Avtobuslardakı yanğın sərnişinləri qorxuya salıb

Hətta oturacaqlar, elektron tablolar, bunlar hamısı yanğına səbəb ola bilər


Paytaxtda Biləcəri-Binəqədi xətti üzrə hərəkət edən 170 saylı sərnişin avtobusunda iki gün ard-arda yanğın baş verməsi ictimai nəqliyyatdakı problemləri yenidən qabartdı. Yanvarın 22-də 170 saylı marşrutda baş vermiş yanğının yanvarın 23-də təkrarlanması sərnişinlərin haqlı narazılığına səbəb olub.

Sürücü isə yaxasını kənara çəkərək 170 saylı marşrut üzrə hərəkət edən avtobusun texniki cəhətdən nasaz olduğunu deyib. Sərnişinlər onsuz da ictimai nəqliyyatın əlindən yanıqlıdır. Üstəlik, bir tərəfdən də yanğın baş verir. İctimai nəqliyyatdan istifadə edənlər xəttə buraxılan avtobusların hansı vəziyyətdə olduğunu bilir. Bəzən avtobuslar tüstüləyə-tüstüləyə hərəkət edir. Bəzən təkərləri yolun ortasında boşalır, əyləc sisteminin işləmədiyi məlum olur. Sürücülər isə avtobusu dayandırmağı ağıllarına da gətirmir. Salondakı sərnişinləri tüstüyə boğa-boğa yollarına davam edirlər. Hətta bəzən sərnişinlər ehtiyat edib mənzil başına çatmamış avtobusu tərk edirlər. Çünki mənzil başına sağ-salamat çatacaqları artıq böyük sual altında olur.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, avtobuslar hər səhər xəttə buraxılarkən texniki baxışdan keçirilməlidir. Texniki baxışa marşruta cavabdeh olan şirkət, idarə məsuliyyət daşıyır:

- Avtomobillərdə müxtəlif səbəbdən yanğın ola bilər. Avtomobillərin konstruksiyasının 90 faizi yanmağa meylli materiallardır. Mühərrik, sürtkü yağları, yanacaq bakı, elektriklə işləyən hissələr, hətta avtobusun oturacaqları, elektron tablolar, bunlar hamısı yanğına səbəb ola bilər. Avtomobildə naqillər yüksək dəqiqliklə birləşdirilməlidir, yaxşı izolyasiya olunmalıdır, quraşdırılmış naqillər gərginliyə, müqavimətə uyğun olmalıdır. Avtomobildə qısaqapanma yarana bilər, nəticədə yanğın baş verər. Elektrik gərgiliyinə ciddi fikir verilməlidir. Bəzən sürücülər elə bilir ki, 12 Volt gərginlik azdır. Halbuki bu gərginliklə dünyanı dağıtmaq mümkündü. Avtomobildə diqqətə alınmayan, əhəmiyyət verilməyən ən kiçik pozuntu böyük yanğına, insan tələfatına gətirib çıxara bilər. İctimai nəqliyyatda, sərnişindaşımada çalışanlar xüsusilə diqqətli olmalıdırlar, çünki onlara insan həyatı həvalə olunur. Nazirlər Kabinetinin xüsusi qərarı var ki, sərnişindaşımada, yükdaşımada çalışan avtomobillər hər gün reysə çıxmazdan əvvəl texniki müayinədən keçirilməlidir. Buna da marşruta cavabdeh olan şirkət, yaxud da dövlət strukturu məsuliyyət daşıyır. Texniki müayinə aparılmadan heç bir avtomobil xəttə buraxılmamalıdır. Sürücülər də diqqətli olmalıdır, işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Gecə sürücü avtomobili qaraja gətirəndə bildirməlidir ki, gün ərzində hansı problemlə qarşılaşıb. Avtomobilin harasında nasazlıq müşahidə edilib. Bir də görürsən, avtobusun xəbərdarlıqedici işıqları yanmır. Sürücü bunu yerində bildirməlidir və təmir edilməsini tələb etməlidir. Avtobuslardakı əlavə qurğular da təhlükəlidir. Avtobus salonları diskotekaya bənzəyir. Hərə öz istədiyi formada bəzək vurur. O qədər artıq, gərəksiz, iş prosesinə mane olan əlavə əşyalar, bəzəklər vururlar ki, yolu normal izləmək çətinləşir. Avtobuslarda quraşdırılmış maqnitofonlar, səsgücləndiricilər də yanğına səbəb ola bilər.

Ə.Hüseynov ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət edilmədiyini də bildirdi:

- Avtobuslara baxsanız, heç birində alov söndürən balonları görməzsiniz. Halbuki bütün minik vasitələrində alovsöndürən balonlar olmalıdır. Avtomobilin həcminə uyğun olaraq 1 litrlikdən tutmuş 5 litrliyədək. Avtobusların tutumu böyük olduğu üçün orada 5 litrlik su balonu olmalıdır. Və sürücülər də yanğına qarşı təlimatlandırılmalıdır. Həm də bu su balonları sürücünün arxa tərəfində yerləşməlidir. Amma bizim avtobuslarda bu yoxdu. Qəzalar zamanı istifadə olunmalı

çəkiclər də, dərman qutuları, "apteçka”lar da yoxdu. Hamısının yeri boşdu. Hanı bu avadanlıqlar? Avtobusa maqnitofon lazım deyil, bər-bəzək vurmaq, üst-üstə 10 dənə güzgü asmaq lazım deyil. Təhlükəsizlik qaydalarına riayət etmək, qəzalar zamanı istifadə edilən, sərnişinlərin təhlükəsizliyinin təminatına xidmət edən avadanlıqları yerinə qaytarmaq lazımdı.

Qeyd edək ki, 170 saylı marşrut Bakı Sərnişin Nəqliyyat MMC-yə məxsusdur. Bu marşrut üzrə texniki cəhətdən nasaz avtobusların niyə xəttə buraxılmasının cavabını da onlar verməlidir.

Məlahət Rzayeva