Ağıya dönən çörək...

Tikintidə həyatını itirən fəhlələrin taleyinə biganəlik qalmaqdadır


İki gün öncə səhər saatlarında Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb. Hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib.

Hündürlükdən yıxılan şəxsin fəhlə olduğu bildirilir. Bir gün əvvəl isə Xətai rayonu Məzahir Rüstəmov küçəsində restoranlardan birində fasadın təmiri ilə məşğul olan fəhlə müvazinətini itirərək yıxılıb. Analoji hal bir neçə gün bundan əvvəl Azərbaycan Texniki Universitetində də yaşanmışdı. Çox təəssüf ki, bu cür bədbəxt hadisələrin siyahısını istənilən qədər uzatmaq olar.

Çünki tikintidə çalışanların bir çoxu hətta iş zamanı qoruyucu "kaska”lardan, təhlükəsizliyi təmin edən kəmər və digər qoruyucu vasitələrdən istifadə etmirlər. Nədənsə, işçilərin bu özbaşına əməllərinə şirkət rəhbərləri də göz yumurlar. Halbuki, işə rəhbərlik edənlər fəhlələrin qoruyucu təhlükəsizlik vasitələrindən istifadəsini onlardan tələb etməlidir. Bütün bunların nəticəsidir ki, tikinti sahəsində təhlükəsizlik problemi hələ də öz aktuallığını saxlayır.

Rəsmilər tikintidə təhlükəsizliklə əlaqədar baş verən problemləri sahibkarların məsuliyyətsizliyi və istifadə olunan təhlükəsizlik avadanlıqlarının lazımi keyfiyyətdə olmaması ilə əlaqələndirirlər. Mütəxəssislər isə bədbəxt hadisələrin ictimaiyyətə açıqlandığından daha çox olduğu qənaətindədir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov tikinti sahəsində təhlükəsizlik problemlərinin mövcud olmasında şirkət rəhbərlərilə yanaşı, işçilərin özlərini də günahkar bilib: "Tikintilərdə təhlükəsizlik məsələlərinə ümumən riayət olunmur. Düzdür, müvafiq qurumlar bu işin öz həllini tapması üçün müəyyən qədər işlər görür. Amma hələ də əksər tikinti şirkətləri işçilərinin təhlükəsizliyi məsələsinə biganə yanaşırlar. Bu da onların məsuliyyətsizliyindən irəli gəlir. Belə halların qarşısını almaq üçün düşünürəm ki, həm şirkətin rəhbər işçiləri, həm də fəhlələr arasında profilaktik söhbətlər aparılmalı, onların təhlükəsizlik kəmərləri və digər bu tip vasitələrdən istifadəyə meylləndirməliyik. Çünki bir sıra

hallarda fəhlələrin özləri belə təhlükəsizlik vasitələrini iş prosesində geyinməyi özlərinə rəva görmürlər. Şirkət rəhbərləri də bunu onlardan ciddi şəkildə tələb etmir. Belə vəziyyətdə sonda gətirib ölümlə nəticələnən bədbəxt hadisələrə səbəb olur. Amma bədbəxt hadisələrin bəzisi də işçinin öz səhhətindəki problemlərdən qaynaqlanır. Belə ki, sahibkar işçini işə götürərkən tibbi arayış tələb etmədiyindən, bəzən toz udmaq, ağır daş qaldırmaq fəhlənin səhhətinə ziyan vurur. Ola bilər işçi səhhətindəki problemi gizlətsin, amma sahibkar onu işə qəbul edərkən gələcək işçisinin sağlamlığından tam arxayın olmalıdır ki, sonra problemlə üzləşməsin”. Ekspertin fikrincə, tikinti şirkətlərində çalışan işçilərin hüquqlarını, o cümlədən təhlükəsizlik sahəsindəki hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarının yaradılması zəruridir. Liqa rəhbəri hesab edir ki, yalnız bu yolla fəhlələrin gündəlik işlərində qarşılaşdıqları problemlərin həllinə nail olmaq mümkündür.

Şəymən