YAP hesabat verdi, müxalifət kasıbçılığından danışır

Partiyalar üzvlərdən yığılan pullarla ancaq qərargahlarını saxlaya bilirlər


Yanvarın 23-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın İdarə Heyətinin 2013-cü ilə dair illik maliyyə hesabatı, partiyanın tərkibi və 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, partiya sıralarına 31 min 600 nəfərdən çox yeni üzv qəbul olunub. 2013-cü ildə qurumun gəlirləri 7 milyon 16 min 790 manat olub.

Bunun 5 milyon manatının üzvlük haqlarından əldə olunduğu qeyd edilib.

Hakim partiyanın illik hesabatı ilə bağlı açıqladığı rəqəmlərə münasibət bildirən müxalifət nümayəndələri YAP istisna olmaqla digər siyasi partiyaların maddi imkanlarının çox məhdud olduğunu qeyd edərək, deklorasiyaya ehtiyac olmadığını bəyan ediblər.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, onların partiyasında üzvlük haqqı nizamnaməyə uyğun olaraq ümumi gəlirin 1 faizini təşkil edir. Amma partiya üzvlərinin böyük əksəriyyəti heç bir yerdə işləmədikləri və dövlət büdcəsindən maaş almadıqları üçün üzvlük haqqını ödəməkdə çətinlik çəkirlər: "Hakim partiya üzvlük haqlarını partiya üzvlərinin əmək haqqından tutur. Ancaq Müsavat dövlət tərəfindən maliyyələşmir. Eyni zamanda üzvlərimizə hansısa bizneslə, sahibkarlıqla məşğul olmağa da imkan vermirlər, onlara süni maneələr yaradırlar. Ona görə də bəzi üzvlərimizin çox az miqdarda verdiyi pul qərargahın icarə haqqına, kommunal xərclərə birtəhər çatır”.

AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu isə deyir ki, bütün siyasi partiyalar illik maliyyə hesabatlarını verməlidir: "Xüsusən dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlarını şəffaf şəkildə təqdim etməlidirlər. Çünki onlar vergi ödəyicilərinin hesabına maliyyələşirlər. YAP-ın imkanları və resursları bütün siyasi partiyalardan qat-qat çoxdur. Çünki bu partiya iqtidardadır. Bu gün müxalifət partiyalarının heç birinin əsas qərargahları olmadığı halda, hakim partiyanın rayonlarda, qəsəbələrdə belə təşkilatları var”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da partiyaların illik və aylıq gəlirlərinin mütləq şəffaf şəkildə göstərilməsinin tərəfdarıdır: "Rəqəmlərdə azaltma və ya şişirtmə lazım deyil. İndiyə qədər sadəcə YAP öz maliyyə hesabatını açıqlayıb, deklorasiya verib. Bunu normal qarşılayıram. Çünki qurumun demək olar ki, bütün üzvləri dövlət büdcəsindən maliyyələşir. Buna görə də üzvlük haqqını onların maaşlarından tutmaq asan və rahat olur. Amma müxalifət partiyalarında vəziyyət başqa cürdür. Məsələn, konkret KXCP-də, baxmayaraq ki, bu partiya Azərbaycan milli-azadlıq hərəkatında və müstəqilliyin bərpasında mühüm rol oynayıb, təşkilatın bütün üzvləri demək olar ki, işsizdir. Siyasi əqidəsinə və düşüncəsinə görə, KXCP üzvlərinə iş verilmir. Onların irəli getmələrinə şərait yaradılmır. İşləməyən partiya üzvlərinin də təşkilata maddi dəstək vermək imkanları olmur. Sadəcə rayon təşkilatlarımızda cüzi miqdarda üzvlük haqqı toplamaq mümkündür. Həmin vəsait də təşkilatın cari məsələlərinə sərf olunur. Yəni KXCP-nin sosial bazası çox olsa da, işsizlik ucbatından kifayət qədər üzvlük haqqı yığa bilmir. Ayrı-ayrı vaxtlarda da xeyirxah şəxslər fərdi şəkildə yardım edirlər”.

X.Teyyublu deyir ki, bu gün YAP-dan başqa heç bir siyasi partiya maliyyə hesabatı verə bilməz. Yalnız parlamentdə təmsil olunan bir neçə partiyanın deklorasiya vermək imkanı var: "Hər bir təşkilatın öz nizamnaməsi və fəaliyyət istiqaməti var. Hazırda YAP istisna olmaqla, heç bir partiya iqtisadi cəhətdən güclü deyil. O cümlədən KXCP də maliyyə vəziyyətinə görə, ən zəif partiyalardandır. Təşkilatımızı yaşadan bura toplaşan əqidə insanlarının və tərəfdaşlarımızın möhkəm dostluğudur”.

İsmayıl