Rusiya Ukraynanı itirir

Ona görə Qarabağ cəbhəsindəki təxribatlar Kremlin əməlidir



Havada barıt qoxusu var. Artıq iki zabitimiz bu qoxunu sinəsinə çəkərək Vətən uğrunda şəhid olub. Mənfur düşmənin isə təxribatları bitib-tükənmək bilmir. Cəbhədə vəziyyət getdikcə gərginləşir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumatlara görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 196 dəfə pozulub. Rəsmi Bakı isə müharibə anonsu verib.

Ermənistanın cəbhə bölgəsində, qoşunların təmas xəttində törətdiyi son hadisələri şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmas xəttində baş verənləri təxribat adlandırıb və müharibənin başlaması ehtimalını nəzəri baxımdan istisna etmədiyini deyib. ABŞ mətbuatı da Qarabağda müharibə ocağının alovlanmasına dair məlumatlar yayıb. Azərbaycan-Ermənistan sərhədində atəşkəsin intensiv olaraq pozulmasının və hər iki ölkənin silahlı qüvvələrinin toqquşmasının ilk səbəbkarının Ermənistan tərəfinin olduğunu bildirən "Turner Radio Network”un saytı erməni qoşunlarının sərhəddə duran Azərbaycan ordusuna hücum etdiyini bildirib. Toqquşma zamanı 39 nəfərin həlak olduğunu bildirən portal daha sonra qeyd edib: "Hərbi ekspertlərin fikrincə, müharibənin başlanması ehtimalı böyükdür. Türkiyə və ABŞ Azərbaycanı dəstəkləyəcək. Rusiya Ermənistanı dəstəkləyir və orada hərbi bazaları var”.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə isə "Şərq”ə açıqlamasında deyib ki, cəbhədəki gərginliyin artmasında hədəf Azərbaycan yox, məhz Amerikadır. Politoloq şübhə etmir ki, cəbhədəki gərginliyin arxasında Moskva dayanıb: "Kreml, açıq şəkildə Ukraynanı itirdiyini dərk edir. Bu səbəbdən də Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Yəni ki, Rusiya Ukraynadakı uğursuzluqlarını görərək Qərbə meydan oxumaq və Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir. Cəbhədə vəziyyətin gərginləşməsi də Kremlin Qərbə mesajıdır. Rusiya burdakı vəziyyəti gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin pozulması məhz bununla əlaqədardır. Cəbhədəki gərginliyin müharibə fazasına keçəcəyini isə güman etmirəm. Hər halda bu, bir xəbərdarlıq anonslarıdır. Əslində Ukrayna hadisələrindən sonra bu, gözlənilən məsələ idi. İndi gərək Qərb, Türkiyə hərəkətə gəlsin. Çünki Azərbaycanda Türkiyənin qonşu ölkə kimi, Qərbin isə Azərbaycanın iqtisadi müttəfiq kimi maraqları böyükdür. Cəbhə xəttinə rəhbərliyi Moskva edir, bu, yüz faiz belədir, ermənilər bunu dəfələrlə təsdiqləyib. Erməni ordusu Rusiyanın ordusunun bir hissəsidir. Ona görə burda nə baş verirsə, birbaşa Rusiyanı ittiham etmək lazımdır”.

V.Quluzadə hesab edir ki, Azərbaycan hər an düşmən hücumundan müdafiə olunmaq üçün tam hazırlıqlı olmalıdır: "Çox qəribədir ki, Azərbaycan bu təhlükəyə öyrəşib və özünü elə aparır ki, guya, hər şey qaydasındadır, heç bir təhlükə yoxdur. Elə indi biz bu barədə danışırıq, amma əhalimizin 90 faizinin situasiyanın gərgin olmasından xəbəri yoxdur, hərə öz işindədir”.

Politoloqun qənaətincə, Azərbaycan dərhal düşmənin cəbhə boyu hücum və təxribatları barədə beynəlxalq təşkilatlara müraciət etməli, BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması ilə bağlı müraciət etməlidir: "Rəsmi Bakı indiyə qədər niyə bu müraciəti etməyib, mən buna təəccüb edirəm. Düzdür, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Fransa və ABŞ-ın məsələyə münasibəti bəllidir, odur ki, fövqəladə toplantının çağırılacağı inandırıcı deyil. Üstəlik də, bunların xristian Ermənistanına qarşı bir simpatiyası var. Amma istənilən halda Bakı üzərinə düşəni etməli, diplomatik qaydada bütün addımları atmalıdır. Üstəlik də, Azərbaycan əsgəri baxımdan hər şeyə hazır olmalıdır”.

Şəymən