Yayda sərnişinlər istidən avtobusların qapılarını açıq saxlanmasını tələb edirlər
Sərnişin daşımaları zamanı ancaq pəncərələrin açılmasına icazə verilir
Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə, sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xəbərdarlıq məktubu göndərib.
BNA-dan verilən məlumata görə, məktubda, iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin, havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobusların qapısını açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.
Həmçinin, yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə, avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib.
Sərnişindaşıma qaydalarında qapıların bağlı olmasının təhlükəsizlik məsələlərindən biri olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov hərəkət vaxtı sürücülərin qapıları açıq vəziyyətdə saxlamasının olduqca yanlış olduğunu diqqətə çatdırıb. Ekspert qeyd edib ki, əgər avtobuslar dayanacaqdan sərnişinləri mindirib yola düşürlərsə, mütləq şəkildə qapılarını bağlamalıdırlar: "Yaxud da sərnişin dayanacağına gəlib çatandan sonra qapıları açmalıdırlar. Bu, təhlükəsizlik nöqteyi-nəzərdən düzgün deyil, həm də ümumiyyətlə nəzərdə tutulmayıb ki, qapılar açıq vəziyyətdə sərnişin daşınsın. Son vaxtlar alınmış yeni avtobuslarda "kondisioner” var. Amma köhnə avtobuslar var ki, onlarda "kondisioner”lər yoxdur. "Kondisioner”in olmaması isə sürücüyə qapını açıq saxlamaq təminatı vermir. Ona görə də Bakı Nəqliyyat Agentliyinin bu xəbərdarlığını alqışlayıram”.
Bəzi hallarda isə sürücülərin qaydalara tam olaraq əməl etməsinə baxmayaraq sərnişinlər havanın isti olması səbəbindən israrla qapıların açıq qalmasını tələb edirlər. F.Eyyubovun sözlərinə görə, sərnişinlərin sürücülərə əlavə təzyiq göstərməsi düzgün hal deyil və həm sərnişinlərin, həm də sürücülərin hüquq və vəzifələri var:
"Sürücülərin hüquqları və vəzifələrinə daxil olan məsələlər yalnız sürücülərə aiddir. Onlar sərnişinləri mənzil başına sağ-salamat çatdırmalıdır. Elə sərnişinlər var ki, dayanacaqlara çatmamış avtobusun dayanmasını və qapıların açılmasını tələb edirlər. Sərnişin heç bir zaman sürücünü məcbur eləyə bilməz ki, "içəridə istidir, qapını açıq qoy”.
Sərnişin daşımaları zamanı müəyyən pəncərələrin açılmasına icazə verilir. Əgər pəncərələrin hamısı bağlıdırsa və onlar açılmırsa, demək ki, avtobusların texniki tələbatı tam ödənilib. Əgər içəridə həddindən artıq isti varsa, ya "kondisioner” işləməlidir, ya da yan şüşələri açıb avtobusu sərinlətmək olar. Amma hərəkət zamanı qapının açıq qalmasına qəti surətdə icazə verilməməlidir, çünki bu zaman sərnişindaşımada təhlükəsizlik təmin olunmur”.
Yeganə Bayramova