Suriya çıxılmazlığı...

Şeyxülislam, özündən başqa demək olar ki, hamını günahlandırdı



Suriya mübhəmi nəhayət, dünən Qafqaz Müsəlmanları İdarəsində əsas müzakirə mövzusu oldu. Suriyada öldürülən azərbaycanlıların sayı günü-gündən artdığı, məzhəblər, təriqətlərarası qarşıdurmanın yüksəlməyə başladığı bir zamanda təbii ki, ictimaiyyət QMİ-nin, xüsusən də Şeyxülislam Allahşükür Paşazadənin Suriyada döyüşən azərbaycanlılarla bağlı mövqe sərgiləməsini gözləyirdi. Bu mövqe nümayişinin Suriyaya gedənlərin və getməkdə qərarlı olanların önünü kəsməyəcəyini ehtimal etsə də, ölkənin ali dini liderinin vəziyyətlə bağlı bir şərhi, izahı olmalıydı.

Amma ictimaiyyət yenə ala-yarımçıq izah aldı. Çünki Suriya çıxmazına münasibətdə Şeyxülislam, özündən başqa demək olar, hamını günahlandırdı. QMİ-də keçirilmiş tədbirdə səsləndirilmiş fikirlər əslində, Şeyxülislamın çıxılmaz durumda qaldığını, hansı tədbirlərə əl atılmalı olduğunu bilmədiyini göstərdi. Hər gün Suriyada öldürülən azərbaycanlılar haqqında yeni-yeni məlumatlar verilir, döyüşlərdə öldürülən azərbaycanlıların ailələri üçün sosial şəbəkələr vasitəsilə maddi vəsait toplanması kampaniyası keçirilir, təriqətlərə dəvət, şəhidliyə çağırış sədaları gəlir, müxtəlif dini icma nümayəndələri zərərli fikirlər yayır, getdikcə daha çox tərəfdaş toplayır və onları istədiyi istiqamətə yönləndirir, Qafqaz Müsəlmanları İdarəsi isə hələ indi nə etmək barədə düşünür. Yazıq bu ölkədəki islamın halına...

QMİ, şəhidlik dərsinə

"başladı” və cəza tələb etdi

Baxaq, dünən QMİ-də nədən danışılıb, hansı qərarlar verilib.

Birincisi, Şeyxülislam elan edib ki, QMİ Qazılar Şurası fətva hazırlayıb. Fətvada islamda cihad və şəhidlik izah edilir, bəzi vətəndaşlarımızın xarici ölkələrdə din adı altında vuruşması pislənir. Fətvanın mətni budur:

"İslam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı var, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şəhidlik fəlsəfəsinə görə, müqəddəs hədisi-şərifdə buyurulduğu kimi, Vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhadətin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlər cihad və şəhadət kimi islamda müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır. Əqidə, iman Vətən təəssübü ilə tamamlanmırsa, kamil deyildir, belə ki, Peyğəmbərimiz Məhəmməd Salavatullahın buyurduğu kimi, "Vətəni sevmək (qorumaq) imandandır”. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Məhəmməd (S) buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil. QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar. Biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, dövlətimizin "Dini etiqad azadlığı haqqında” qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir. Qazılar Şurası qərara alır ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar...”

İnsanın arına gəlir ki, 21-ci əsrdə, əhalisinin 95 faizi müsəlman olan bir ölkədə ali dini idarə vətəndaşlara hələ indi şəhidliyin, cihadın, əqidə, imanın, Vətən təəssübü çəkməyin mahiyyətini başa salmağa çalışır. Ağlamalıdır, vallah!..

Şeyxülislam: "Bu axının qarşısının alınması üçün nə edək?”

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət edəcək. Bu barədə dünən QMİ-də keçirilən tədbirdə Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd

edib ki, müraciət Azərbaycandan Suriya və digər münaqişə ocaqlarına guya din uğrunda mübarizəyə gedənlərlə bağlıdır: "Biz elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq nazirliyə göndərmək niyyətindəyik. Çünki dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır. Bunun qarşısını birlikdə almalı, fikirləşməliyik ki, bu axının qarşısının alınması üçün nə edək?” QMİ sədri müsəlmanların dini təriqətlərə parçalanıb, biri-birini aşağılmasını cinayət adlandırıb, muzdla döyüşməyin isə şəhadət sayılmadığını deyib: "Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki islamda dini təriqətlərə bölərək biri-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (s) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, islama qarşı yolverilməzdir”. Şeyx Qazılar Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: "Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.

Məmurlar və övladları hədəfdə

Şeyxülislam, çıxışında məmurları da hədəfə alıb, övladları ilə bağlı onlara müraciət edib: "İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”. QMİ sədri bəzi dini məzhəblər tərəfindən özlərinə qarşı təzyiqlər olacağını bildirib və Suriya və digər ölkələrə cihad adı altında döyüşməyə gedənlərlə bağlı verdiyi məlum fətvadan sonra bu cür halların artacağını gözləyirlər. O qeyd edib ki, artıq bəzi mətbuat orqanları, xəbər saytları neçə gündür, Suriya məsələsini qabardaraq QMİ-yə qarşı təzyiqlərin artmasına rəvac verib: "Hətta bəzi saytlar mənə qarşı hədyan sözlər də yazmağa başlayıb. Amma onlar bilsin ki, mən heç nədən qorxmuram. Onların çoxu cavandır, çox şeyi görməyiblər və məni yaxşı tanımırlar... Onlar əsl şəhidliyi görməyiblər. Mən ən azı 20 Yanvar faciəsində şəhidlərimizin canından necə keçdiyinin canlı şahidi olmuşam”. Şeyx deyib ki, Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var və bunlar xaricdə konkret mənbədən maliyyələşirlər: "Burada təxribat törətməyə çalışırlar. Ayıq-sayıq olmaq lazımdır”.

Axund və imamlardan yazılı hesabat: "Hara baxırsınız?”

Dünənki tədbirdə insanın "qulağını dələn” başqa açıqlamalar da olub. QMİ sədri son vaxtlar Suriya və başqa ölkələrə şəhadət arxasınca gedənlərlə bağlı Azərbaycandakı məscidlərdə imamlar və axundlar qarşısında tələb qoyub. Şeyxülislam bildirib ki, ölkədə şəhadətlə bağlı yanlış təsəvvürlər formalaşıb, bu məsələdə məscidlərdə moizə oxuyan axund və imamların da üzərinə böyük məsuliyyət düşür: "Bizim əsl şəhadət yerimiz olan Qarabağ qalıb kənarda, insanlarımız başqalarının çağırışlarına uyub başqa yerlərə gedirlər. Hara baxır bizim imam və axundlar? Mən bu gündən onlardan hər həftə yazılı hesabat tələb edəcəyəm! Axund və imamlarımız moizələrində əsl şəhadəti, şəhidliyi izah edərək insanlarımızı yanlış yollardan çəkindirməlidirlər. Onlar mənə yazılı hesabat verəcəklər!”

Dünən QMİ-də keçirilən tədbirin qısa xülasəsi budur. Xülasədən məlum olur ki, bugünədək QMİ nə şəhidlik, nə cihad, nə əqidə, iman barədə ölkə vətəndaşlarının maariflənməsi istiqamətində iş aparıb. Aparıbsa da, çox keyfiyyətsiz olub. Ona görə də vətəndaşlarımız yolunu azır, Qarabağ əvəzinə, Suriyaya gedib çıxırlar. Burada yenə də məşhur deyim yada düşür: Səndən sənə şikayətim var. Ölkədə dini maarifləndirmə, dini savad və biliklərin artırılması, insanların islam dininin əsl mahiyyətini, islamın bəşəriyyətə hansı dəyərlər qazandırdığını və daşıdığı ali məqsədi ölkənin ali dini idarəsi, onun sədri, müavinləri, ümumilikdə bu idarənin imam, axund təyin etdiyi şəxslər həyata keçirməli olduğu halda, QMİ sədri kimdən şikayətçidir, görəsən?! Deməli, dini ekstremizm yayanların qarşısı indiyədək alınmayıb. Bəzi vətəndaşlar fərqli təriqət rəhbərlərinin moizələrini QMİ-nin gününü yas mərasimləri və ya müxtəlif tədbirlərdə keçirən imam və axundlarının "nağıllarına” qulaq asmaqdan üstün tuturlar. Bütün bunlara görə, bir sıra rəsmi qurumlarla yanaşı, bilavasitə QMİ rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan telekanallarında

AzTV-də akademik Vasim Məmmədəliyevin 10 dəqiqəlik (insan bunu söyləməyə də utanır -red.) çıxışından savayı hansı dini veriliş var? Hansı telekanal həftədə bircə dəfə, dinə 1 saat vaxt ayırır?! Heç biri. Əvəzində şeytanın özünə badalaq gələnləri, "cin çıxardanları” dəvət edirlər, efirlərin "hakimi-mütləqi” olan müğənnilər də ilahiyyatçını olmazın söyüşlərlə təhqir edir. Kəlmeyi-şəhadəti bilənlərin olmasına şükür etməli haldayıq. Bu vəziyyətdə "niyə Suriyaya döyüşməyə gedirlər” sualını səsləndirməyin özü gülüncdür. Allah bizə kömək etməsə, nicatımız çətin olacaq.

Məlahət Rzayeva