. Ona görə də hər kəs hərəkətliliyini təmin etməlidir: "Bütün yaş qruplarında insan aktiv olmalıdır. Təcrübə göstərir ki, 20-25 yaşdan sonra damarlara xolesterin məhsullarının çökməsi başlayır. Bu da artıq problemin yaranması deməkdir”.
Bu xəstəliklərin hansı hallarda ölümlə nəticələnməsi haqda danışan A.Qeybulla bildirib ki, həyati əhəmiyyəti olan orqanlara qan yaxşı getmədikdə ölümə səbəb olur. Ürək infarktı, beyinə qan sızmaları, işemik insultlarda ölüm halları yüksəkdir:
"Ancaq bu xəstəliklərdə müalicədən çox profilaktika önəmlidir. Əgər hansısa orqanda qan təchizatı ilə bağlı problem aşkar olunarsa, həkim nəzarəti altında müalicələr təyin edilir. Bu cür xəstələr vaxtaşırı müayinə və müalicədə olurlar. Xəstəliyin yaranmasının qarşısını almaq üçün müxtəlif rejimlərdə, işarası nahar vaxtı, işdən sonra hərəkət təmin oluna bilər. Bu problemlə üzləşməmək üçün daim hərəkətdə olmaq, fiziki aktivliyi qorumaq lazımdır”.
Şəymən