Məleykə Abbaszadə rektorları güzəştə çağırır

Hamlet İsaxanlı: “Ali məktəblərdə təhsilin səviyyəsi tələbənin topladığı balla müəyyən olunmur”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə özəl ali məktəbləri təhsil haqqında güzəştlərə çağırıb. Özəl ali təhsil müəssisələrinin əsasən humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirdiyini vurğulayan TQDK sədrinin sözlərinə görə, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən, bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur.

M.Abbaszadə bildirib ki, abituriyentlər ərizələrinin ilk yerlərində əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar: "2013-cü ildə sənəd verənlər arasında özəl ali təhsil

müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 5.02 faiz olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz olub. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər”.

"Xəzər” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə ali məktəblərin təhsil keyfiyyətinin tələbələrin qəbul imtahanlarında topladıqları balla ölçülməsinin doğru olmadığını deyib. TQDK sədrinin təhsil haqqı ilə bağlı güzəşt təkliflərinə gəldikdə isə H.İsaxanlı "Xəzər”də tələbələrə yetərincə güzəştlər edildiyini qeyd edib: "Şəxsən öz adımızdan deyə bilərəm ki, qabiliyyəti olan yüksək intellektli tələbələrə kifayət qədər güzəştlər edirik. Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin hər biri "Xəzər”də pulsuz oxuyur, ya da onlara çox böyük güzəştlər edilir. Bu prosesi biz hər il tətbiq edirik. Bir də ki, "özəl ali məktəblərdə oxuyan tələbələrin bilik göstəricisi kafi səviyyədən yuxarı deyil”, demək doğru deyil. Ali məktəblərə qəbul olan tələbələrin hamısı eyni səviyyəli olmur ki? Onlar arasında güclü, orta və zəif biliyə sahib olanlar olur. Bu da normaldır”.

Özəl universitetlərdə təhsilin keyfiyyətinin dövlət ali məktəblərindəki tədrisin səviyyəsindən aşağı olmasına gəldikdə isə H.İsaxanlı bu iddia ilə razılaşmadığını deyib: "Ali məktəblərdə tədrisin səviyyəsi heç də orada təhsil alan uşaqların qəbul imtahanlarında topladığı bal göstəriciləri ilə ölçülmür. Təhsilin səviyyəsi ali məktəblərin ideologiyası, proqramı, beynəlxalq fəaliyyəti və müəllim kontingenti ilə ölçülür. Əksər dövlət universitetləri yüksək balla daxil olan uşaqları yazıq edib, buraxılar. Amma bir neçə özəl ali məktəb var ki, ən aşağı bal toplamış tələbəni belə əsl kadr kimi yetişdirməyə qadirdir. Ən zəif tələbə belə müəllimlərin səyi ilə əziyyət çəkib, oxuyur. Sizi inandırım ki, BP-yə qəbul zamanı özəl ali məktəbə 300 balla daxil olan tələbə dövlət universitetinə 600 balla daxil olan tələbədən qat- qat yüksək nəticələr toplayaraq işə qəbul olunur. Ümumiyyətlə, Amerika alimlərinin də tədqiqatları göstərir ki, ali məktəblərin təhsil səviyyəsi tələbələrin qiymətləri ilə ölçülmür. Qəbul imtahanında tələbələrin göstərdiyi nəticələr uzağı bir il müddətində özünü göstərir. Bir ildən sonra isə hansı tələbənin qəbulda neçə bal topladığını müəyyən etmək olmur”.

H.İsaxanlının sözlərinə görə, ali məktəbləri fərqləndirən tələbələrə təqdim olunan tədris proqramlarının müasirliyidir: "Tələbələrin qabına nə töksən onu da içirlər. Bir var yüksək ballı tələbələrə dövlət universitetlərində müəllimlər köhnədən qalma, özlərinin yazdığı kitablardan dərs keçəsən. Bir də var 300 balla özəl ali məktəbə daxil olan tələbələrə Kembricin, Harvardın, Oksfordun təhsil proqramı təqdim olunsun. Məncə, məzun olduqdan sonra onlar arasındakı fərqi görməmək mümkün deyil”.

Dövlət universitetlərinə marağın niyə özəl ali məktəblərdən artıq olmasına gəldikdə isə professor bunu maliyyə problemləri ilə əlaqələndirib: "Tələbələrin dövlət ali məktəblərində pulsuz oxumaq şansı daha böyükdür. Dövlət universitetlərinin 8000 tələbəni ödənişsiz, 6000 tələbəni isə ödənişli götürmək imkanları var. Bizdə belə imkan yoxdur axı! Özəl ali məktəblər maksimum 100-200 tələbəni ödənişsiz oxuda və ya ona müəyyən güzəştlər edə bilər. Bu səbəbdən də qəbul imtahanlarında yüksək və ya orta bal toplayan tələbələrin əksəriyyəti dövlət universitetlərinə üstünlük verirlər. Başqa bir üstünlük yoxdur”.

Şəymən