AKP silaha da əl atır

“Onlar barələrindəki ən kiçik etiraza belə çox kəskin və aqressiya ilə cavab verirlər”


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) bələdiyyə sədrliyinə namizədləri arasında silahlı atışma olub. AKP-li başqan Yücəlin qohumu 30 yaşlı Osman Polad odlu silahla MHP bələdiyyə sədrliyinə namizəd Şahinin yaxınlarına atəş açıb.

Açılan atəş nəticəsində Şahinin 50 yaşlı dayısı Ümmət Bəyazid ağır yaralanıb. Davada digər şəxslər də xəsarət alıblar. Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Milli Məclisində AKP-li deputatlarla müxalif vəkillər arasında yumruq-təpik davası düşmüşdü. Həmin davada da ilk hücum edən hakim partiyanın nümayəndələri idi.

Son zamanlar Ərdoğan hökumətinin nəzərə çarpacaq dərəcədə aqressivləşdiyini deyən politoloq Qabil Hüseynli bunun səbəblərini belə açıqlayıb: "Gəzi Parkı və rüşvət olaylarından sonra AKP-nin reytinqi sürətlə aşağı düşməyə başladı. Bu müddət ərzində partiya sıralarını tərk edənlərin sayı da çoxaldı. Artıq partiya nümayəndələri başa düşürlər ki, qarşıdakı seçkilərdə qalib gəlmək imkanları çox deyil. Ona görə də, partiya sədrindən tutmuş, rayon təşkilatlarının rəhbərlərinə kimi bütün AKP-çilər böyük bir panika içərisindədir. Onlar barələrindəki ən kiçik etiraza belə çox kəskin və aqressiya ilə cavab verirlər. Həm parlamentdəki dava, həm də MHP nümayəndəsi ilə bu cür silahlı toqquşma da AKP-nin tənəzzül dövrünü göstərən amillərdir”.

Q.Hüseynli qeyd edir ki, hakim partiya əlindəki güclü propoqanda maşınından - mediadan istifadə edərək müxalifətə qarşı əks-təbliğat aparır: "İlk atəş açan AKP-li namizəd olsa da, iqtidar mediası olayı ictimaiyyətə yanlış təqdim edərək müxalifəti suçlayır. Elə ana müxalifət partiyası CHP-nin özünə qarşı da ciddi təbliğat aparılır. Bu partiyanın nümayəndələri ağızlarından bir söz çıxaran kimi onu yüz yerə yozaraq, CHP-ni gözdən salmağa çalışırlar. Bir sözlə, AKP-nin aqressivləşməsinin təməlində partiyanın getdikcə nüfuzdan düşməsi dayanır”.

İsmayıl