Artur Rəsizadə müdafiə nazirliyinə niyə gedib?

Zahid Oruc: “Bu iclas, bilavasitə Ali Baş Komandanın tapşırığı ilə reallaşıb”
Üzeyir Cəfərov: “Müharibədən söhbət belə gedə bilməz”


Yanvarın 28-də Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların

yerinə yetirilməsi ilə əlaqədar keçirilən toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzminin qiymətləndirildiyi bildirilib.

Müşavirə keçirildikdən sonra cəmiyyətdə belə bir fikir yayılıb ki, Azərbaycan tərəfi Ermənistanla müharibəyə hazırlaşır.

Bir çox ekspertlər tərəfindən də bu tədbir son günlər cəbhə xəttində olan gərginliklə əlaqələndirilir və müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilir. Doğrudan da, ölkədə müdafiə təhlükəsi varmı?

Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə baş nazirin rəhbərliyi ilə müdafiə nazirliyində keçirilən müşavirənin birbaşa prezidentin təlimatları əsasında həyata keçirildiyini bildirib:

"Silahlı Qüvvələrdə edilən bəlli dəyişikliklərdən sonra hökumətin üzərində daha mühüm vəzifələr var. Çünki nazirliyin yenidən strukturlaşması, islahatların dərinləşdirilməsi, resurslara yenidən baxılması və bütün səfərbərlik imkanlarının əhatə olunması zəruri tapşırıq olaraq aidiyyəti qurumların qarşısına qoyulub. Bu baxımdan, baş nazirin müdafiə nazirliyində keçirdiyi toplantı heç də cari xarakter daşımır. Bu iclas bilavasitə Ali Baş Komandanın tapşırığı ilə reallaşıb. Bu müşavirəni sırf müharibəyə hazırlıq kimi səciyyələndirmək doğru olmazdı. Zənnimcə, bu müzakirələr hərbi imkanlarımızı dəyərləndirmək və cəbhədəki gərginliyi göz altına almaqla hökumətin bu yöndə görəcəyi işləri xarakterizə etməkdən ibarətdir. Söhbət təkcə Silahlı Qüvvələrdən getmir, bu müşavirəni digər nazirliklərin də fəaliyyətini bu istiqamətdə koordinasiya etmək gərəkliyinə yönəlik bir tədbir kimi qiymətləndirmək daha doğru olardı”.

Baş nazirin iştirakı ilə Müdafiə Nazirliyində bu cür müşavirələrin çox az hallarda keçirildiyi fikri ilə razılaşan millət vəkilinin sözlərinə görə, əksər hallarda bu cür müzakirələrin prezidentin yanında və təhlükəsizlik qurumunun dar çərçivəsində keçirilməsinin şahidi olmuşuq: "Budəfəki müşavirənin baş nazirin rəhbərliyi ilə keçirilməsi göstərir ki, Müdafiə Nazirliyi fəal bir şəraitdə, böyük döyüş ruhu ilə ölkəmizin problemlərinə müqavimət göstərməkdədir. Deməli, cəbhədəki gərginlik ölkəmizdə heç bir xof yaratmayıb və hökumətin işini əngəlləməyib. Bir şeyi də xüsusi qeyd etmək istəyirəm ki, hərbi toplantıların və səfərbərlik hallarının əhali tərəfindən müharibə siqnalı kimi qarşılanmasına mövqeyimiz birmənalı deyil. Səfərbərlik o demək deyil ki, hər kəs mülki həyatlarından dərhal ayrılıb, hansısa təlimlərə qatılmalıdır, siyasi partiyalar fəaliyyətini dayandırmalıdır, media nəzarətə götürülməlidir. Hər halda, şərti də olsa, gələcək təhlükələrə hazırlıqlı olmaq üçün dövlət əlindəki resursların miqdarını bilməlidir”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə baş nazirin rəhbərliyi ilə müdafiə nazirliyində müşavirənin keçirilməsinin müharibəyə hazırlıqla heç bir əlaqəsi olmadığını deyib: "Müharibənin heç ab-havası da yoxdur. Sadəcə, baş nazir o qədər gec-gec Müdafiə Nazirliyi ilə görüş keçirir ki, cəmiyyətdə onun müşavirəsi ajiotajla qarşılanıb. Ümumiyyətlə, Artur Rəsizadənin müharibə ilə bağlı hər hansı bir qərar qəbul etməsi mümkün deyil. Bu qərarı yalnız ölkə rəhbəri qəbul edə bilər. Yalnız Ali Baş Komandan Silahlı Qüvvələrlə bağlı göstərişləri verir və bu göstərişlər yerinə yetirilir”.

Ü.Cəfərovun sözlərinə görə, nəinki Azərbaycan, heç Ermənistan dövləti də hazırkı şəraitdə müharibə haqqında düşünmür: "Nə Azərbaycanda, nə də Ermənistanda heç bir müharibə əhval-ruhiyyəsi yoxdur. Bunu da şərtləndirən bir xeyli məqamlar var. Bu məqamlardan biri ondan ibarətdir ki, yaxın günlərdə ölkə başçıları Soçidə görüşəcəklər. O cümlədən bir sıra tədbirlər var ki, bütün bunların planlaşdırıldığı bir zamanda müharibədən söhbət belə gedə bilməz. Nəzərə alsaq ki, Azərbaycan iri layihələr imzalayıb iqtisadiyyatın gücləndirilməsi üçün xeyli yatırımlar edib. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan tərəfi müharibəni başlamaq niyyətində deyil”.

Şəymən